Məktəbdə şagird sinif yoldaşını döyüb videoya çəkdi - YENİLƏNİB - VİDEO

Sosial şəbəkələrdə məktəblərdən birində şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri yayılıb.
Bakı şəhəri 112 nömrəli tam orta məktəbdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı BŞTİ və məktəb tərəfindən həyata keçirilən tədbirlərə dair 1news.az-a açıqlamasında məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparıldığı bildirilib:
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları da məktəbdə olub, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.
Qeyd edək ki, məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür”.
112 nömrəli tam orta məktəbdən 1news.az-a verilən məlumata görə, hadisə tənəffüs zamanı baş verib:
“Bakı şəhəri 112 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, sosial şəbəkələrdə şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüs zamanı baş verib.
Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb.
Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər.
Məktəb rəhbərliyi tərəfindən şagirdlərdən və onların valideynlərindən izahat alınıb, psixoloqlar tərəfindən məktəblilərlə müvafiq istiqamətdə söhbət aparılıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.
Məktəbdaxili nizam-intizam qaydalarına əməl etməyin zəruriliyi bir daha şagirdlərin diqqətinə çatdırılıb”.
***
Məsələ ilə bağlı “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə 1news.az-a bildirib ki, bu hərəkət təkcə məktəbdə deyil ayrı-ayrı sferalarda da mövcuddur:
“Problem bir şagirdin qoçuluğu, vəhşiliyi, şagirdin bu hərəkətini bir neçə formada da adlandıra bilərik deyil. Çünki ayrı -ayrı fərdlərlə bağlı problemlər hər zamanda və hər cəmiyyətdə mövcud olub və olacaqdır.
Problem cəmiyyətimzdə formalaşan laqeyidlik sindromudur. Bu sindrom təkcə məktəbdə deyil, bütün sferalarda özünün ən iyrənc formasını almaqdadır. Və bunu formalaşdıranlar da bizik”.
***
Bakıda məktəblərin birində şagird öz sinif yoldaşını döyərək videoya çəkib.
1news.az xəbər verir ki, görüntülərdə bir məktəblinin digərinə qarşı fiziki təzyiq göstərdiyi, başqa birinin isə hadisəni videolentə aldığı məlum olur.
Hadisənin Bakıda yerləşən 112 saylı orta məktəbdə baş verdiyi iddia edilir.
Aynurə Xudaverdiyeva