Səfir: “Azərbaycanla Küveyt arasında əməkdaşlıq haqqında yeni sazişlər imzalanacaq” - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Səfir: “Azərbaycanla Küveyt arasında əməkdaşlıq haqqında yeni sazişlər imzalanacaq” - MÜSAHİBƏ

16:30 - 28 / 07 / 2022
Səfir: “Azərbaycanla Küveyt arasında əməkdaşlıq haqqında yeni sazişlər imzalanacaq” - MÜSAHİBƏ

Azərbaycanın Küveytdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Qəhrəman 1news.az-a müsahibə verib.

Səfir müsahibəsində Küveyt - Azərbaycan münasibətləri, Küveyt şirkətlərinin Qarabağın bərpasında iştirakı, iki ölkə arasında humanitar-mədəni sahədə əməkdaşlığın səviyyəsi və digər məsələlərə toxunub.

Müsahibəni təqdim edirik.

- Küveyt - Azərbaycan münasibətlərinin bu gününü necə dəyərləndirirsiniz?

- Bu gün Küveyt - Azərbaycan arasında siyasi əlaqələr yüksək səviyyədədir və bütün sahələrdə əlaqələrimiz ildən ilə dərinləşməkdədir. Qeyd etmək istərdik ki, Küveyt Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və iki ölkə arasında diplomatik əlaqələr 1994-cü ildə qurulub.

Küveyt və Azərbaycan arasında əlaqələrin əsası məhz Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə qoyulub. Belə ki, Heydər Əliyevin 1994-cü ildə İƏT zirvə toplantısında iştirak etmək üçün Mərakeşdə səfərdə olarkən Küveytin o zamankı Əmiri Şeyx Cabir Əl-Əhməd Əl-Sabahla görüş keçirmişdi. İki lider arasında keçirilən görüş zamanı Küveyt əmiri hər hansı bir müstəqil dövlətin əleyhinə təcavüzün yolverilməz olduğunu bildirib, eyni zamanda Ümummilli Liderə “Sizin qaçqınlara yardım etmək lazımdır və bu köməyi edəcəyik" deyib və müharibənin ilk illərində humanitar yardımlar göstərilib.

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il fevralın 10-da Küveytə rəsmi səfəri ölkələrarası münasibətlərdə əlamətdar hadisələrdən biri kimi yadda qalıb. Onun Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əs-Sabahla görüşü, iki ölkə arasında münasibətlərin inkişaf etməsində və siyasi əlaqələrin daha da yüksək səviyyəyə qalxmasında mühüm rol oynayıb.

Səfər zamanı Birgə İqtisadi Komissiyanın yaradılması, ikiqat vergitutmanın aradan qaldırılması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, ticarət və turizm sahələrin əməkdaşlıq haqqında 5 hökumətlərarası saziş imzalanıb. Hazırda iki ölkə arasında ümumilikdə 21 hökumətlərarası saziş mövcuddur.

Səfər zamanı eyni zamanda Küveyt Əmiri Prezident İlham Əliyevə ölkəsinin ən ali mükafatı olan "Mübarək Əl-Kəbir" ordenini, Azərbaycan Prezidenti isə Əmirə Azərbaycanın ən ali mükafatı olan "Heydər Əliyev" ordenini təqdim edib.

Bu gün Azərbaycanla Küveyt ikitərəfli əsasda olmaqla yanaşı çoxtərəfli əsasda da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirirlər və BMT, İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı, OPEK+ təşkilatlarında yaxından əməkdaşlıq edirlər.

Bakıda keçirilən ənənəvi mötəbər beynəlxalq tədbirlərdə - konfranslarda, forumlarda - (Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu və s.) Küveytin yüksək səviyyəli nümayəndə heyətləri iştirak ediblər.

Küveyt tərəfindən sonuncu yüksək səviyyəli səfərlərə misal olaraq 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşündə Küveyt Dövləti Baş nazirinin müavini, Xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabahın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakını göstərə bilərik.

26-29 iyun 2022-ci il tarixlərində Bakıda keçirilən İslam Əməkdaşlığı Təşkilatının Turizm Nazirlərinin 11-ci konfransında Küveyt Turizm Komitəsinin sədr müavini Casim Əl-Oteybinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunmuş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 2022-ci ilin 30 iyun-1 iyul tarixlərində keçirilmiş Bakı Konfransında Küveyt tərəfini Küveyt Parlamentinin sədri Mərzuq Əl-Ğanimin rəhbərlik etdiyi nüayəndə heyəti təmsil edib. Küveyt Parlamentinin sədri bundan daha öncə 2018-ci ilin sentyabr ayında Azərbaycanda Parlamentin yaradılmasının 100 illik yubiley tədbirlərində iştirak etmək üçün 3 günlük səfərdə olub.

Azərbaycan tərəfindən son illərdə həyata keçirilən səfərlərə misal olaraq 2018-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin, 2016-cı ilin aprel ayında mədəniyyət və turizm nazirinin, 2017-ci ilin may ayında isə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədrinin, 2018-ci ilin dekabrında “Azərtac”-ın idarə heyətinin sədrinin Küveyt Dövlətinə səfərlərini qeyd edə bilərik.

Turizm iki ölkə arasında ən dinamik inkişaf edən sahələrdən biridir. Yalnız 2019-cu ildə COVİD-19 pandemiyiasından qabaq 35 min küveyt vətəndaşı Azərbaycana səfər edib. Hava reysləri artıq bərpa olunub və həftədə 7 dəfə olmaqla “Kuwait Airways”, “Al-Jazeera Airways” və AZAL aviaşirkətləri tərəfindən müntəzəm sərnişin uçuşları həyata keçirilir. Eyni zamanda “Silk Way” aviaşirkəti tərəfindən ölkə paytaxtları arasında müntəzəm “cargo” uçuşları həyata keçirilir.

Azərbaycanda az həcmdə olsa da kənd təsərrüfatı, turizm, daşınmaz əmlak sahələrində Küveyt sərmayəsi var və bu sahədə daha böyük nəticələrə ümid edirik.

- Küveytdə Azərbaycan necə tanınır?

- Küveytdə Azərbaycan yaxşı tanınır və Azərbaycanlılara qarşı münasibət çox yaxşıdır. Biz Səfirlik olaraq ölkənin tanıtımı istiqamətində müxtəlif dövrlərdə müxtəlif tədbirlər həyata keçirmişik. Belə ki, Küveytdə turzim sərgiləri, eyni zamanda milli mədəniyyətimizin təbliği məqsədilə müəyyən tədbir proqramları təşkil olunub və bu kimi tədbirlər bundan sonra da davam etdiriləcək.

Deyə bilərik ki, Küveytdə Azərbaycan neft və qaz ixrac edən, əsrarəngiz təbiəti olan, möhtəşəm beynəlxalq idman yarışlarına, konfranslara və digər tədbirlərə ev sahibliyi edən, Cənubi Qafqazın inkişaf etmiş, Qarabağ torpaqlarını öz gücünə işğaldan azad edən müsəlman ölkəsi kimi tanınır.

- Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra sürətlə yenidənqurma gedir. Küveyt şirkətləri də Qarabağda yenidənqurma işlərində iştirak etməklə bağlı sizə müraciət edirmi?

- Azərbaycanın Küveytdəki Səfirliyi tərəfindən işğaldan azad edilmiş Qarabağ torpaqlarında “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, eləcə də Bakı şəhərində “Ələt Azad İqtisadi Zonası”nın yaradılması, Prezident cənab İlham Əliyevin göstərişi ilə işğaldan azad edilmiş torpaqların “yaşıl enerji zonası” elan edilməsi, aparılan yenidənqurma və bərpa işləri, və digər sərmayə imkanları barədə Küveyt tərəfinə məlumatlar təqdim edilib.

- Küveyt və Azərbaycanın oxşar cəhətləri nələrdir?

- Azərbaycan və Küveyti dini və tarixi amillər birləşdirir. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı tarix, din və mədəni köklərlə İslam sivilizasiyasına bağlıdır. Küveyt Dövlətinin də İslam mədəniyyətinə sıx bağlılığını nəzərə alsaq, bu iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etməsini məntiqə uyğun hesab etmək olar.

Hər iki ölkə xarici işğaldan əziyyət çəkib. Məlum olduğu kimi 1990-cı ildə Küveyt Dövləti İraq tərəfindən təmamilə işğal olunmuşdu, lakin beynəlxalq koalisiyanın dəstəyi ilə torpaqlarını azad edə bilmişdi. Küveyt ərazisi böyük dağıntılara məruz qalmış və əhalisi qaçqın vəziyyətinə düşmüşdü. İraq tərəfindən vurulan 50 milyard ABŞ dollarından artıq ziyan ödənilsə də, müharibənin səbəb olduğu ağır nəticələr bu günə qədər qalmaqdadır.

- Humanitar - mədəni sahədə əməkdaşlıq hansı səviyyədədir?

- Müxtəlif illərdə Azərbaycanın Küveytdə və Küveytin Azərbaycanda mədəniyyət günləri təşkil olunub.

2014-cü ilin iyul ayında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva İslam mədəniyyətinin dünya miqyasında təbliğinə, nəcib xeyriyyəçilik fəaliyyətinə, o cümlədən Azərbaycanda təhsil və səhiyyəyə verdiyi töhfələrə görə Küveyt Dövlətinin yüksək mükafatına layiq görülüb. Diplomu Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabah imzalayıb. Qeyd edək ki, bu Küveyt qadınları adından ölkə hüdudlarından kənarda xarici ictimai-siyasi xadimə verilən ilk mükafatdır.

2018-ci ilin may ayında Bakı Musiqi Akademiyasının "Baku Chamber Orchestra" Gənclər kamera orkestri və tanınmış musiqiçilərin iştirakı ilə Küveyt şəhərində möhtəşəm konsert təşkil olunub.

Məlum olduğu kimi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar 2021-ci il Azərbaycanda Nizami Gəncəvi İli elan olunmuşdu.

Bu il çərçivəsində Səfirlik tərəfindən də bir sıra tədbirlər həyata keçirildi. Belə ki, Küveyt şəhərində şairin həyat və yaradıcılığına dair ərəb dilində kitabça nəşr olundu və mətbuatda ingilis və ərəb dillərində məqalələr dərc edildi. Eyni zamanda Küveytin “Times” qəzetinin xüsusi buraxılışında “Şeyx Nizami Gəncəvi yaradıcılığında din və peyğəmbər mövzusu” başlıqlı məqalə nəşr olundu.

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin və Ərəb Media Forumunun birgə təşkilatçılığı ilə 8 dekabr 2021-ci il tarixində Ərəb Media Forumunun (ƏMF) Baş Qərargahında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar tədbir keçirildi. Şairin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verildi və müxtəlif materiallar paylanıldı.

Həmçinin qeyd edə bilərik ki, “2021-Nizami Gəncəvi ili” çərçivəsində təşkil olunan “Nizami Gəncəviyə məktub” beynəlxalq inşa müsabiqəsində ikinci yerin qalibi Küveytdən olan iştirakçı Tarik Əl-Yusif oldu.

2022-ci Şuşa İli bağlı Səfirliyin təşəbbüsü ilə ərəb dilində “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” adlı broşür dərc olunub. Eyni zamanda cari ilin mart ayında “Küveyt Qüllələri” parkında keçirilən mədəni tədbirdə və may ayında Azərbaycan Respublikasının Müstəqillik Gününün 104-cü ildönümünə həsr olunmuş təntənəli rəsmi ziyafət zalında Şuşa İli və 8 Noyabr - Zəfər Gününü əks etdirən fotostendlər quraşdırılmış, habelə digər təbliğat materialları nümayiş etdirilmişdir. Həmçinin Küveyt Dövlət Universitetində ilin sonuna qədər “Şuşa ili” bağlı xüsusi tədbirin keçirilməsi planlaşdırılır və universitetin rəhbərliyi ilə bu istiqamətdə danışıqlar aparılır.

Sevindirici haldır ki, Küveyt Dövlət Universitetinin Dillər Mərkəzində Azərbaycanlı tələbələr üçün keçən illər ərzində ayrılan 1 yer Səfirliyimizin təşəbbüsü ilə 2022-2023-cü təhsil ilindən etibarən 7 nəfərə qaldırıldı. Eyni zamanda Küveyt Dövlət Universiteti 2022-ci ildən başlayaraq sosial elmlər, şəriət və islam elmləri, pedaqogika və filologiya fakültələrində təhsil almaq üçün Azərbaycandan olan 4 tələbəyə təqaüd proqramı ayırıb.

- İki ölkə arasında gələcəkdə hansı sənədlərin imzalanacağı gözlənilir?

- Birgə İqtisadi Komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır və həmin tədbir çərçivəsində təhsil, ədliyyə, kənd təsərrüfatı, mədəniyyət, idman sahələrində əməkdaşlıq haqqında yeni sazişlərin imzalanması gözlənilir.

- Küveyt-Azərbaycan əlaqələrinin inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

- Küveytlə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri geniş və ümidvericidir. Hər iki ölkə tarixi ipək yolunun bərpası istiqamətində müəyyən addımlar atırlar və infrastruktur layihələri həyata keçirirlər. Gələcəkdə Küveytin Azərbaycandan keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindən istifadə etməsi mümkündür.

Əlbəttə ki, biz iki ölkə arasında ticarət əlaqələrinin də genişləndirilməsi ilə bağlı səylərimizi artırmalıyıq.

Vurğulamaq istərdim ki, Küveytin kənd təsərrüfatına yararlı torpaq sahələri çox azdır və bu malların demək olar ki, 90 %-ni idxal edir. Eyni zamanda bərpa olunan enerji, neft emalı, əczaçılıq və s. sahələrdə birgə müəssisələrin yaradılması müzakirə oluna bilər.

Təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra hesab edirəm ki, ali təhsil müssəsələri arasında təhsil mübadiləsi genişlənəcək.

Məlum olduğu kimi, 2016-cı ildən etibarən Küveyt vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin tətbiqinə başlanılıb, həmçinin 2017-ci ildən Küveyt vətəndaşlarına “ASAN Viza” sistemi vasitəsilə qısa müddətdə elektron viza almaq imkanı verilib.

Hesab edirəm ki, Azərbaycan vətəndaşlarına da Küveyt tərəfindən viza verilməsinin asanlaşdırılması bu ölkəyə səfər edən azərbaycanlı turistlərin sayının artmasına müsbət təsir edə bilər. Bu istiqamətdə səylərimizi davam etdirirk.

- Müsahibə üçün çox sağ olun cənab səfir. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzu edirik.

- Mən də öz növbəmdə “1news.az” saytının kollektivinə və oxucularına uğurlar arzulayıram və müsahibə üçün təşəkkürümü bildirirəm.

B.Cahandarov

Paylaş:
1338

Son xəbərlər

70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27
Bütün xəbərlər