Ukrayna XİN Krım tatarlarının deportasiyasını soyqırımı kimi tanımağa çağırış edib
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Krım tatar xalqının deportasiyası günü ilə bağlı bəyanat yayıb.
1news.az APA-ya istinadən xəbər verir ki, bəyanatda bildirilib ki, 1944-cü ildə Stalin rejimi tərəfindən Krım tatar xalqının zorla deportasiyası XX əsrin ən faciəli səhifələrindən biridir.
Belə ki, Krım tatar xalqının hər ikinci nümayəndəsi, Krımın yerli xalqının demək olar iki yüz min nümayəndəsi NKVD tərəfindən məcburi köçürülmə nəticəsində həyatını itirib.
Bəyanatda qeyd olunub ki, Sovet İttifaqının Krım tatarlarına qarşı siyasəti xüsusilə qəddar olub: “Kütləvi məcburi deportasiya Krım tatar xalqının tarixi yaddaşının, özünəməxsus mədəniyyətinin və dilinin qəsdən məhv edilməsi, Krım tatarlarının əmlakının tamamilə talan edilməsi ilə müşayiət olunub. 2014-cü ildə Rusiya Krım tatar xalqına qarşı cinayətkar sovet təcrübəsini yenidən bərpa edib. Əslində, Krımın müvəqqəti işğalının ilk günündən işğalçılar yerli xalqa qarşı amansız repressiyalara və siyasi təqiblərə başlayıb, onlar zorla Rusiya Silahlı Qüvvələrinə cəlb edilib, dinc etiraz hüququndan, Krım tatar dilinin və mədəniyyətinin istifadəsi və inkişafı hüququndan məhrum edilib.
2016-cı ildən Krımdakı işğalçı hakimiyyət Krım Tatar Məclisinin qadağan edib və bu qanunsuz qərarın ləğvi ilə bağlı Beynəlxalq Məhkəmənin qərarını rədd edib. Krım tatar liderləri Mustafa Cəmilov və Refat Çubarov təqiblərə məruz qalıb və onların Krıma girişi qadağan olunub. Oradakı siyasi rejim qanunsuz olaraq 120-dən çox Krım vətəndaşını saxlayıb ki, onların əksəriyyəti siyasi və ya dini səbəblərə görədir, onların əksəriyyəti Krım tatarlarıdır”.
Bəyanatda vurğulanıb ki, ötən 8 il ərzində Rusiya bu ərazini güclü şəkildə hərbiləşdirməyə məruz qoyub, bura hərbi bazaya çevrilib və Qara dəniz regionunun təhlükəsizliyini təhdid edir: “Hazırda Rusiya hərbi qüvvələri bu yarımadanı Ukrayna şəhərlərini atəşə tutmaq və Ukraynanın cənub torpaqlarını işğal etmək üçün istifadə edir.
Rusiyanın Ukraynaya qarşı tam miqyaslı işğal hücumu yarımadada insan hüquqlarının vəziyyəti daha da pisləşdirib. Krım tatarları sistemli siyasi təqibə məruz qalır, etnik və dini ayrı-seçkilikdən, məcburi itkinlikdən, işgəncə və həbsdən əziyyət çəkir.
Biz beynəlxalq ictimaiyyəti 1944-cü ildə Krım tatarlarının deportasiyasını soyqırımı kimi tanımağa və Krım Platformasına qoşulmağa çağırırıq. Bu platforma çərçivəsində Ukrayna və tərəfdaşları Krımın azad olunması istiqamətində və Rusiya qarşı sanksiyaların güclənməsi üçün səylərini birləşdirir.
Rusiya Federasiyası Krım və Ukraynanın digər ərazilərində insanlığa qarşı törətdiyi bütün cinayətlərinə görə hüquqi məsuliyyət daşımalıdır”.
1news.az