Şuşada “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” beynəlxalq forumu keçirilir
Şuşada “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forum keçirilir.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və ADA Universitetinin təşkilatçılığı ilə keçirilən forumda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertləri, tədqiqatçı-alimlər və media nümayəndələri iştirak edir.
Forum iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəlib.
Hava limanı ilə tanış olduqdan sonra Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.
Daha Sonra qonaqlar Zəfər yolu ilə Şuşaya səfər ediblər.
Şuşa keçirilən beynəlxalq forumunun əsas məqsədi postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin müzakirəsidir.
Forum çərçivəsində Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa-dirçəlişə gedən yol”, həmçinin postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçirəcək.
Aprelin 29-da isə ADA Universitetində “Mina təhlükəsi və məcburi köçkünlərin geri qaytarılması ilə bağlı qarşıya çıxan problemlər” mövzusunda müzakirələr davam etdiriləcək.
1news.az