İlham Əliyev: Qaradağ Günəş Elektrik Stansiyası ixrac imkanlarımızı da genişləndirəcək
Qaradağ Günəş Elektrik Stansiyası ixrac imkanlarımızı da genişləndirəcək.
1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 15-də Gülüstan sarayında Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı bildirib:
"Bu gün ölkəmizin energetika sahəsində çox əlamətdar bir gündür. Bu gün Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Doğrudan da çox önəmli bir hadisədir, 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək.
Mən çox şadam ki, bu böyük layihənin icraçısı dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan “Masdar” şirkətidir. Qeyd etdiyim kimi, “Masdar” şirkətinin bu sahədə çox böyük təcrübəsi var, bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir. Əlbəttə ki, bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici bir haldır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici ölkədir, açıq ölkədir. Azərbaycanda çox gözəl investisiya iqlimi vardır və eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması bizim əsas prioritetlərimizdən biridir. Çünki uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Bu, bizə imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq. Bu gün Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Biz dörd qonşu ölkəyə ixracı artıq təmin etmişik və əminəm ki, gələcəkdə digər bazarlara da elektrik enerjisi ilə çıxacağıq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması qeyd etdiyim kimi, bizim ixrac imkanlarımızı da artırır.
“Masdar” şirkəti bizim üçün dost ölkəni - Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var və şadam ki, bu sahədə də artım göz qabağındadır. Bir sözlə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var. Şadam ki, bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlığa bu gün start verilir. Əslində Azərbaycan Energetika Nazirliyi ilə “Masdar” şirkəti arasında icra müqaviləsi bir il bundan əvvəl imzalanmışdır. Bu müddət ərzində hazırlıq işləri gedirdi və bu gün biz artıq təməlqoyma mərasiminə toplaşmışıq".
1news.az