Polad Bülbüloğlu: “Ermənistanın üçtərəfli bəyanatın şərtini yerinə yetirməməsi sülhə əngəldir”
Cari ilin 31 mart tarixində Səfir Polad Bülbüloğlu Moldova Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş Səfiri Lilian Dariyi onun xahişi ilə qəbul etmişdir.
Həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Azərbaycanın Səfiri, ona diplomatik fəaliyyətində uğurlar arzulamış və Rusiya Federasiyasında akkreditə edilmiş diplomatik korpusun duayeni qismində fəaliyyəti barədə qarşı tərəfə məlumat vermişdir.
Görüş əsnasında Azərbaycanla Moldova arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə olunmuşdur. 2022-ci ilin fevral ayında Moldovanın Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunun Azərbaycana səfəri və sözügedən səfər çərçivəsində Prezident İlham Əliyev, həmkarı Ceyhun Bayramovla keçirdiyi məhsuldar görüşlər xatırlanmışdır.
Bundan əlavə, ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın mövcudluğu vurğulanaraq, müxtəlif sahələrdə əməkdaşlıqdan, o cümlədən Heydər Əliyev Fondu tərəfindən Qaqauziyada Təhsil və Mədəniyyət Mərkəzinin inşasından söz açılmışdır.
Polad Bülbüloğlu moldovalı Səfirə postmünaqişə dövrü və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı ətraflı məlumat verərək, həmin sənədin 4-cü bəndinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd etmiş və bu məqamın regionda davamlı sülhün təmin olunması üçün əsas əngəl olduğunu xüsusilə qeyd etmişdir.
Eyni zamanda azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri haqqında həmsöhbətinə məlumat vermişdir.
Həmçinin görüşdə regionda baş verən proseslər və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşün sonunda Polad Bülbüloğlu moldovalı həmkarına Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Zəfər salnaməsi” və “Qarabağ işğaldan əvvəl və sonra” kitablarını hədiyyə etmişdir.