Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir
Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir.
1news.az xəbər verir ki, bu barədə "Report"un Türkiyə bürosuna ölkənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nəzdindəki Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsinin (TAGEM) Trabzon şəhərində yerləşən Mərkəzi Balıqçılıq Tədqiqat İnstitutunun (SUMAE) əməkdaşları bildiriblər.
Qeyd olunub ki, bu mərkəz 1987-ci ildən bəri Türkiyənin dəniz və daxili su ehtiyatları, əsasən ölkənin balıqçılıq tısərrüfatının 80 fazini qarşılayan Qara dəniz üçün tədqiqat və inkişaf fəaliyyətləri həyata keçirir. İnstitutun əsas məqsədləri su ehtiyatlarının davamlı istifadəsini öyrənmək, biomüxtəlifliyi qorumaq, elmi əsaslı balıqçılıq və akvakultura siyasətlərinin inkişafını dəstəkləmək və tədqiqat nəticələrini, eləcə də elmi bilikləri sektora ötürməkdir.
Məlumata görə, bu çərçivədə Azərbaycanın müvafiq qurumları ilə də əməkdaşlıq aparılır. O cümlədən, nəsli tükənməkdə olan, Qara dənizdə nərə balıqlarının Mersin növünün çoxaldılması və kürü istehsalı üçün Azərbaycan təcrübəsi də öyrənilir.
Bununla əlaqədar dövlət proqramı çərçivəsində SUMAE-nin nəzdində quraşdırılmış hovuzlarda xüsusi qayğıya ehtiyac görülən nərə balıqları çoxaldılır.
Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyənin Antalya şəhətində keçiriləcək COP31-ə hazırlıq çərçivəsində Trabzonda beynəlxalq tədbir təşkil olunub. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə sentyabrın 10-dan 12-dək keçirilən proqramda dünyanın 17 ölkəsindən 27 jurnalist iştirak edir.












