Özünü gözəlliyə qurban verənlər – “Estetik əməliyyat etdirən hər qadın xoşbəxt olmur”- ŞƏRH
Hazırda estetik əməliyyatlar və prosedurlar dünyada olduğu kimi ölkəmizdə də olduqca geniş yayılıb.
Bu cür müdaxilələrin bir neçə səbəbi olsa da, bu əksər hallarda insanların komplekslərindən qaynaqlanır.
İnsanların bir qismi bədbəxt hadisə zamanı xəsarət aldıqlarından üzlərində və bədənlərində yaranmış fiziki qüsurları aradan qaldıraraq özlərinə olan inamı geri qaytarır, bir qismi isə heç bir ehtiyac olmadığı halda bıçaq altına yatır və ya üzlərinə lazımsız prosedurlar etdirirlər. Təəssüf ki, dünyanın hər yerində, eləcə də ölkəmizdə istər məşhur, istərsə də adi insanlar arasında estetik əməliyyat qurbanı olmuş yüzlərlə insan var. Mütəxəssislər isə estetik prosedurların həm müsbət, həm də mənfi tərəfləri olduğunu söyləyirlər.
Kosmetoloq Sevinc Abdullayeva 1news.az-a açıqlamasında estetik müdaxilələrə tələbatın günü-gündən çoxaldığını və bunu xanımların internetdə və televiziyada olan simaları görməsi ilə əlaqələndirdiyini söyləyib.
“Bu simaların şəkilləri çox vaxt filtr altında çəkilmiş olur. Blogerlər və ulduzlar öz həyat tərzlərindən danışarkən, təbii ki, gözəl həyat haqqında danışırlar. Bu insanlara daha çox cavan xanımlar baxırlar və düşünürlər ki, mən zahirən ona oxşasam, mənim həyatım da onun kimi uğurlu və parlaq ola bilər. Bir səbəb isə yaşla bağlıdır. Hazırda hər bir sahədə cavan və gözəl insanlara önəm verilir. Buna görə də xanımlar da daha gənc görünməyə çalışırlar”.
Həmçinin kosmetoloq son zamanlar ona və həmkarlarına müraciət edən kişi pasiyentlərin sayının heç də az olmadığını qeyd edib:
“Mənə və həmkarlarıma kişilər çox müraciət etməyə başlayıblar. Onlara daha çox “botulotoksin”, yəni mimik qırışların aradan götürülməsi proseduru edirik. Mən kişilərə çox vaxt “radiesse” preparatını tətbiq edirəm. Çünki bu preparat üzün cizgilərini itirmir prosedurdan sonra heç bir iz qalmır və bəylərimiz səhəri gün rahatlıqla işə gedə bilirlər”.
Ona müraciət edən hər kəsin istəyini yerinə yetirmədiyini söyləyən S.Abdullayeva ona edilən və heç vaxt unuda bilmədiyi bir müraciəti də bizimlə bölüşüb:
“Mən lazım olmayan prosedurları etmirəm. Ona görə də mənim xəstələrim daha çox 30-35 yaşdan yuxarı insanlardır. Onlarda artıq qocalma simptomları özünü göstərməyə başlayır və biz “Anti-Age” prosedurlar edirik. Cavanlar isə öz simalarını dəyişmək istəyirlər. Mən çox vaxt onları geri göndərirəm.
Bir pasiyentim vardı, almacıq sümüyü çox yuxarıda idi. 99% pasiyentlər yanaqlarının o cür olmasını istəyirlər, həmin pasiyent isə əksini istəyirdi. O, məndən xəbərsiz şəkildə gedib yanaqlarına hormonal preparat vurdurmuşdu və üzündə çapıqlar əmələ gəlmişdi. Onu uzun müddət müalicə etməli olmuşdum ki, çapıqlar getsin”.
Psixoloq Gülnar Orucova isə bildirib ki, bir insanın gözlə görünən bir qüsuru varsa və bu onun sosiallaşmasında problem yaradırsa, estetik əməliyyat etdirə bilər.
"Bəzən travmalardan sonra üzdə izlər qalır və da idmançıların burunları sınır. Yaxud bəzi insanlar var ki, burun çəpəri əyridir, rahat nəfəs ala bilmir. Bu cür hallarda, əlbəttə ki, əməliyyat etmək olar. Belə olduqda həmin insanın özünə inamı da yerinə gəlir. Bu cür insanların əməliyyat etdirməsi normaldır. Yəni əməliyyatın müsbət tərəfləri də var. Amma bu gün Azərbaycanda demək olar hər kəs estetik əməliyyat etdirir.
Teleaparıcılar, müğənnilər, sosial şəbəkələrdə aktiv olan insanlar kütlə qarşısına çıxırlar. Onlar gözəl görünmək üçün estetik əməliyyatlar edə bilərlər. Mənə maraqlıdır ki, adi insanlar, evdar qadınlar niyə estetik əməliyyat etdirirlər? Mən şəhərə çıxanda insanların üzünə baxıb görürəm ki, hamısı bir-birinə oxşayır. Hamısının burunları kəsilib, dodaqlarında və üzlərində nə qədər dolğu və gel var. Gözləri isə çəkikdir. Qadınlar özlərini elə vəziyyətə salıblar ki, mən artıq öz millətimi tanımaz hala gəlmişəm. Fikir versəniz, böyük bir qisim sırf fahişəlik etmək, bədənlərini satmaq üçün estetik əməliyyatlara gedirlər. Təbii ki, bunu hər kəsə şamil etmirəm.
Bu gün ən çox mədə kiçiltmə əməliyyatları olunur. Həkimlər bədən kütlə indeksinə baxmadan 80-90 kq insanlara belə mədə kiçiltmə əməliyyatları edirlər. Halbuki bu çəkidə olan insanlar idmanla arıqlaya bilərlər. Səhiyyə Nazirliyi buna nəzarət etmir. Bu gün bəzi insanların bu əməliyyatlardan sonra dünyasını dəyişdiyini görürük.
Elə bilirsiniz, hər estetik əməliyyat etdirən qadının əməliyyatı uğurlu olur? Bu cür əməliyyat etdirən hər qadın xoşbəxt olmur. Bu tip prosedurlardan sonra özlərinə güvəndiyini söyləyən insanlar özlərinə inamsız, iradəsiz, öz nəfslərinə sahib çıxa bilməyən insanlardır. Çünki insan bir çox halda hədsiz qida qəbul etdiyi üçün kökəlir. Kimlərinsə fikri ilə yaşayan və əhatəsində öz zəkası və ağlı ilə yer qazana bilməyən insanlar estetik əməliyyatdan sonra özlərinə inamlı ola bilərlər.
İnsanlar bəzən “Photoshop”la şəkillər paylaşırlar və yaxud fitnes-blogerlər var ki, əməliyyatlar etdirdikdən sonra məşqlərə başlayırlar. İnsanlar onların arıq olduqlarını görürlər və fikirləşirlər ki, mən niyə belə bədənə sahib olmamalıyam? Baxırlar ki, əllərində də bir az pulları var, aparıb həkimə verirlər. Əvvəllər şairlər şeirlərində “qələm qaş”, “incə dodaqlar” yazırdılar. İndiki şairlər şairlər şeir yazsalar, bilmirəm, necə yazacaqlar. Baxırsan ki, qaş Brejnevin qaşına oxşayır, dodaqlarda ki elə bil haradan gəliblər. Mənə maraqlıdır, şairlər şeirlərində indiki qızların gözəlliyini necə təsvir ediblər.
Qadın cəmiyyətdə hər halı ilə sevilməli və yer tutmalıdır. Əgər kimsə məni gözəlliyimə və çəkimə görə qəbul edirsə, onda belə çıxır ki, illər sonra yaşlanıb gözəlliyimi itirəndə ətrafımda heç kəs qalmayacaq".
Psixoloq son olaraq estetik əməliyyatlarda psixoloq rəyi olmasının vacibliyindən də danışıb:
"Heç bir estetik cərrah icazə verməz ki, estetik əməliyyatlarda psixoloq rəyi olsun, çünki psixoloq rəyindən sonra həmin insan o əməliyyatdan imtina edə bilər. Bəzi həkimlər var, mənə xəstə yönləndiriblər, deyiblər ki, xəstə əməliyyata girəndə qorxub çıxıb. Ona güvən verin ki, əməliyyata razı olsun, qorxmasın, amma demir ki, onun əməliyyata ehtiyacı yoxdur. Bunu heç bir həkim etmir”.
Ayşən İsmayılova