“Fake news”la düzgün xəbəri necə ayırd edək? –“Hər birinin cəzası verilməlidir” - ŞƏRHLƏR | 1news.az | Xəbərlər
Cəmiyyət

“Fake news”la düzgün xəbəri necə ayırd edək? –“Hər birinin cəzası verilməlidir” - ŞƏRHLƏR

10:26 - 29 / 09 / 2022
“Fake news”la düzgün xəbəri necə ayırd edək? –“Hər birinin cəzası verilməlidir” - ŞƏRHLƏR

Son zamanlar ölkəmizdə sosial şəbəkələrdə cəmiyyət tərəfindən tanınan şəxslər haqqında bir sıra əsassız xəbərlər yayılır.

Bu dezinformasiyalar həmin şəxləri gözdən salmaq, lağ-lağı obyektinə çevirmək üçün atılan iyrənc addımdır. Məsələn bir deputatın “Hollywood” ulduzuna bənzədiyi ilə bağlı adından açıqlama yayılır, digər bir deputatın evdə yox oteldə yatdığı, bir digərinin qazinin əlində bahalı telefon olduğunu dediyini iddia edir. Araşdıranda isə görürük ki, həmin şəxslərin ağzından bu cür kəlimə çıxmayıb. “Xəbər”in mənbəyini tələb etdikdə isə sosial şəbəkədə həmin profillər tərəfindən blok edilirsən. Bu tip “xəbər”lərin bir adı var:“Fake news”.

Məsələ ilə bağlı 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bu cür xəbərlərin yayılmasının səbəbini cəmiyyətimizin oxuduğu xəbərin doğruluğunu araşdırmamasında görüb:

“Cəmiyyətin savadlılıq səviyyəsi aşağı düşdüyü və düşünən insanlarının sayının az olduğuna görə problem oradan qaynaqlanır. Başqa ölkədə yaşayan biri çıxır başlayır kiminsə atası və yaxınları haqqında yalan məlumatlar yayır. Ağına-bozuna baxmadan digər insanlar qoşulur bu yalana və başlayırlar nə gəldi yazmağa. Araşdıranda görürsən ki, bu şəxs hansısa ölkənin agentidir, yaxud da elə ailə problemləri var ki, onu evdən qovublar. Ümumiyyətlə, bizim ölkədə mətni yox, başlığını oxuyurlar. Başlıqlara baxırlar və nə gəldi rəy yazırlar. Özündən əvvəlkinin rəyinə baxıb rəy yazırlar. Necə ki, qonşuya baxıb paltar, maşın alırdılarsa, eyni onun kimi. Cəmiyyətimizdəki insanlar oxuduqları xəbərin mənbəyini araşdırmalıdırlar. O “fake news” yayanlar bilmirlər ki, bu yanlış informasiyaları yaymağın bir hüquqi yolla cəzası var. Bir qismi oturub xaricdə elə bilirlər ki, heç bir cəza almayacaqlar. Onların hər biririnin fəaliyyəti araşdırırlır. Hər birinin cəzası veriləcək. Hansı ləyaqətli, namuslu insan bir başqası haqda nəsə yalan məlumat deyə bilər? Deyirsə, deməli onun ləyaqəti, namusu yoxdur. Bunun yeganə yolu Azərbaycanın savadlı kadrlarını məsələyə səfərbər etməkdir. Bəzən diqqət edəndə görürük ki, Azərbaycanda bir qrup insan var ki, dövlətin xəzinəsinin içərisində oturub oradan “bal yeyirlər”. Bir sıra vəzifələrə sahibdirlər, lakin xidmət etdikləri ölkə haqqında kimsə nəsə desə tez tökülüşüb gəlirlər ki, nə danışırsan?”.

1news.az saytının baş redaktoru Kəmalə Məmmədova bildirib ki, “Facebook”-un feyklər fabrikinə çevrildiyi heç kimə sirr deyil.

“Son zamanlar daha çox soydaşımız müəyyən bir qrup vicdansız insanların qurbanına çevrilir. Deputatlar, jurnalistlər, ictimai xadimlər - fərq qoyulmadan daha çox klik qazanmaq, paralel olaraq kütlənin əsəbləri ilə oynamaq üçün potensial hədəfə çevrilirlər.

Biz jurnalistlər, peşəkar fəaliyyətimizdə müxtəlif platformalarda hər gün, hər saat belə feyklərlə qarşılaşa bilirik. Amma əksər hallarda saxta ilə həqiqəti ayırd edə biliriksə - qeyd edim ki, bizim əməkdaşlarımız bu və ya digər faktı, foto və ya videonu diqqətlə yoxlamaq üçün "iti göz"dən əlavə, müəyyən proqram və saytlardan istifadə edir. Ancaq media işçisi bunu edirsə, adi oxucu yekdilliklə onun gözünün telefon ekranında gördüyü hər şeyə inanır. İnanır, paylaşır, şərh yazır və bu saxtakarlığın daha da yayılmasına töhfə verir ki, bu da məhz bu səhifələrin əlinə işləyir, reytinqlərini artırır.

"Facebook"-un özünə gəlincə, şəbəkə bir neçə il əvvəl öz “ərazisində” feyklərlə mübarizə aparacağını elan etdi. Amma əslində hər şey əksinədir. Son illərin praktikasının göstərdiyi kimi, onlar feyklərlə yox, bizimlə savaşa çıxıb - saxta faktları ifşa etməklə, həqiqəti əks etdirən məlumatlar yaymaqla, hətta reklam üçün pul ödəməklə onlara faktiki köməklik göstərən media nümayəndələri ilə mübarizə aparırlar. Konkret olaraq, paylaşımlarımızı, səhifələrimizi bloklayır, onların normal fəaliyyət göstərməsinə imkan vermirlər. Səbəb nədir? Cavab tapa bilmirik. Ya biz onlara az pul ödəyirik, ya da onlar özləri müəyyən dairələrin – bizim bədxahların girovuna çevriliblər. Demək istədiyim odur ki, məmləkətimizin bədxahları, uğurlarımızın xəbərindən bəlkə də qıcıqlananlar və müxtəlif yollarla bizi susdurmaq istəyənlərdir.

Dövrümüzdə feyklərlə mübarizə aparmaq çox çətindir, çünki istifadəçilər sosial şəbəkələrin əlində girov olublar. Media özünə inamı bərpa etməyi bacarmalıdır ki, oxucu şəbəkələrdəki təsdiqlənməmiş məlumatlara inanmasın, onları KİV-in səhifələrində axtarsın. Saxta məlumatları yayanlar isə mütləq müəyyən edilməli və cəzalandırılmalıdır. Bu, son nəticədə hər birimizin mənafeyinə uyğundur.

Məsələ ilə bağlı Mətbuat Şurasının İdarə Heyyətinin üzvü Hacıbəy Heydərli sosial şəbəkələrin ən təhlükəli tərəflərindən biri də burada insanların mənəvi terrora məruz qalması, demədiyi sözlərin adlarından paylaşılması olduğunu deyib:
“Xüsusən, “Facebook”da ortaya saxta bir xəbər buraxılır və insanlar bu məlumatın doğru olub-olmadığını bilmədən şərhlərdə təhqirlərə, söyüşlərə başlayır.

Bu həm də dünyada informasiya müharibəsinin ən qəddar üsullarından biri kimi səciyyələndirilir. Bu üsulla cəmiyyətin dəyərləri, dili, dini, görkəmli şəxsiyyətləri gözdən salınır, insanların beyninə şüuraltı şəkildə "hər kəs saxtakardır, hər şey yalandır, heç bir dəyər yoxdur" fikirləri təlqin edilir.

Və bu informasiya terrorun ən pis tərəfi odur ki, insan özünü müdafiə etməyə çalışanda da heç kim ona inanmır, "fake news"un "feyk" olduğunu heç kimə sübut edə bilmirsən. Dünyada aparılan araşdırmalar onu göstərir ki, ilk yayılan saxta xəbərə inananların sayı 80 faizdir, cəmi 20 faiz insan sonradan nəyisə araşdırır və ya həqiqəti axtarır.

“Fake news” qlobal dünyanın da problemi olduğu üçün çıxış yolu kimi bir çox ölkədə “xəbər doğrulama” sistemləri yaradılıb. Türkiyədə “teyit.org” saytı, ABŞ-da isə “snopes.com” bu işlərlə məşğuldur.
İstənilən istifadəçi sosial şəbəkədə görüb, şübhələndiyi məlumatı o saytlara göndərir və saxta olub-olmamağını araşdırılmasını istəyir.

Həmin saytlarda çalışan peşəkarlar isə məlumatı araşdırır, əgər xəbər saxtadırsa, bunu birbaşa “facebook” administrasiyasına bildirir və həmin səhifələrə xəbərdarlıq gəlir, yanlışlıq aradan qalxana qədər də həmin xəbərdarlıq səhifənin admin panelində qalır. Əgər “fake news” silinmirsə, səhifə daha az insana göstərilir, növbəti dəfələrdə isə tamamilə silinir.

Çoxlarımızın məlumatı yoxdur ki, hazırda ölkəmizdə az.teyit.org saytı da bu işlərlə məşğuldur.
Ancaq müşahidələrim onu göstərir ki, hazırda orada daha çox beynəlxalq xəbərlərin doğruluğu müzakirələrə çıxarılır və saxta olanda səhifələrə bildiriş gəlir. Bəlkə də çoxumuz bu saytlardan məlumatsızıq deyə sosial şəbəkələrdə bu qədər söyüşçül adamlar “at oynadır”. Mənə görə daha bir çıxış yolu isə cəmiyyəti maarifləndirmədən və ictimai qınaqdan keçir. Mətbuatımız çalışmalıdır ki, cəmiyyətimiz saxta xəbər istehsal edən insanların təsirinə düşməsin, həmin səhifə və kanalları açıq şəkildə ifşa etsin, ictimai qınağa məruz qoysun, yalnız bu halda sosial mediada dezinformasiyaların qarşısını ala bilərik”.

Bu cür əssasız xəbərlərin yayılmasının hüquqi yönü ilə bağlı hüquqşünas Ramil Süleymanov dezinformasiya yayan şəxslərin hansı ölkədə yaşamasından asılı olmayaraq yerlərinin müəyyən edilib məsələyə hüquqi yöndə baxıla biləcəyini dedi:

“Barəsində yalan məlumat yayılan şəxslər bilməlidirlər ki, onların şəxsi həyatlarının toxunulmazlığı hüququ var və bu hüquq Azərbaycan Respublikasının Konsitustisiyası ilə və digər qanunlarla qorunur. Mən bu tip başına hadisə gələn şəxslərə demək istəyirəm ki, mütləq qaydada dezinformasiya yayan şəxs haqqında onun özünə xəbərdarlıq etmədən öncə polisə məlumat versinlər. Əgər şəxs bunun yalan olduğunu sübut etsə bu zaman həmin şəxsə qarşı cinayət işi başladılır. Əgər yalan məlumatı yayan şəxs ölkə xaricindədirsə onun haqqında axtarış tədbirləri başladılır. IP ilə yer müəyyən olunduqda sözügedən şəxs cinayətə cəlb olunur. Əgər məlumat şəxsin icazəsi olmadan digər saytlarda və səhifələrdə yayılıbsa, böhtana məruz qalan şəxs həmin yerlərə müraciət edərək xəbəri sildirə bilər. Əgər silməsələr şəxs məhkəməyə böhtanı yayan şəxslərdən ona dəyən maddi və mənəvi ziyana görə müraciət edə bilər”.

Aynurə Xudaverdiyeva

Paylaş:
1145

Son xəbərlər

Gələn il Azərbaycanda ictimai nəqliyyatla bağlı islahatlara büdcədən 150 milyon manat ayrılacaqBu gün, 12:32İlham Əliyev Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşübBu gün, 12:30Riyad Qasımov: Bakının Baş planı ilə bağlı ictimai müzakirələr aparılırBu gün, 12:13COP29 çərçivəsində Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandı Bank Respublika Niderland İnkişaş Bankından yaşıl kredit cəlb etdiBu gün, 12:07Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər məsuliyyətə cəlb olunubBu gün, 11:50Ötən həftə azad olunan ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 11:35İlham Əliyev Palau Prezidenti ilə görüşübBu gün, 11:27Prezident Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşübBu gün, 11:25Yağışlı havaya təsadüf edən COP29-un 8-ci günü - İştirakçılar ilk gündəki həvəslə gəlir - FOTOREPORTAJBu gün, 11:12Dövlət başçısı Oman Sultanına təbrik məktubu ünvanlayıbBu gün, 11:0719 yaşlı tələbə qəfil vəfat etdiBu gün, 10:54Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə qəbul olunubBu gün, 10:47Füzulidə qadın keçmiş əri tərəfindən qətlə yetirilib - FOTOBu gün, 10:24AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 10:05Astarada piyada ölümü ilə nəticələnən yol qəzası olubBu gün, 09:48Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:35Bakıda və Abşeron yarımadasında yağış yağır - FAKTİKİ HAVABu gün, 09:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıbBu gün, 08:57"Azerbaijan Green Energy Company" MMC COP29-da bərpa olunan enerjiyə yatırımlar istiqamətində panel müzakirəsi təşkil edib - FOTO17 / 11 / 2024, 13:18
Bütün xəbərlər