Bəy qızının arzusu gerçəkləşib! Məryəm Zöhrabbəyova Şuşadakı ata evinə gedib – FOTO
Məryəm xanım Zöhrabbəyova – Şuşanın qədim bəy nəslinin nümayəndəsidir. Onun üçün Şuşa sadəcə söz deyil, uşaqlığını keçirdiyi doğma şəhəridir.
O, uzun illər doğma yurd-yuvasını, ata ocağını yenidən görmək arzusunda idi. Və nəhayət, 2020-ci ilin noyabrında Şuşa Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildikdən sonra Məryəm xanımın bu arzusu gerçəkləşdi.
“Qalx, Şuşaya gedirik!”, – Məryəm xanım şəhər işğaldan azad edilən günün səhəri nəvəsinə deyib. Həmin vaxt 90 yaşı olmasına baxmayaraq, o, dərhal yola çıxmağa hazır idi.
Və artıq çoxdan gözlənilən an gəldi. Ötən gün Məryəm xanım ailəsi ilə birlikdə doğma torpağına ayaq basıb, uzun illər gedə bilmədikləri doğma yurdlarını görə bilib.
“Nənəm bu anı çox gözləyirdi. Hətta səyahətdən əvvəlki gecə həyəcandan yata bilmədi. Məryəm xanım təbiətcə çox sakit insan olsa da, yolda onu emosiyalar bürüyürdü və hər yarım saatdan bir soruşurdu ki, tezliklə Şuşaya çatacağıq?”- Məryəm Zöhrabbəyovanın nəvəsi Ziyad deyir.
Şuşadakı ailə evi mədəni və memarlıq irsi ilə maraqlananların çoxuna tanışdır. Bu üçmərtəbəli evi şəhərin demək olar ki, bütün nöqtələrindən görmək olar.
Ziyadın dediyinə görə, onlar evlərini belə tapıblar: “Nənə mənə dedi - gedək Cıdır düzünə, oradan evimiz hər nöqtədən görünür. Və belə də oldu - həqiqətən, bu evi oradan görməmək mümkün deyil”.
“Evin həyətinə girəndə nənəm çox kövrəldi. Məlum oldu ki, o, evini belə acınacaqlı vəziyyətdə görəcəyini gözləmirdi”, - Ziyad deyir. “Kənardan fasad gözəl görünür, amma içəridən...”
“İlk növbədə nənəm bizə nəyin harada, necə olduğunu söyləməyə başladı. Evin içində Məryəm xanım diqqətimizi zirzəmi kimi yeraltı mərtəbəyə çəkdi. Əvvəllər orada soyuducu əvəzinə ərzaqlar saxlanılırdı.
Nənəm göz yaşları içində atasının xüsusi olaraq dəvət etdiyi Türkiyədən və İrandan gələn ustaların bəzədiyi gözəl taxta pilləkənlərdən, bu evin məşhur olduğu şəbəkə tipli vitrajlardan danışdı. Təəssüf ki, bu pəncərələrdən heç bir əlamət qalmayıb...” - Ziyad deyir.
Səfərdən fotolar Zöhrabbəyovlar ailəsi tərəfindən təqdim olunub
Ailə 1930-cu illərin sonlarında əyinlərində sovet forması olan kişilərin evə soxularaq və oranı qarət etdikdən sonra ata ocağını tərk etmək məcburiyyətində qalır.
“Onlar bizə - qolçomaqlar deyə, qışqırdılar! Hər şeyi alırıq ki, onlara heç nə qalmasın”, – Məryəm xanım 1news.az-a verdiyi müsahibə zamanı xatirələrini bölüşüb.
“Onlardan biri dördüncü mərtəbədəki eyvandan qaynayan samovarı kobudcasına təpiklədi... Apara bildikləri hər şeyi – bütün xalçalarımızı, qab-qacaqlarımızı, hətta yataq dəstlərimizi apardılar...” - o, kədərlə dedi.
Bu hadisədən sonra ailə qərara gəlir ki, daha Şuşada yaşaya bilməyəcəklər. Bu, onlara çox dərin zərbə olur. 1940-cı ildə isə ailə Məryəm Zöhrabbəyovanın bütün ömrünü keçirdiyi Bakıda məskunlaşdı. O, zadəgan mənşəli olmaqla yanaşı, 50 ildən artıq Azərbaycan Dövlət Radio və Televiziyasında çalışaraq ölkəmizdə ilk qadın redaktor kimi də tanınır.
Sovetlər dönəmində Zöhrabbəyovlar ailəsindən alınan Şuşadakı ev yerli rəsm qalereyasına çevrilir. Erməni işğalının bütün dövründə də ev qorunub saxlanılıb, lakin erməni KİV-lərinin məlumatlarına əsasən, həmin illərdə də ev acınacaqlı vəziyyətdə olub.
“Biz Şuşada olanda nənəm deyirdi ki, uşaqlıq evini Sovet hakimiyyəti dövründə deyil, məhz müstəqil Azərbaycan dönəmində, doğma şəhəri yenidən azad olandan sonra yenidən görmək ona qismət olduğu üçün çox şaddır”, - nəvə deyir.
Məhz Ziyad yaşının az olmasına baxmayaraq, ailənin tarixinə qərq olaraq,10 ilə yaxındır ki, nəslin tarixi, Şuşadakı məşhur Zöhrabbəyovlar evi haqqında məlumat toplayır, nənəsinin xatirələrini lentə alır. O, əfsanəvi ailənin xatirəsini davam etdirmək üçün bütün arxivi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək niyyətindədir.
Səfərdən fotolar Zöhrabbəyovlar ailəsi tərəfindən təqdim olunub
Məryəm xanım başda olmaqla, Zöhrabbəyovlar ailəsinin doğma şəhərə səfəri Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin köməyi sayəsində mümkün olub. Ailə üçün təkcə ata evinə deyil, həmçinin şəhərin digər əlamətdar yerlərinə - Şuşa qalasına, Cıdır düzünə, Gövhər ağa məscidinə, Bülbülün ev-muzeyinə və s. yerlərə ziyarətlər təşkil olunub.
Ziyadın dediyinə görə, nənəsinin də Cıdır düzü ilə bağlı xatirələri var: Məryəm xanım hələ balaca ikən başqa uşaqlarla birlikdə buraya gül toplamağa gəlirmiş.
“Təsadüf elə gətirdi ki, Şuşaya səfərimiz zamanı burada çoxlu çiçəklər var idi və biz nənəm üçün kiçik bir gül dəstəsi topladıq. Bu, ona çox xoş oldu. Bu səfərin hər bir detalı əbədi olaraq bizim xatirəmizdə qalacaq”, - Ziyad deyir.
Foto mənbə: Karabakh Center
Mövzu ilə əlaqədar oxuyun:
Erməni jurnalistlərin Bakı səfəri ilə bağlı sözardı: Şəxsən siz sülh istəyirsiniz?
26 yaşında çıxdığı kəndə 54 yaşında qayıtdı – Kəlbəcərin Əsrik kəndindən REPORTAJ - FOTO
Tarixi hadisə: AZAL-ın ən böyük təyyarəsi olan “Qarabağ” Füzuli hava limanına endi - FOTO
Azərbaycanlı jurnalistlər, eləcə də 1news.az-ın müxbiri Dağlıq Qarabağda olub – FOTO
Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərləri müzakirə olunub - VİDEO
“Həyatımda heç vaxt azərbaycanlı ilə qarşılaşmamışam...” – Yerevandan reportaj – FOTO