Diplomatla SÖHBƏT: Səfir Mahir Əliyev Azərbaycan və BƏƏ arasında münasibətlər haqqında
1news.az "Diplomatla Söhbət" adlı yeni rubrikaya start verib.
Rubrika çərçivəsində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyevlə müsahibəni təqdim edirik:
- Azərbaycanın BƏƏ-in xarici siyasətində olan yeri haqqında nə söyləyə bilərsiniz? Azərbaycan üçün BƏƏ-in və BƏƏ üçün Azərbaycanın önəmi nədən ibarətdir?
- Bu il Azərbaycan-BƏƏ diplomatik əlaqələrinin qurulmasının 30 ili tamam olur. Bu müddət ərzində iki ölkə arasında əlaqələr böyük məsafə qət edib. BƏƏ Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmaqla onun ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı haqq işinə həmişə dəstək verib. Bizim BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq əlaqələrimiz vardır.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2006 və 2016-ci illərdə BƏƏ Dövlətinə rəsmi səfərləri qarşılıqlı əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açıb. Qarşılıqlı səfərlər zamanı ikitərəfli əməkdaşlıqla bağlı imzalanmış 30-dan artıq sənəd əlaqələrin dərinləşməsi üçün əlverişli hüquqi zəmin yaradıb.
İki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrlə yanaşı iqtisadi əməkdaşlığımız da uğurla inkişaf edir. BƏƏ ölkəmizin Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında ən böyük ticarət tərəfdaşıdır. Qarşılıqlı iqtisadi əməkdaşlığın inkişafı tərəflər üçün strateji əhəmiyyətə malikdir və hər iki ölkənin maraqlarına xidmət etməklə tərəflərə mövcud iqtisadi potensialdan yararlanmaq imkanı yaradır.
- Azərbaycan-BƏƏ münasibətlərinin gündəliyində hansı aktual mövzular durur?
- Hər iki ölkənin dövlət başçıları arasındakı yaxın dostluq münasibətləri Azərbaycan-BƏƏ əməkdaşlığının inkişafında və dərinləşməsində əvəzsiz rola malikdir və bu bütün istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsinə təkan verir. İki dost ölkə arasında qarşılıqlı münasibətlərin dinamik inkişafının təmini məqsədilə hər iki tərəfdən səy göstərilir. Bu baxımdan ikitərəfli əlaqələrin gündəliyi kifayət qədər zəngindir.
Hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası inşa edilir. Layihənin gələn il ərzində istifadəyə verilməsi nəzərdə tutulur. Bu layihə iki ölkə arasında yaxın əməkdaşlığın və böyük qarşılıqlı marağın göstəricisidir.
2021-ci lin 3 noyabr tarixində Dubay şəhərində keçirilmiş Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının yekunu olaraq imzalanmış protokolda ikitərəfli iqtisadi əlaqələr, investisiya, ticarət, “yaşıl” enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, logistika, turizm, səhiyyə və digər sahələrində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi məqsədilə Biznes Şurası və işçi qrupların yaradılması nəzərdə tutulub və qeyd edilən istiqamətlər üzrə birgə işbirliyi davam etdirilir.
- Son zamanlar Azərbaycan ilə BƏƏ arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq fəallaşmışdır. Bu əməkdaşlıq çərçivəsində respublika ərazisində alternativ enerji obyektlərinin tikintisi nəzərdə tutulur. Tərəflərin biri-birinə olan maraq daha hansı sahələri əhatə edir?
- Tamamilə doğrudur. Yuxarıda da qeyd etdiyimiz kimi, bərpaolunan enerji sahəsində ilk layihənin təməli cari ilin 15 mart tarixində qoyulmuşdur. 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsinin icrasına başlanılması və artıq müvafiq istiqamət üzrə əməkdaşlıq təcrübəsinin formalaşması bu sahədə digər layihələrin icrasına da zəmin yaradıb.
Ölkə rəhbərliyinin apardığı islahatlar sayəsində hazırda Azərbaycanda çox əlverişli investisiya iqlimi formalaşıb və Respublikamız xarici investorların maraq dairəsindədir. BƏƏ investorları tərəfindən də ölkəmizə böyük maraq göstərilir. Bu xüsusda, ənənəvi və bərpaolunan enerji sahələri ilə yanaşı turizm və nəqliyyat sektorlarını da qeyd etmək olar.
BƏƏ investorları çoxşaxəli mühüm regional nəqliyyat habına çevrilmiş ölkəmizlə nəqliyyat sahəsində əməkdaşlığa da maraq göstərir. Bu sahədə əməkdaşlıq imkanları genişdir və bu imkanların araşdırılması məqsədilə tərəflər arasında nəticəyönümlü müzakirələr aparılır.
Turizm sahəsində də perspektivli əməkdaşlıq imkanları mövcuddur. BƏƏ-dən ölkəmizə gələn turistlərin sayı ilbəil artmaqdadır və artıq BƏƏ ölkəmizə turist göndərən xarici dövlətlər arasında ilk onluqda öz yerini möhkəmləndirib. Hazırda BƏƏ vətəndaşları və bu ölkədə yaşayan əcnəbilər sadələşdirilmiş şəkildə ölkəmizə səfər etmək imkanına malikdir. Gələcəkdə isə hər iki ölkənin vətəndaşları qarşılıqlı əsasda vizasız səfər etmək imkanı əldə edə bilər. Bununla bağlı tərəflər arasında müzakirələr aparılır.
- İqtisadi sahədə əməkdaşlığımızın perspektivlərini necə görürsünüz?
- Azərbaycan - BƏƏ iqtisadi əlaqələrinin dinamik inkişafı bizi sevindirir. Əlaqələrin daha da genişlənməsi üçün böyük imkanlar və möhkəm müqavilə-hüquqi baza mövcuddur.
2021-cildə qarşılıqlı ticarət dövriyyəsi 50 milyon dollardan artıq olmuşdur. Bu isə daha öncəki illə müqayisədə 25 faiz artıqdır. Cari il ərzində isə ticarət dövriyyəsinin daha da artacağına inanırıq.
Qarşılıqlı investisiya əməkdaşlığı Azərbaycan - BƏƏ münasibətlərində prioritet təşkil edir. 2021-ci ilin məlumatına əsasən BƏƏ tərəfindən Azərbaycan iqtisadiyyatına 2.5 milyard dollaradək investisiya yatırılmışdır. Bu məbləğin 1 milyard dollarınadək hissəsi qeyri-neft sektoruna cəlb edilmişdir. Azərbaycan şirkətləri tərəfindən BƏƏ-yə yatırılan investisiyaların həcmi isə 400 milyon dollara yaxındır. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət və s. sahələrdə 340-dan çox BƏƏ şirkəti qeydiyyata alınıb.
Hər iki ölkə zəngin neft-qaz ehtiyatlarına malikdir. Bu sahədə perspektivli əməkdaşlıq imkanlarından yararlanmaq tərəflərin marağındadır. Eyni zamanda Azərbaycanın zəngin bərpaolunan enerji resursları müvafiq sahədə fəaliyyət göstərən BƏƏ investisiya şirkətlərinin diqqət mərkəzindədir.
Digər tərəfdən Azərbaycan BƏƏ-nin ərzaq təhlükəsizliyinin təminində əhəmiyyətli yer tuta bilər. Bizim yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarımızın BƏƏ-yə ixracının artırılması üçün əlverişli imkanlarımız vardır.
- Azərbaycan rəhbərliyi dost ölkələrin şirkətlərini işğaldan azad olunan torpaqlarımızda bərpa-yenidənqurma işlərində iştirak etməyə və sərmayə yatırmağa dəvət edib. Enerji sahəsindən savayı, BƏƏ, Qarabağ və Şərqi Zəngəzur bölgələrində hansı layihələrin reallaşmasına maraq göstərir?
- Bildiyiniz kimi, cari ilin 4 iyun tarixində Bakı Enerji Forumu çərçivəsində Şuşa şəhərində xüsusi sessiya keçirilib. Həmin sessiya çərçivəsində BƏƏ-nin “Masdar” şirkəti ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında “Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” və “Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi” imzalanıb. Bununla yanaşı, SOCAR ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında da əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb.
Qeyd edilən layihələrin əhəmiyyətli hissəsinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi planlaşdırılır. Bu layihələr Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bir hissəsi olaraq yerinə yetirilir.
BƏƏ şirkəti ilə imzalanmış həmin sənədlər nəhəng investisiya layihələri hesab olunur. Bu Azərbaycanın bərpaolunan enerji istehsalçısı və ixracatçısı kimi mövqeyinin inkişafı və möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.
Başqa dost ölkələr kimi, BƏƏ-nin də enerji sahəsindən əlavə Qarabağ və Şərqi Zəngəzur bölgələrində nəzərdə tutulan digər infrastruktur layihələrində geniş iştirak imkanları vardır və bu məsələ diqqət mərkəzindədir.
- Yaxın zamanda BƏƏ-dən Azərbaycana yaxud əks istiqamətdə yüksək səviyyəli səfərlər planlaşdırılırmı və hər hansı yeni sənədlərin imzalanması gözlənilirmi?
- BƏƏ-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir. Bu əlaqələrin inkişafında qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti danılmazdır. Bu növ səfərlər müntəzəm surətdə həyata keçirilir. Cari il ərzində də nazirlər səviyyəsində qarşılıqlı olaraq bir çox səfərlər həyata keçirilib və bu proses mütəmadi əsasda davam edir.
Hazırda iki ölkə arasında nəqliyyat, maliyyə, enerji, sənaye, xidmət, sosial, qida təhlükəsizliyi, baytarlıq, sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və digər sahələrdə sənəd layihələrinə baxılır. Bir qismi razılaşdırılmış sözügedən sənədlərin yaxın vaxtlarda baş tutacaq səfərlər zamanı imzalanacağına ümid edirik.
Müəllif: Yalçın Əliyev