“Təəssüf ki, Vətən müharibəsindəki qələbimizdə elmimizin rolunu görmədik” - Ekspert
Məlum olduğu kimi, Prezident İlham Əliyev iyulun 28-də “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, Təhsil Nazirliyi bundan sonra Elm və Təhsil Nazirliyi adlandırılacaq. Bundan əlavə, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər də Nazirliyə həvalə edildi. Fərmanda həmçinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olmaqla iki agentlik yardılması da öz əksini tapıb. Bəs bu addım təhsilimizə nə verəcək? AMEA-nın aqibəti necə olacaq?
1news.az bu sualları təhsil eksperti Kamran Əsədova ünvanlayıb. Yeni nazirlikdən böyük gözləntiləri olduğunu söyləyən ekpert Azərbaycan elminin dünyada bir o qədər də nüfuza sahib olmamasından duyduğu təəssüfü də dilə gətirib:
“Təhsil Nazirliyi hazırda öz ətrafında ən çox insanı birləşdirən qurumdur. Təkcə Təhsil Nazirliyinə tabe 4432 orta məktəb, 51 ali təhsil, 56 orta ixtisas, 60-dan çox peşə təhsil müəssisələri var və yeni qərardan sonra 1600 uşaq bağçası və körpələr evi də Təhsil Nazirliyinə verildi. Bu da o deməkdir ki, bu platformanın ətrafında kifayət qədər insan var.
Hazırda təhsildən gözləntilər haqlı olaraq kifayət qədər çoxdur. Hətta çox təəssüf ki, biz 44 günlük Vətən müharibəsindəki qələbimizdə elmimizin rolunu görmədik, daha çox xaricdən aldığımız silahlarla qələbə qazandıq. Eyni zamanda Azərbaycanda iqdisadiyyatda, sənayedə, turizmdə, hətta elmdə belə Azərbaycan elminin rolunu görə bilmirik. Bu gün Azərbaycan elmi dünyada o qədər də nüfuzlu deyil. Ona görə də yeni nazirlikdən gözləntilər kifayət qədər çoxdur və inanıram ki, bu inkişaf əməli olacaq, sadəcə kağız üzərində olmayacaq. Çünki biz cənab prezidentin 2013-cü ildə imzaladığı Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tam olaraq başa çatdığını görə bilmədik. Orada vacib məqamlar və hədəflər vardı, lakin o biz hədəflərə tam olaraq çata bilmədik. Eyni zamanda cənab prezidentin "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın da tam olaraq həyata keçirilməyini görə bilmədik. Bunlar çox ciddi məsələlər idi”.
K.Əsədov həmçinin dünyanın bir çox ölkəsində bu yanaşmadan istifadə edildiyini də qeyd edib və elm və təhsilin vəhdət halında inkişafını görə biləcəyimizə inandığını söyləyib:
“Elmi potensialın mərkəzi strukturdan idarə edilməsi çox müsbət bir tendesiyadır. Dünyanın bir çox ölkələrində bu yanaşmadan istifadə edilir. Yəni Təhsil Nazirliyi ayrıca deyil, Elm və Təhsil Nazirliyi və ya Elm, Təhsil və İnnovasiyalar Nazirliyi olur. Mən inanıram ki, yeni təyin olunacaq nazir Azərbaycanda elmi, elmin problemlərini və eyni zamanda onun həlli istiqamətində yalnız təkliflər verəcək yox, konkret əməli işlər görə biləcək bir şəxs olacaq.
AMEA-dan gözləntilərimiz böyük idi, amma istər pandemiya dövründə, istərsə də 44 günlük müharibə dövründə ciddi elmi kəşflər, ixtiralar və proseslərə müdaxilə görə bilmədik. Azərbaycan alimi, Azərbaycan elmi proseslərə yön verməli idi, amma biz onların heç birini müşahidə edə bilmədik. Bu gün elmi inkişafımıza və elmi tədqiqatlarımıza dövlət tərəfindən böyük vəsait ayrılır, lakin çox təəssüf ki, ciddi bir irəliləyiş görə bilmirik. İnanıram ki, artıq elm və təhsil vəhdət halında inkişaf edəcək. Bu isə strukturda dəyişikliklərin gözlənilməsi deməkdir”.
Ayşən İsmayılova