“Qarabağın hava qapısı”na tarixi səfər – Fərqli hisslər yaşadan təyyarə elanı – Jurnalistin qeydləri - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Köşə

“Qarabağın hava qapısı”na tarixi səfər – Fərqli hisslər yaşadan təyyarə elanı – Jurnalistin qeydləri - FOTO - VİDEO

Qafar Ağayev10:47 - 07 / 09 / 2021
“Qarabağın hava qapısı”na tarixi səfər – Fərqli hisslər yaşadan təyyarə elanı – Jurnalistin qeydləri - FOTO - VİDEO

Sentyabrın 5-i Füzuli Beynəlxalq Hava limanında əlamətdar hadisə baş verdi.

Hava limanının istismara verilməsindən əvvəl, Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra edib.

Simvolik məqam ondan ibarətdir ki, həmin təyyarə "QARABAĞ" adını daşıyır.

Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də sentyabrın 5-i Füzuli hava limanına eniş icra edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil etdi.

Sərnişin təyyarəsində media nümayəndələri, bloggerlər və AZAL-ın rəsmi şəxsləri vardı.

1news.az İnformasiya Agentliyinin əməkdaşı olaraq mənə də bu tarixi səfərdə iştirak etmək qismət oldu.

Füzuli Beynəlxalq Hava limanına bilet...

Redaktorum iş həftəsinin sonunda – cümə günü bizə yazaraq bazar günü səfərlə bağlı məlumat verdi, ancaq səfərin haraya və saat neçədə olacağından məlumatımız yox idi. Şənbə günü isə səfərin tarixi və istiqamətinin Füzuli Beynəlxalq Hava Limanına olduğu bəlli oldu. Səfərin istiqaməti bəlli olandan sonra, səbrsizliklə saatları gözləyirəm. Bu səbrsizlik ona görədir ki, işğaldan azad olunmuş ərazilərimizə ilk dəfə səfər edirəm. Deyildiyi kimi, saat 9 tamamda Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanında oluram. Bir neçə dəfə təyyarəyə minsəm də, hava limanında qeydiyyatdan keçsəm də, bu dəfə tamamilə fərqli hisslər keçirirəm, sevinclə həyəcan bir-birinə qarışır.

Məlumatverici lövhələrdə Füzuli Beynəlxalq Hava Limanının adını görmək isə adamı qürurlandırır. Qeydiyyatdan keçirəm və uçuş üçün biletimi alıram.

Bizə məlumat verilir ki, səfər edəcəyimiz “Airbus 340-500” təyyarəsi AZAL-ın arsenalında olan ən böyük təyyarədir. Bu təyyarə də simvolik olaraq “Qarabağ” adlandırılıb. Eyni zamandan sınaq uçuşunda “Boeing 747-400” təyyarəsi də Füzuli Hava Limanına yükləri çatdırır.

Qeydiyyatdan keçəndən sonra gözləyirik, təyyarəmiz 10:30-da Bakıdan havaya qalxacaq. Təyyarəyə daxil oluram, yerim pəncərə kənarında - 20 A. Yerimin pəncərə kənarı olması məni daha da sevindirir, çünki işğaldan azad olunmuş ərazilərimizi az da olsa səmadan seyr etmək şansım olacaqdı.

Təyyarənin göyərtəsinə daxil oluruq, hamı bu tarixi səfərlə bağlı həddindən artıq sevinclidir. 28 ildən çoxdur həsrətində olduğumuz Füzuliyə gedirik axı, özü də təyyarə ilə.

Bəli, təyyarə ilə, tarixə nəzər salsaq görərik ki, tarix boyu qələbə qazanan dövlətlər, heç də bərpa işini sürətlə həyata keçirə bilmir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti sübut etdi ki, qısa müddətdə necə böyük işlər görmək olar. Bizim təyyarəmiz məhz, təməli yanvar ayında qoyulan hava limanına enəcəkdi.

Fərqli hisslər yaşadan təyyarə elanı

Səbrsizlə gözlədiyimiz elan gəlir, “3005 saylı Bakı-Füzuli istiqamətində uçuşu yerinə yetirən “Airbus 340-500” təyyarəsində sizi salamlayırıq”- deyə, elanda qeyd olunur. Bu elan bəlkə də həyatımızda eşitdiyimiz elanların ən mükəmməlidir. Ötən il bu vaxtlarda kimə deyilsəydi ki, gələn il torpaqlarımız işğaldan azad olunacaq, ümidimiz olsa da, müəyyən qədər şübhə ilə yanaşardıq. Bəli, bu reallaşdı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində Ermənistanı ordusunu məğlub edərək torpaqlarımızı işğaldan azad etdi.

Həmkarımla Azərbaycanın əldə etdiyi uğurlardan, Qarabağda sürətlə davam edən yenidənqurma işlərindən danışırdıq ki, “Xanımlar və cənablar Qarabağa xoş gəlmisiniz, Füzuli Beynəlxalq Hava Limanına xoş gəlmisiniz” – deyə, növbəti elan səsləndi.

Bu elanın ardından, təyyarənin göyərtəsində alqış səsləri yüksəlir. Hamı səbrsizliklə qapıların açılmasını və işğaldan azad olunmuş ərazilərimizə ayaq basmağı gözləyir. Qapılar açılır və növbə ilə çıxırıq, qarşımızda müasir görkəmli, möhtəşəm bir hava limanı var. Cənab Prezident İlham Əliyev bu möhtəşəm hava limanını məhz “Qarabağın hava qapısı” adlandırıb.

“Bizim keçirdiyimiz bu möhtəşəm hissləri sözlə ifadə etmək çətindir”

Bu tarixi səfərin iştirakçılarını salamlayan, ilk sınaq uçuşunun həyata keçirilməsinə münasibət bildirən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev dedi ki, bu möhtəşəm səfərdə iştirak edənlərin keçirdiyi hissləri sözlə ifadə etmək çox çətindir.

“Ali Baş Komandan İlham Əliyevin "Qarabağın hava qapısı" adlandırdığı Füzuli Beynəlxalq Hava Limanına “Qarabağ” adını daşıyan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A 340-500" sərnişin təyyarəsi və ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi texniki uçuşlarını həyata keçiriblər.

“Cəmi 1 il əvvəl bu torpaqlarımız işğal altında idi, 11 ay əvvəl bu torpaqlarda qızğın döyüşlər gedirdi. Bugünkü hissləri bizə yaşadan Ali Baş Komandanımıza, Azərbaycan Ordusuna öz minnətdarlığımızı bildiririk. Qarabağa xoş gəlmisiniz!”- Eldar Hacıyev qeyd etdi.

E.Hacıyev qeyd edib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə artıq Şərqi Zəngəzur bölgəsində iki hava limanının da inşasına başlanıb: “İnşallah, növbəti illərdə Şərqi Zəngəzurdakı həmin hava limanlarının açılışında da birgə iştirak edəcəyik”.

Tarixi uçuşu həyata keçirən pilot

Füzuli Beynəlxalq Hava Limanına uçuş icra edən “Boeing 747-400” tipli hava gəmisinin kapitanı Rasim Əşrəfov dedi ki, hava limanında uçuş sxemi çox əlverişli və rahatdır:

“Hər şeydən əvvəl mən azərbaycanlı pilot kimi qürur və fəxr hissi keçirirəm. Nəhayət ki biz, Qarabağ səmasında sərbəst uçuşlar yerinə yetirməyə başladıq və hər zaman da yetirəcəyik. Uçuş zolağı pilot üçün çox rahatdır. Uçuş zolağının kifayət qədər böyük olan eni və uzunu imkan verir ki, hava limanı çox rahat şəkildə nəhəng təyyarələri qəbul edə və yola sala bilsin. Aeroportun özünün avadanlıqları beynəlxalq standartlara uyğundur. Əminəm ki, yaxın zamanda Qarabağ ərazisində daha bir aerodromlara uçuşlara başlayacağıq”.

Pilot “Mən çox fəxr edirəm ki, azərbaycanlıyam” - deyərək çıxışını sonlandırır.

Hava Limanı ilə bağlı jurnalistlərə açıqlama verən “AZVİRT” şirkətinin direktoru Kamil Əliyev bildirib ki, bu ilin yanvarın 14-də təməlini qoyulan Füzuli Beynəlxalq Hava Limanının tikintisinin əksər işlərini bitirib.

“Füzuli Beynəlxalq Hava Limanında uzunluğu 3 km və eni 60 m olan uçuş-enmə zolağı tikilib. Ümumi işlərin 95 faizi tamamlanıb. İndi yekun işlər gedir. Tikinti zamanı ərazidə minalardan təmizlənmə işləri aparılırdı. Eyni zamanda, tikintinin aparılması üçün heç bir infrastruktur yox idi. Biz infrastrukturu da yaratmışıq. Bizim üçün böyük şərəfdir ki, bu gün ilk sınaq reysini qəbul etmişik. Növbəti hədəflər isə Zəngilan və Laçın hava limanlarıdır”, - o əlavə edib.

““Yaxşı işləyin”, “tez işləyin”, “keyfiyyətli işləyin” deməyə ehtiyac duymadıq”

“Sentyabrın sonunda Füzuli Beynəlxalq Hava Limanında bütün işlər yekunlaşdırılacaq”.

Bunu isə , jurnalistlərə açıqlamasında Füzuli Beynəlxalq Hava Limanı üzrə layihə meneceri Səlim Akbay bildirib.

Bu, layihə bizim üçün həm çox çətin, həm də çox asan oldu.

““Nə üçün çox çətin oldu? Biz layihəyə ilk başlayanda burada heç nə – elektrik, su yox idi, hər yerdə minalar vardı. Amma güclü Azərbaycan dövləti qısa zamanda bizə tikinti üçün lazım olan bütün şəraiti yaratdı. Ərazi minalardan təmizləndi, elektrik təchizatı təmin olundu və biz də çalışmağa başladıq"

Layihənin niyə asan olduğundan danışan S.Akbay deyib:

“Çünki bu layihədə çalışan 1000-ə qədər insan ürəkdən, bu layihənin önəmini bilərək işlədilər. Biz heç vaxt burada işləyən insanlara “yaxşı işləyin”, “tez işləyin”, “keyfiyyətli işləyin” deməyə ehtiyac duymadıq. Layihə dövründə bura Türkiyə və digər ölkələrdə hava limanlarında işləmiş, təcrübəsi olan mütəxəssisləri dəvət etdik. Burada 12 Türkiyə şirkəti çalışdı. Türkiyədən, Rusiyadan, Çindən, ABŞ-dan, Almaniyadan, İtaliyadan, İspaniyadan, Finlandiyadan beynəlxalq standartlara uyğun tikinti materialları və aeroport avadanlıqları gətirildi. Sentyabrın sonuna layihəni yekunlaşdıracağıq”.

Bakıya qayıdış...

Artıq səfərimiz yekunlaşır yavaş-yavaş getməyə hazırlaşırıq, ancaq heç kim ayrılmaq istəmir. Hamı yavaş-yavaş təyyarədə yerini alır. Ancaq hər birimizi sevindirən bir məqam var ki, artıq torpaqlarımız işğal altında deyil, tezliklə Qarabağda inşa olunan digər hava limanlarına da getmək arzusuyla Füzuliyə hələlik deyirik. 5 sentyabr tarixi mənim xatirimdən heç bir zaman çıxmayacaq, çünki bu tarixdə işğaldan azad olunmuş torpaqlarımıza ilk səfərimi etdim, bundan başqa, ağlıma belə gətirmədiyim, Bakıdan Füzuliyə nə az, nə çox 35 dəqiqəyə çatdım. Bütün bunlar Azərbaycanın necə güclü bir dövlət olmasını göstərir. Torpaqlarımızın işğaldan azad olunmasına müzəffər Azərbaycan Ordusuna minnətdarıq, Allah Şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Cənab Prezident İlham Əliyevin də dediyi kimi “Qarabağ münaqişəsi bitdi”, Azərbaycanın bundan sonra ancaq inkişaf edəcəyinə inanırıq. Bununla belə, bizlərin qarşısında da böyük vəzifə durur. Hamımız Qarabağı dirçəltmək üçün əlimizdən gələni etməliyik.

Qarabağda açılacaq yeni hava limanlarına getmək arzusuyla...

Bakı-Füzuli-Bakı

FOTO+VİDEO: Nadir İbrahimli

Paylaş:
3053

Son xəbərlər

Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilibBu gün, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan varBu gün, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişibBu gün, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət veribBu gün, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTOBu gün, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTOBu gün, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilirBu gün, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidirBu gün, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardırBu gün, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİBBu gün, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydıBu gün, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEOBu gün, 13:45Sabah hava necə olacaq? - ProqnozBu gün, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilibBu gün, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıbBu gün, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”Bu gün, 11:41Binədə qanunsuz tikililər sökülübBu gün, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıbBu gün, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırBu gün, 11:08Düşən yağıntının miqdarı 3 milli metrədək olub - Faktiki havaBu gün, 10:58
Bütün xəbərlər