“Kütləvi dezinformasiya silahı”: CNN ABŞ məhkəməsində Bakı qarşısında cavab verəcək | 1news.az | Xəbərlər
Mövqe

“Kütləvi dezinformasiya silahı”: CNN ABŞ məhkəməsində Bakı qarşısında cavab verəcək

Fəridə Bağırova15:06 - Bu gün
“Kütləvi dezinformasiya silahı”: CNN ABŞ məhkəməsində Bakı qarşısında cavab verəcək

Jurnalistikanın qızıl dövründə CNN və “The New York Times” kimi media qurumlarının binalarının fasadındakı loqolar həqiqətin etalonları kimi qəbul olunurdu.

Redaksiya filtri, faktların yoxlanılması institutu və balans prinsipi sarsılmaz təməl hesab edilirdi. Bu gün isə həmin təməldən yalnız toz basmış fasad qalıb.

Qərb mediasının ən qədim institutları dərin sistemli böhran yaşayır. İnformasiya əsri xoşagəlməz bir həqiqəti üzə çıxarıb: böyük və nüfuzlu media qurumları geosiyasi təzyiq alətinə çevrilib. Bu mühitdə jurnalist etikası siyasi məqsədəuyğunluğa qurban verilir, obyektivliyin yerini isə açıq şəkildə sifarişli materiallar tutur.

Bunun ən son və bəlkə də ən bariz nümunəsi Azərbaycanın ABŞ-nin federal məhkəməsinə Amerika telekanalı CNN-ə qarşı iddia ərizəsi ilə müraciət etməsidir. Bu hadisə mühüm bir mərhələnin başlanğıcıdır: suveren dövlət media dezinformasiyası yayanlarla mübarizəni diplomatik notalar müstəvisindən məhkəmə-hüquq müstəvisinə, yəni cavabdehin ölkəsinin hüquqi məkanına keçirir. Mübarizə meydanı onilliklər ərzində sifarişli materialların müəlliflərinin arxasında gizləndiyi həmin yurisdiksiyaya çevrilir.

Təxribatın anatomiyası

5 iyun 2026-cı ildə CNN World saytında Azərbaycanla bağlı təxribat xarakterli ittihamların yer aldığı material dərc edilib. Məqalədə iddia olunurdu ki, Azərbaycanın ərazisindən İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi üçün istifadə olunur, həmçinin Azərbaycanın cənubunda, İran sərhədinə yaxın ərazilərdə İsrail xüsusi təyinatlılarının yerləşdirildiyi və casusluq avadanlıqlarının qurulduğu bildirilirdi.

Qəbul olunmuş jurnalist araşdırması praktikası jurnalistdən elementar tələblərə əməl etməyi tələb edir: faktları yoxlamaq, obyektiv sübutlarla işləmək və qarşı tərəfin mövqeyini nəzərə almaq. Bəs CNN necə hərəkət etdi?

Bakı material dərc olunmazdan əvvəl də telekanalın redaksiyasını rəsmi şəkildə məlumatlandırmışdı. CNN-in ilkin sorğusuna cavab olaraq Azərbaycan tərəfi hərtərəfli açıqlama verərək bildirmişdi ki, ölkə ərazisindən üçüncü dövlətlər tərəfindən qonşu İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri ilə istifadə olunması tamamilə istisnadır.

CNN isə Bakının rəsmi mövqeyinə məhəl qoymadı. Azərbaycanın cavabı materialda adekvat şəkildə əks etdirilmədi, əsas tezislər isə “anonim mənbələrə” əsaslandırıldı.

Məqalə dərc edildikdən sonra Bakı rəsmi təkzib tələb etdi. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib:

“CNN World xəbər kanalının saytında iyunun 5-də yayımlanmış məqalədə Azərbaycanın ərazisindən İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə olunması və İsrail qüvvələrinin Azərbaycanın ərazisində yerləşdirilməsi ilə bağlı irəli sürülən iddialar tamamilə əsassızdır və biz onları qətiyyətlə rədd edirik.

Anonim mənbələrə əsaslanan, heç bir tutarlı sübutla təsdiqlənməyən və Azərbaycanın rəsmi mövqeyinin nəzərə alınmadığı iddiaların dərc edilməsi obyektivlik, qərəzsizlik və jurnalist etikası prinsiplərinə ziddir.

Dəfələrlə bildirildiyi kimi, Azərbaycanın ərazisindən hər hansı üçüncü ölkəyə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmənçilik məqsədləri üçün istifadə olunması ilə bağlı heç bir əsas yoxdur. Ölkəmiz heç vaxt belə hallara yol verməyib və verməyəcək.

Azərbaycan regionda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin təşviqinə sadiqdir. Bu cür əsassız və heç bir sübutla təsdiqlənməyən iddialar növbəti dezinformasiya cəhdidir.

CNN-dən əsassız iddiaların yer aldığı bu materialı təkzib etməsini gözləyirik”.

CNN redaksiyası 6 iyun, 23 iyun və 2 iyul 2026-cı il tarixlərində göndərilən, materialda yer alan iddiaların təkzib olunmasını və müvafiq düzəlişlərin edilməsini tələb edən təkrar rəsmi məktublara da məhəl qoymadı.

Yalan məlumat isə saytda qalmağa davam etdi və üçüncü qüvvələrin maraqlarına xidmət edən informasiya alətinə çevrildi.

Milyonlarla auditoriyaya malik media resursu rəsmi faktlara zidd olaraq anonim mənbələrə əsaslanan saxta məlumatlar yayırsa, bu, artıq səhv jurnalistika deyil. Bu, şüurlu dezinformasiya əməliyyatıdır.

Göründüyü kimi, bu media hücumunun və Bakının buna cavabının xronologiyası belə inkişaf edib: əvvəlcə CNN redaksiyası sorğu göndərib və Azərbaycan tərəfi həmin sorğuya rəsmi və birmənalı cavab verib. Aldığı fakta məhəl qoymayan telekanal 5 iyun 2026-cı ildə saxta material dərc edib. İyunun 6-dan iyulun 2-dək Bakı materialın təkzib olunmasını tələb edən üç təkrar nota göndərib. Adekvat cavab almadıqdan sonra isə ABŞ-nin federal məhkəməsində iddia qaldırılması təşəbbüsü irəli sürülüb.

Geosiyasi kontekst

Azərbaycanda “gizli İsrail bazalarının” olması ilə bağlı şayiələr ilk dəfə deyil ki, yayılır. Bu, informasiya məkanına sistemli şəkildə atılan narrativdir. Məqsəd aydındır – Bakının qonşuları ilə münasibətlərinə nifaq salmaq.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yaxın zamanda Türkiyə mediasına müsahibəsində bu cür materialların sifarişçilərinə birbaşa işarə edib:

“Azərbaycanda “İsrail bazalarının olması” və Bakının guya İsrail üçün “xilasetmə dairəsi” olması ilə bağlı qara təbliğat Türkiyə və Azərbaycanın düşmənləri tərəfindən uydurulmuş yalandır. Biz çağırış edirik! Gəlin, birlikdə burada hər metri gəzək və görək, İsrailə məxsus hər hansı bir şey varmı? Biz bu iddiaların müəlliflərinə istədikləri yerdə yoxlama aparmaq imkanı verməyə hazırıq”.

Azərbaycan ərazisindən üçüncü ölkələrə qarşı hərbi əməliyyatların həyata keçirilməsinə yol verilməməsi sadəcə bəyanat deyil, Bakının xarici siyasətinin fundamental prinsiplərindən biridir. Lakin CNN səviyyəsində olan media qurumlarını real vəziyyət maraqlandırmır. Onlar üçün əsas məsələ geniş coğrafi məkanda sabitliyi poza biləcək informasiya səs-küyü yaratmaqdır.

Bakı ssenariləri pozur

Azərbaycan Prezidenti İlham Əliyev müasir Qərb mediasının transformasiyası fenomenini dərin və dəqiq şəkildə xarakterizə edib.

“Vacib olan odur ki, narrativ həqiqətə uyğun olsun və reallığı əks etdirsin. O, qərəzli olmamalıdır. Əks halda, bu o deməkdir ki, hər şey əvvəlcədən təşkil olunub, xüsusilə də narrativ koordinasiyalı kampaniyanın bir hissəsidirsə. Biz buna media hücumu deyirik. Bu, bir məsələdir. Əgər səbəb məlumat çatışmazlığıdırsa, bu, tamam başqa məsələdir”, – dövlət başçısı 2024-cü ildə keçirilən II Şuşa Qlobal Media Forumunda bildirib.

O qeyd edib ki, Azərbaycan uzun illər ərzində faktların manipulyasiyasının və yalan narrativlərin qurbanı olub:

“Azərbaycanın qarşılaşdığı və hələ də qarşılaşmaqda davam etdiyi məsələ koordinasiyalı media hücumudur. Bu hücum mühüm geosiyasi hadisələrlə müşayiət olunur. Bu media hücumunun təşkilatçıları bizimlə bağlı məqsədlərinə nail ola bilmirlər, çünki onların məqsədləri bizim maraqlarımıza ziddir. Buna görə də onlar bu mexanizmdən istifadə edirlər.

Təsir göstərməyin çoxsaylı digər mexanizmləri də mövcuddur. Məsələn, qeyri-hökumət təşkilatları, maliyyələşdirmə və suveren dövlətlərin daxili işlərinə müdaxilənin müxtəlif digər formaları. Lakin ən nəzərəçarpan və həssas təsir vasitəsi mediadan gələn təsirdir. Xüsusilə də bu təsir böyük və tanınmış media qurumlarından qaynaqlanırsa”.

“Media silah kimi istifadə edilməməlidir. Fikirlər müxtəlif olmalıdır. Bu gün bir çox ölkələrdə media müxtəlif məsələlərlə bağlı yalnız bir mövqeni əks etdirir. Avropada bir narrativ, bəzi Asiya ölkələrində başqa, Rusiyada üçüncü, Azərbaycanda isə öz narrativimiz var. Bu, medianın həddindən artıq siyasiləşdiyini göstərir”, – Azərbaycan lideri vurğulayıb.

Prezident İlham Əliyev jurnalistikanın sosial məsuliyyətinə də xüsusi diqqət çəkib:

“Əlbəttə, biz medianın obyektiv olmasını istərdik. Hər kəs subyektivdir, lakin media nümayəndələri xüsusi məsuliyyət daşıyırlar. Çünki onların mesajları və hadisələri necə işıqlandırmaları bir çox hallarda insanların həyatına təsir göstərir”.

Göründüyü kimi, media məkanı hərbi əməliyyatlar teatrına, məqalələr isə informasiya-psixoloji əməliyyatların “mərmilərinə” çevrildikdə, “söz azadlığı” anlayışı hüquqi özbaşınalığa əlverişli pərdə rolunu oynamağa başlayır.

Qlobal böhran: Trampdan milyonlarla dollarlıq cərimələrə qədər

Qeyd etmək lazımdır ki, Azərbaycan dezinformasiya kampaniyalarının yeganə qurbanı deyil. Qərbin öz siyasi sistemi və onun liderləri də mütəmadi olaraq eyni problemlə üzləşirlər.

Azərbaycan Prezidenti də buna diqqət çəkib:

“Bu gün biz görürük ki, hətta ABŞ Prezidenti də uzun illər ərzində bizim qarşılaşdığımız problemlərlə üzləşir. Prezident Tramp “The Washington Post” və “The New York Times”ı saxta xəbərlərin mənbəyi adlandırıb. Mən də onunla tamamilə razıyam – təkcə bununla bağlı deyil, digər açıqlamaları ilə də”.

Donald Trampın CNN jurnalistləri ilə söz atışmaları artıq dünya siyasətinin klassikasına çevrilib. Cəmi bir neçə gün əvvəl ABŞ-nin keçmiş prezidenti telekanalın müxbirini açıq şəkildə sərt tənqid edib:

“Saxta xəbərlər. Sən saxta xəbərsən. Sən yüksək səslə danışan, səs-küylü bir insansan. Sən saxta xəbərsən. Sus!… Sən saxta jurnalistsən və saxta xəbərlər yayırsan!”

Ağ Evin “X” sosial şəbəkəsindəki rəsmi hesabı da bu müzakirəyə qoşularaq jurnalistin davranışının “öz peşəsi üçün utancverici, alçaldıcı bir rüsvayçılıq” olduğunu bildirən şərhlə videokadrları yayımlayıb.

Trampın NBC, “The New York Times” və CNN-i mütəmadi olaraq tənqid etməsi sadəcə şəxsi antipatiyanın ifadəsi deyil. Bu, Amerika və dünya ictimaiyyətinin aparıcı media korporasiyalarına etimadının ümumi şəkildə azalmasının göstəricisidir.

Qərbin ən böyük media qurumları ilə bağlı məhkəmə prosesləri və reputasiya böhranları problemin miqyasını əyani şəkildə göstərir:

  • 2019-cu ildə Kentukki ştatından olan məktəbli Nikolas Sandmann CNN-ə qarşı faktların təhrif edilməsi və məqsədyönlü təqiblə bağlı 275 milyon dollarlıq iddia qaldırıb;
  • həmin il Nikolas Sandmannın vəkilləri “The Washington Post”a qarşı 250 milyon dollarlıq iddia ərizəsi təqdim ediblər;
  • 2023-cü ildə “Fox News” telekanalı Dominion şirkətinin səsvermə maşınları vasitəsilə seçkilərin saxtalaşdırılması ilə bağlı yalan məlumatların yayılması işi üzrə məhkəmədənkənar razılaşma çərçivəsində 787,5 milyon dollar ödəməyə razılaşıb;
  • 2018-ci ildə Almaniyanın “Der Spiegel” jurnalı özünün “ulduz müxbiri” Klaas Relotiusun illər ərzində reportajları saxtalaşdırması və onları tamamilə uydurması faktının üzə çıxmasından sonra ağır reputasiya zərbəsi ilə üzləşib. Relotius bu saxta materiallara görə nüfuzlu mükafatlar da almışdı.

Bu hadisələr göstərir ki, qəsdən yayılan yalanın bədəli var. Daha da önəmlisi, Qərb mediasının qüsursuzluğu ilə bağlı mif artıq dağılıb.

Cəzasızlıq dövrünün sonu

Nəhayət, CNN World bölməsinin 2026-cı ilin yayında İsrailin Azərbaycanda hərbi mövcudluğu ilə bağlı yalan məlumatlar yayması Azərbaycan tərəfindən ABŞ məhkəməsində genişmiqyaslı federal iddianın qaldırılması ilə nəticələnib.

Azərbaycanın ABŞ-nin federal məhkəməsində CNN-ə qarşı qaldırdığı iddia beynəlxalq hüquq və media praktikası baxımından mühüm presedentdir. Onilliklər ərzində Qərb redaksiyaları tam toxunulmaz olduqları məntiqindən çıxış ediblər. Onlar istənilən suveren ölkə haqqında onun reputasiyasını zədələmək, diplomatik qalmaqala səbəb olmaq məqsədilə yoxlanılmamış saxta məlumat dərc edə, daha sonra isə “biz sadəcə anonim mənbələrə istinad etmişik” ifadəsinin arxasında gizlənə bilirdilər.

Bu konveyer artıq qırılır. Dövlət institutları media “qatillərini” məhz onların öz hüquq sistemində məsuliyyətə cəlb etməyə başlayanda, oyunun qaydaları dəyişir.

İndi CNN ABŞ məhkəməsində cavab verməli, həmin “anonim mənbələri” təqdim etməli və dövlətin rəsmi təkziblərinin niyə nəzərə alınmadığını izah etməli olacaq.

Anonim məlumat sızmalarına əsaslanan “cəzasız jurnalistika” dövrü sona yaxınlaşır. Əgər ənənəvi media (legacy media) öz adını informasiya müharibəsi alətinə çevrilmək statusu ilə dəyişmək qərarına gəlibsə, bunun bədəlini ödəməli olacaq – reputasiya, maliyyə itkiləri və məhkəmə qərarları ilə.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər