“Tik-tok” dostdur, yoxsa düşmən? - ARAŞDIRMA | 1news.az | Xəbərlər
Cəmiyyət

“Tik-tok” dostdur, yoxsa düşmən? - ARAŞDIRMA

Ayşən İsmayılova14:30 - 22 / 07 / 2022
“Tik-tok” dostdur, yoxsa düşmən? - ARAŞDIRMA

"Texnologiya əsri" adlandırdığımız əsrimizin ən böyük bəlalarından biri "texnologiya əsiri"nə çevrilən insanlardır.

"Hələ yemə, şəklini çəkim, paylaşacam", "Tik-tok"da o oğlanın videosunu görmüsən?", "Keçən dəfəki şərhimə nə qədər layk gəlmişdi". Yəqin ki, bu sözlər hər kəsə tanış gəldi. Yolda, ictimai nəqliyyatda və hətta dostlarla görüşdə belə tez-tez eşitdiyimiz və qulağımızın aşina olduğu cümlələr.

Son illər sosial şəbəkələrin insanların bütün həyatını ələ keçirdiyini görürük. Hətta iş o yerə çatıb ki, insanlar süfrə arxasına keçdikdə belə yeməklərini şəklini çəkib paylaşmadan yeyə bilməyəcək hala gəliblər.

Düzgün və səmərəli şəkildə istifadə edilərsə, olduqca fayda əldə edə biləcəyimiz sosial şəbəkələr hazırda ən böyük təhlükə mənbələrindən birinə çevrilib. Milyonlarla istifadəçisi olan sosial şəbəkələrdə hər qəbildən olan məlumatlara, şəkil və videolara rast gəlmək mümkündür. Sürətlə həyatımıza nüfuz edən bu yeniliklər bəzən ölümlə də nəticələnə bilir. “Tik-tok”, “İnstagram” kimi bir çox sosial şəbəkə hesablarında daha çox “like” alacaq şəkil və videolar çəkmək üçün hündür binaların başına çıxan, təhlükəli yerlərə gedən insanların məşhur olmaq cəhdləri heç də həmişə uğurlu nəticələnməyib.

Yəni insanlar ya həyatını itirir, ya da psixoloji problemlərə düçar olurlar. İstər dünyada, istərsə də ölkəmizdə kifayət qədər sosial şəbəkə aludəçiləri var və təəssüf ki, bu aludəçilər arasında azyaşlıların və yeniyetmələrin də olduğunu görürük. Əlbəttə ki, bu cəmiyyətdə böyük bir narahatlıq yaradır. Xüsusən də “Tik-tok”la bağlı narahatedici hallara son vaxtlar daha çox rast gəlirik.

Çinin yaratdığı "Tik-tok" platforması bu ölkənin özündə ciddi qadağa altındadır. Çin öz uşaqlarını bu platformadan qoruyur. Məsələn, böyüklər gecə 22:00-dan səhərə kimi "Tik-tok"a girə bilmir. Bu müddətdə beyin dincəlməlidir və istənilən sosial şəbəkə zərərlidir. Çin də bunu gözəl anlayır.

Çin hökuməti uşaq və yeniyetmələrin "Tik-tok"a girməsinə birbaşa nəzarət edir və 15 yaşdan aşağı uşaqların gündə cəmi 40-45 dəqiqə bu platformaya çıxışı var.

Pakistan, Dubay, Səudiyyə Ərəbistanı, böyük müsəlman dövlətləri, eləcə də Yaponiyada "Tik-tok"a ancaq xüsusi "VPN" vasitəsilə daxil olmaq mümkündür.

Bəs özümüzü və övladlarımızı söyüş söyənlərin, qeyri-etik hərəkətlərini çəkib paylaşanların, hətta canlı yayım açaraq intihar edənlərin belə olduğu bu sosial şəbəkə girdabının neqativ təsirlərindən necə qoruyaq?

1news.az bu dəfə özü də, fəsadları da dünyada və ölkəmizdə çox sürətlə yayılan “Tik-tok” sosial şəbəkəsi ilə bağlı araşdırma aparıb və bu sualları sosial şəbəkələrin ziyanlı tərəfləri ilə bağlı dəfələrlə çıxış edən Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərliyə ünvanlayıb.

“Tik-tok”un dövlətimiz və cəmiyyətimiz üçün böyük təhdidə çevrildiyini deyən H.Heydərli "Tik-tok"da narkotiki təbliğ edənlərin, xanımları aşağılayanların olduqca çox olduğunu bildirib:

"Tik-tok"un Azərbaycan seqmenti günü-gündən çirkin əməllərin episentrinə çevrilir. Əlində baltaynan metroya girən usta da, avtoxuliqanlıq edən də, xaricdə oturub öz tərbiyəsizliyini nümayiş etdirən də, məktəbdə müəlliminin başına oyun açan şagird də həmin anları "Tik-tok"da paylaşır.

“Tik-tok”un da alqoritmi elə qurulub ki, daha çox sensasiyalı, yalan, qalmaqallı və nifrət doğuran paylaşımları "kəşfet"ə salır. O baxımdan da, "Tik-tok" günü-gündən dövlətimiz, cəmiyyətimiz üçün təhdidə çevrilir.

“Düşünürəm ki, "Tik-tok"da daha çox peşəkarlar olmalıdır, jurnalistlər, QHT nümayəndələri, blogerlər orada aktiv olmalıdırlar” – deyə sözlərinə davam edən H.Heydərli orada yayılan saxta məlumatların qarşısının yalnız bu yolla alına biləcəyini qeyd edib:

“Eyni zamanda dövlət qurumları da orada fəal olmalıdır. Çünki görürük ki, "Tik-tok"da narkotiki təbliğ edənlər, xanımları aşağılayanlar, dövlət əleyhinə çağırış edənlər çoxdur. "Tik-tok" nəzarətsiz platformdur və ölkəmiz üçün ən böyük təhdidlərdən biridir. Eyni zamanda orada açılan canlı yayımlarda da insanlar təhqir olunur, söyüşlər söyülür, aşağılanır. Bu da milli-mənəvi dəyərlərimizə ziddir. Bütün bunlar onu deməyə əsas verir ki, "Tik-tok"un cəmiyyətimiz üçün xeyrindən çox, ziyanı var. Azyaşlılar da orada toplaşıb və bütün bu neqativləri görür və onunla böyüyürlər. Hazırda azyaşlı uşaqlarda və yeniyetmələrdə sosial şəbəkələrdən güclü bir asılılıq yaranıb və bu asılılıq neqativ şəkildə özünü göstərir.

Bundan öncə dəfələrlə uşaqların məktəblərdə müəllimlərinə qarşı yanlış davranışlarını və etdikləri qeyri-etik hərəkətləri göstərən videoların “Tik-tok”da gündəmə gəlməyinin şahidi olmuşuq. Bunun əsas səbəblərindən biri də məktəblilərin oğru aləminə maraq duymasıdır. Şagirdlərin oğru aləminə marağının olması çox böyük bir faciənin əsasını qoyur. Eyni zamanda belə videoların trend olması onu göstərir ki, digər gənclərdə də buna maraq yaranır. Bu tip videolar cəmiyyətimiz üçün çox böyük təhlükədir.

"Ölkəmizdə sosial şəbəkələrlə bağlı quruma ehtiyac var"

Bilirsiniz ki, bütün məktəblərdə smartfon tipli telefonlara qadağa qoyuldu. Bu həmin videoların qarşısını almağa kömək etdi, amma bu heç bir halda çıxış yolu ola biməz. Çünki bu maariflənmə yolu ilə deyil, senzura yolu ilə olduqda insanın içində nə varsa, gec-tez özünü büruzə verəcək. Bu baxımdan azyaşlıların valideynləri çox diqqətli olmalıdır. Ən azından uşaqların maraq dairəsini öyrənməlidirlər. Çünki “Tik-tok”un alqoritması elədir ki, hansı tipli videolara insanlar baxırlarsa, daha çox o tipli videolar qarşılarına çıxır”.

Ölkəmizdə sosial şəbəkələrlə bağlı quruma ehtiyac olduğunu deyən H.Heydərli həmin qurumların blogerlərə, tik-tokerlərə, influenserlərə təlimlər keçməyinin vacib olduğunu vurğulayıb:

“Məncə, bu mənfi təsirləri azaltmaq üçün ilk növbədə peşəkarlar lazım olan yerlərdə olmalıdır. Beynimizi qeyri-peşəkar və fürsətçilərin əlinə verməməliyik.

"Peşəkar adamlar kənara çəkilib, sanki nədənsə qorxurlar"

Dövlətimizin gördüyü işlər "Tik-tok"da gündəm olmalıdır, ancaq, çox təəssüf ki, olmur. Səbəb isə odur ki, peşəkar adamlar kənara çəkilib, sanki nədənsə qorxurlar. Ancaq qorxmaq zamanı deyil, meydanda olmalıyıq. "Facebook"da statusuna 10 "like" gələn insanlar kütlənin toplaşdığı yerlərdə yoxdursa, onların təhlilləri kimə lazımdır?

Bundan əvvəl də təklif etmişdim ki, ölkəmizdə sosial şəbəkələrlə bağlı quruma ehtiyac var. Həmin qurumlar blogerlərlə, tik-tokerlərlə, influincerlərlə sıx çalışmalıdır, onlara təlimlər keçməlidir. Həmin adamlar bilməlidirlər ki, dövlət sirri nədir, etik kodekslər nədir, nəyi paylaşmaq olar, nəyi olmaz. Eyni zamanda peşəkarlar aktiv olmalıdır ki, dezinformasiyaların qarşısı alınsın. Bu gün görürük ki, qurumlar intiharlarla bağlı tədbirlər keçirir. Ancaq intiharı yayan mediadan çox, sosial şəbəkələrdir. Kimsə özünü atmaq istəyirsə, kənardan 100 nəfər onu telefonla çəkir və "tik-tok"da paylaşır. Problemi həll etmək istəyiriksə, onun kökünə getməliyik.

Bir daha qeyd edirəm ki, "Tik-tok"un sırf bağlanmağı tərəfdarı deyiləm, amma bu cür sosial şəbəkələrin mənfi təsirini azaltmaq üçün həmin meydanlarda daha fəal olmaq lazımdır, o meydanı qeyri-peşəkarlara versək, sonra çox gec olacaq”.

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlunun da fikirlərini öyrəndik. Sosioloqun sözlərinə görə, "Tik-tok" və ya digər sosial şəbəkələrin hansısa bir qolunu qadağan etmək doğru olmaz. Çünki bu həm beynəlxalq aləmdə pis səslənəcək, həm də ölkə daxilindəki insanların həmin xidmətlərdən məhrum edilməsinə səbəb olacaq:

"Sosial şəbəkələr ilan zəhəri kimidir..."

"Bəzi dövlətlər kimi "Tik-tok" və ya digər sosial şəbəkələrin hansısa bir qolunu qadağan etmək doğru olmaz. Çünki bu həm beynəlxalq aləmdə pis səslənir, həm də ölkə daxilindəki insanları həmin xidmətlərdən məhrum edir. Sosial şəbəkələr ilan zəhəri kimidir. Onlardan düzgün istifadə etmək dərmandırsa, bir qədər çox istifadə etmək təhlükəli, lap çox istifadə etmək isə öldürücüdür. Biz həm maarifləndirmədən, həm də nəzarət mexanizmindən güclü şəkildə istifadə etməliyik. Yəni yalnız maarifləndirmə və ya yalnız nəzarətlə nəyə isə nail olmaq mümkün deyil. Televiziyalarımızda səviyyəsiz, şit verilişlər yayımlamaq əvəzinə bu sahədə maarifləndirmə aparmalıyıq. Bu sahədə böyük reytinq qazanan proqramlar hazırlamaq olar. Bunun üçün bacarıqlı jurnalistlərə və televiziya işçilərinə ehtiyac var.

"Alternativ sosial şəbəkələr yaratmağa çalışmalıyıq"

Bununla yanaşı, valideynləri də maarifləndirmək lazımdır ki, sosial şəbəkələrdən həm özləri, həm də övladları düzgün şəkildə istifadə edə bilsinlər. Məktəblərdə də maarifləndirmə işləri aparılmalıdır və zərərli materialların nə üçün, kimlər tərəfindən yayıldığı, insanlara mənfi təsirləri izah edilsin. Digər tərəfdən ölkədaxili alternativ sosial şəbəkələr yaratmağa çalışmalıyıq. Buraya xüsusən gəncləri cəlb etmək, maraqlı məsələləri işıqlandırmaq və sosial şəbəkənin özündə maarifləndirici işlər aparmaq lazımdır. Bunun üçün komanda olmalıdır. Böyük bir heyət işləməlidir ki, nə isə etmək mümkün olsun. Bundan əlavə, filtrlərdən istifadə edərək xoşagəlməz, arzuolunmaz, mənəvi dəyərlərə mənfi təsir edən materialların yayılmasının qarşısını almaq lazımdır. Həmçinin bu cür materiallara baxan insanlara xəbərdarlıq edilə bilər. Vəziyyəti ətraflı təhlil etmək və Azərbaycan insanına hansı şəkildə təsir etməyin mümkün olduğu müəyyənləşdirilməli və bununla bağlı işlər görülməlidir".

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev isə sosial şəbəkələrdə yazılan təhqirlərlə bağlı nazirliyə daxil olan bütün müraciətlərin araşdırıldığını bildirib:

"Təhqir varsa, bütün hallarda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edilməlidir. "TikTok"da da təhqirlərlə bağlı DİN-ə müraciətlər olur, çox geniş olmasa da, belə hallar olur və onlar aidiyyatı üzrə istiqamətləndirilir. Belə müraciətlər daxil olduqda araşdırılır və qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur".

Göründüyü kimi, sosial şəbəkələrdən istifadənin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də az deyil. Sosial şəbəkələr insanların vaxtını "öldürür", onların, xüsusən də azyaşlı uşaqların şəxsi həyatına və psixologiyasına ciddi təsir göstərir.

Bundan əlavə, bir çox fırıldaqçı, özlərinə ardıcıllar toplayan məzhəblər və uşaqları hədəf alan azğınlar üçün də əlverişli şərait yaradır.

Əlbəttə ki, sosial şəbəkələrin yalnız mənfi tərəflərindən danışmaq doğru olmaz, onun müsbət tərəfləri də az deyil. Şüurlu şəkildə düzgün istifadə edilərsə, tez bir vaxtda çox miqdarda zəruri məlumat almağa imkan verir. Bununla yanaşı, planetin müxtəlif yerlərində yaşayan çox sayda insanla məsafədə ünsiyyət qurmaq, tanış olmaq, dost tapmaq, xəbərlər və hadisələri müzakirə etmək imkanı əldə edə bilərik. Bir sözlə, sosial şəbəkələrdən, o cümlədən "Tik-tok"dan xeyir və ya ziyan görməyimiz, onu dost və ya düşmən etməyimiz özümüzdən asılıdır.

Ayşən İsmayılova

Paylaş:
1149

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər