“Həkim kimi işləmək üçün doğma Şuşama gedəcəyəm!”: Xudadad bəy Əzizbəylinin nəvələrinin xatirələri – FOTO
Şuşa şəhərinin azad edilməsi, onun bərpası haqqında xəbərlər hər bir azərbaycanlı üçün əzizdir. Qarabağla bağlı uşaqlıq və gənclik xatirələri olanların, ailə tarixi bu torpaqdan qaynaqlanan şəxslərin hissləri isə tamamilə fərqlidir.
Belə ailələrdən biri də tanınmış şuşalı Xudadad bəy Əzizbəylinin (sonradan Əzizbəyov) nəslidir. Bu tanınmış qarabağlı maarifçi və pedaqoq XX əsrin əvvəllərində geniş xalq kütlələrinin savadlanmasına çalışırdı.
Xudadad bəyin nəvələri olan Gülarə Musayeva, Dilarə Hüseynova, Solmaz İbrahimova və Lalə İsgəndərova 1news.az-a Azərbaycanda təhsil və maariflənmənin inkişafına böyük töhfə vermiş öz əfsanəvi babaları haqqında danışıb, həmçinin bu yaxınlarda səfər etdikləri Şuşadakı ailə evləri haqqında xatirələrini bölüşüblər.
“Məni Şuşa ilə uşaqlıq dövrümün ən parlaq və xoş xatirələri bağlayır. Səbirsizliklə gözləyirdik ki, yay gəlsin, nənəmizə baş çəkmək üçün Cıdır düzünün yaxınlığında yerləşən evimizə gedək. Bu gözəl, tağları olan evdən gözəl mənzərə açılırdı”, - Gülarə Musayeva danışır.
“Həyətdə böyük tut ağacı var idi. Qonşu uşaqlarla birlikdə bu ağaca dırmaşmağı xoşlayırdıq”, - o əlavə edib.
“Uşaqlıq dövründə Şuşadakı məişət şərtləri indi öyrəşdiyimiz kimi deyildi. Şəhərdə elektrik enerjisi olsa da, qaz yox idi. Suyu ikinci mərtəbəyə vedrələrlə qaldırırdıq. Amma bu bizi qətiyyən narahat etmirdi”, - ortancıl bacı Dilarə Hüseynova əlavə edir.
“Həftədə 1 dəfə nənəmizlə hamama gedər, sonra evin balkonunda samovar çayı içərdik. Bundan böyük zövq alırdıq”, - o deyir.
Bakıda anadan olmasına baxmayaraq, ailənin kiçik qızı Solmaz İbrahimova özünü əsl şuşalı hiss etdiyini deyir. Buna səbəb, onun Şuşaya gedən hər kəsə yol yoldaşı olması və burada bacılarından daha çox vaxt keçirməsidir.
“Bu şəhər mənim üçün xüsusi əhəmiyyətə malikdir. Oranın ab-havası fərqlidir. Şuşa həqiqətən də Azərbaycanın ürəyidir. Hətta bu gün yarıdağıdılmış vəziyyətdə olsa belə, şəhər öz xarizmasını qoruyub saxlamağa nail olub”, - o deyir.
Ailədə zarafatca deyirlər ki, “Solmaz Şuşanın dəlisidir”.
2020-ci ilin noyabrında şəhərin azad edilməsi və Azərbaycanın müharibədə qələbə qazanmasından sonra ixtisasca revmatoloq-həkim olan Solmaz İbrahimova Şuşa Rayon İcra Hakimiyyətinin yerli nümayəndəliyinə ərizə ilə müraciət edərək, Şuşaya köçməyə və orada həkim kimi fəaliyyət göstərməyə hazır olduğunu bildirib.
Solmaz uşaqlıq dövrünün sevimli şəhərində sonuncu dəfə ailəsi ilə 1988-ci ildə olub. O xatırlayır ki, həmin vaxt artıq şəhərdə vəziyyət gərgin idi.
“Həmin səfər zamanı xeyli stress keçirdik. Atam Xankəndidə yaşayan dostugilə qonaq getmişdi. Artıq gecə düşmüşdü, amma o, hələ də gəlib çıxmamışdı. Heç kim yata bilməyəcəkdi, ona görə də maşın tapıb atamın arxasınca getdik. Atamın dostunun evini çətinliklə tapdıq. Həyət-həyət gəzdikcə şəhərdə yaşayan ermənilər bir az hay-küy qaldırmışdılar. Onlar kobud şəkildə deyirdilər ki, çıxıb gedək”, - Solmaz danışır.
“Həmin vaxt Qarabağda azərbaycanlıların milli zəmində qətlə yetirilməsi halları baş verdiyindən çox əsəb keçirirdik. Atamı tapanda, o yatmışdı. O, cəbhədə vuruşmuşdu və həyatda ümumiyyətlə heç nədən qorxmurdu”, - o gülərək əlavə edib.
Bacılar 33 il sonra, bu ilin yazında Şuşaya səfər ediblər. Çətinliklə olsa da evlərini tapa bildilər. Evin ətrafını kol-kos basdığından yaxınlaşmaq mümkün olmasa da, onun fonunda xatirə şəkli çəkdirə biliblər.
Şəkildə: Şuşa səfəri, 2021-ci ilin oktyabr ayı
XX əsrin tanınmış maarifçisi Xudadad bəy Əzizbəyli (1894-1957) ailədə hörmətlə anılır.
Qarabağ mədəniyyətimizə şairə Xurşudbanu Natəvan, bəstəkar Üzeyir Hacıbəyli, opera müğənnisi Bülbül və digərləri kimi parlaq istedada malik şəxsiyyətlər bəxş etsə də, ümumilikdə əhali savadsız idi.
Təhsil səviyyəsini artırmaq və onu daha çox insan üçün əlçatan etmək ideyası həmin dövrün ziyalılarını birləşdirirdi. Mədəniyyət xadimləri və ictimai xadimlər təhsillərindən və fəaliyyət sahələrindən asılı olmayaraq, məktəbdə dərs deməyi özlərinə borc bilirdilər.
Xudadad bəy də bütün həyatını təhsilə həsr edib. Bacılar danışır ki, tədrisin rus dilində təşkil edildiyi Şuşadakı Real məktəbinin məzunu olan Xudadad bəy 1916-cı ildə bir neçə məsləkdaşı ilə birlikdə maarifçi cəmiyyət yaratmışdı. Onun məqsədi həmin vaxt Qarabağda əsas tədris müəssisələri olan dini məktəblərin və mədrəsələrin əvəzinə dünyəvi məktəbləri təşviq etmək idi.
Tezliklə cəmiyyət rəsmi status aldı və “Rəşad” (ərəb dilindən tərcümədə “düzgün yol”) adlandırıldı. Rəsmi fəaliyyətə keçdikdən sonra cəmiyyətin üzvlərinin sayı 300 nəfərə çatdı, dram dərnəklərinin yaradılması, tamaşaların səhnələşdirilməsi və müxtəlif mədəni tədbirlərin keçirilməsi imkanı yarandı.
1917-ci ildə o, valideynsiz və evsiz uşaqlar üçün “Rəşadiyyə” adlı məktəb açdı. Məktəbin 40 şagirdi məktəb formaları, geyim, gündəlik yemək və məktəb ləvazimatları ilə təmin edilirdi.
Ailə üzvləri danışır ki, bəy nəslindən olan digər silahdaşlarından fərqli olaraq, babaları sovet hakimiyyəti qurulduğu zaman repressiyadan qurtula bilmişdi. Onun dostu və məsləkdaşı Ruhulla Axundov “xalq düşməni” kimi güllələnmişdi. “Русский язык и литература в Азербайджане” (“Azərbaycanda rus dili və ədəbiyyatı”) jurnalının Xudadad bəy Əzizbəylinin anadan olmasının 110 illiyinə həsr olunmuş məqaləsində yazılır ki, o, bu hadisəni “Azərbaycan xalqına böyük zərbə” adlandırmışdı.
Şəkildə: Xudadad bəy Əzizbəyli
Peşəsi və istedadı sayəsində Xudadad bəy repressiya və ya edamdan qurtula bilmişdi. Sovet hakimiyyəti dövründə ona ehtiyac var idi. Pedaqoji təcrübəsi, həm Azərbaycan, həm də rus dillərini mükəmməl səviyyədə bilməsi yeni hakimiyyətin, xüsusilə də hərbçilər arasında savadsızlıqla mübarizə sahəsində ona ehtiyac duymasını şərtləndirirdi.
Xudadad bəy “Kəndçi”, “Kommunist” və “Бакинский рабочий” (“Bakinski raboçiy”) qəzetlərində, daha sonra isə “Azərnəşr” nəşriyyatında jurnalist kimi fəaliyyət göstərmişdir. O, dünya ədəbiyyatı klassikasının çoxsaylı əsərlərini (Qoqolun “Ölü canlar”, Cek Londonun “Ağ diş” və “Əcdadların harayı”, İvan Qonçarovun “Adi əhvalat”, Rabindranat Taqorun “Fəlakət” və s.) Azərbaycan dilinə tərcümə etmişdir. O həmçinin şeir və hekayələr müəllifi idi.
1940-cı illərdə Xudadad bəy respublikanın təhsil sistemində rəhbər vəzifələrdə çalışmışdı. Lakin özünün ən böyük nailiyyəti kimi o, dialekt və şivə sözlərin də daxil olduğu Azərbaycan-rus dilləri lüğətini hesab edirdi.
Bu işin üzərində o uzun illər çalışmışdı. Bu zaman o, həmin vaxt çox tələb olunan V.Dalın və digərlərinin lüğətlərinin struktur xüsusiyyətlərini araşdırmışdı. Artıq Xudadad bəyin vəfatından sonra, 1965-ci ildə dərc edilmiş bu lüğət indiyədək Azərbaycan və rus filologiyasının öyrənilməsi ilə məşğul olan şəxslərə yaxşı tanışdır.
Xudadad bəy Əzizbəylinin maarifpərvərlik ruhu özünü ailə mühitində də göstərmişdir. Nəvəsi Gülarə Musayeva valideynlərinin xatirələrinə əsasən danışır ki, təhsil ailədə hər kəs üçün, o cümlədən qadınlar üçün məcburi idi.
“Xudadad bəyin bütün qızları ali təhsilli idi və həkim kimi fəaliyyət göstərirdilər. Bacısı mühasib idi. Öz dövrü üçün bu, böyük tərəqqi idi”, - Gülarə xanım deyir.
“Tamamilə savadsız bir qız olan nənəmizi də o, Savadsızlıqla Mübarizə Komitəsinin kurslarına yazdırmışdı. Burada o oxumağı və yazmağı öyrənmişdi. Xudadad bəy istəyirdi ki, ailədə hamı savadlı olsun”, - Gülarə xanım danışır.
Dövrünün reallıqları fonunda babalarının mütərəqqi ruhu özünü həm də qızların öz talelərini özlərinin həll etməsində, peşə və həyat yoldaşı seçimində sərbəst olmalarında özünü göstərir.
Solmaz İbrahimovanın sözlərinə görə, ailədə “Ağa” və mütləq “Siz” sözləri ilə müraciət edilən Xudadad bəyin tərəqqipərvər baxışları hələ də stererotip və köhnəlmiş ailə sisteminin hakim olduğu, hiss və emosiyaların nəzərə alınmadığı öz dövrünün cəmiyyəti ilə müqayisədə xeyli irəli getmişdi.
Öz dövrünə uyğun olmayan sərbəstliyin mövcud olduğu Xudadad bəy Əzizbəylinin evində ailə amilinə hər zaman xüsusi diqqət ayrılırdı. Lalə İsgəndərova deyir ki, ailə birliyi, dəstək və həmrəylik hissi nəsildən-nəslə ötürülüb və bu gün də gənclərə aşılanır.
“Bizim üçün ailə sevgisi çox vacib amildir. Həm xoş, həm də pis günlərimizi hər zaman birlikdə keçirmişik. Bizə ailə birliyi və dəstəyi hissi aşılanıb. Ailə amili bizi hər zaman birləşdirib. Bu hiss uşaqlıq dövründən bizdə kök atıb və bu gün bu hissləri öz uşaqlarımıza və nəvələrimizə ötürürük”, - Lalə xanım deyir.
Şəkildə: Xudadat bəy Əzizbəyli (1952-ci il) və Şuşadakı ev
Hazırladı: Yelena Ostapenko
FOTO: Nadir İbrahimli
Bir neçə şəkil ailə tərəfindən təqdim edilib.