“Sabah”ın dəst-xətti Kerrikin modelinə qarşı: “Old Trafford”dakı məğlubiyyətin təhlili | 1news.az | Xəbərlər
İdman

“Sabah”ın dəst-xətti Kerrikin modelinə qarşı: “Old Trafford”dakı məğlubiyyətin təhlili

First News Media14:30 - Bu gün
“Sabah”ın dəst-xətti Kerrikin modelinə qarşı: “Old Trafford”dakı məğlubiyyətin təhlili

Azərbaycan çempionu Çempionlar Liqasında debütünü “Mançester Yunayted”ə (Manchester United) 0:4 hesablı məğlubiyyətlə etdi.

Meydan sahiblərinin qollarını 27-ci dəqiqədə Mateus Kunya, 42-ci dəqiqədə Bruno Fernandeş, 45-ci dəqiqədə Benjamin Şeşko və 68-ci dəqiqədə Lisandro Martines vurdu.

Dərin müdafiəyə qapanmaqdan imtina edən Valdas Dambrauskasın komandası öz oyun üslubuna sadiq qaldı; lakin komandanın yüksək pressinqi Maykl Kerrikin səkkiz ay ərzində məhz təzyiq altında oynamaq üçün yenidən qurduğu rəqiblə qarşılaşdı.

* * *

2002-ci ildə Valdas Dambrauskas məşqçilik karyerasına klubun adını və loqosunu daşıyan uşaq məktəbində, “Manchester United Soccer Schools”da başlamış, dolanışığını təmin etmək üçün isə eyni vaxtda bir neçə yerdə işləməyə məcbur olmuşdu. 2026-cı il sentyabrın 10-da isə o, “Old Trafford” qazonuna 2017-ci ildə yaradılmış “Sabah”ı (Sabah FC) çıxardı.

Mövcud olduğu doqquz il ərzində Bakı təmsilçisi ilk dəfə Azərbaycan çempionluğunu və Kubokunu qazandı, təsnifat mərhələsində dörd rəqibi keçərək “Qarabağ”dan sonra Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan ikinci yerli klub oldu. Qarşılaşma statistik məcmuələrə də düşdü: “Mançester Yunayted” tarixində ilk dəfə Azərbaycan klubu ilə üz-üzə gəlirdi; “Sabah”ın start heyəti isə Optanın hesablamalarına görə, turnir tarixində meydana 11 fərqli ölkənin futbolçuları ilə çıxan ilk debütant heyət kimi qeydə alındı.

“Sabah” hansı “Yunayted”lə qarşılaşdı?

Hələ yanvar ayında «Sabah»ın rəqibi tamam başqa görkəmdə idi. Ruben Amorimin işdən çıxarılmasından sonra yeddinci pillədə qərarlaşan “Yunayted”də yanvarın 13-də baş məşqçi səlahiyyətlərinin icrası Maykl Kerrikə tapşırıldı. Onun rəhbərliyi altında komanda 16 oyunun 11-də qalib gəldi, “Mançester Siti”, “Arsenal”, “Liverpul” və “Çelsi”ni məğlub etdi, mövsümü üçüncü yerdə başa vuraraq Çempionlar Liqasına qayıtdı. May ayında isə Kerriklə 2028-ci ilə qədər daimi müqavilə imzalandı.

Dəyişikliklər ilk növbədə struktur xarakteri daşıyırdı. Əgər Amorim üç mərkəz müdafiəçisi və cinah beklərindən (lateral) ibarət sxemdən yapışıb qalmışdısa, Kerrik elastik 4-2-3-1 düzülüşünə keçdi. Bu sistem oyun gedişində hücumda 3-2-5-ə, müdafiədə isə 4-4-2-yə transformasiya olunur. Futbolçular öz alışdıqları mövqelərə qayıtdılar və bunu gizlətmirlər. Harri Maquayr “The Guardian”a müsahibəsində Amorimin ideyalarının yaxşı olduğunu, lakin “Yunayted”də işləmədiyini, dördlü müdafiə xəttində isə özünü xeyli rahat hiss etdiyini bildirmişdi.

Ən böyük yenilik isə hücumların arxadan qurulması ilə bağlı idi – məhz “Sabah”ın pressinq zamanı hədəf aldığı mərhələ dəyişmişdi.

Amorimin dövründə qapıçı Senne Lammensa topu uzaq məsafəyə vurmaq tapşırılırdısa, Kerrik qapıdan qısa paslarla çıxışı bərpa etdi: komanda 4-2-4 formasında açılır, Lammens isə mərkəz müdafiəçilərinin arasına keçir. Mövsümöncəsi təhlilində BBC Sportun taktika icmalçısı Umir İrfanın qeyd etdiyi kimi, modelin təməlində “üçlüklər” dayanır - üç oyunçudan ibarət qruplar ani kombinasiyalar və “üçüncü oyunçunun qaçışı” sayəsində təzyiqdən sıyrılır. Məsələn, geriyə qayıdan Bruno Fernandeşə atılan şaquli ötürmə Yuri Tilemansın rəqibin arxasına reyd etməsi üçün siqnal rolunu oynayır.

Topsuz oyunda həmin sxem dörd hücumçunu irəlidə və mərkəzə yaxın saxlayır, nəticədə top ələ keçirilən kimi “Yunayted” dərhal rəqib qapısı qarşısında say bərabərliyi əldə edir. Bu modelin zəif tərəfi mövsümöncəsi “Milan”la oyunda üzə çıxmışdı: italyanlar 5-2-3 sxemində cinah beklərini dərində saxlayaraq meydanı eninə genişləndirmiş və «Yunayted»in pressinqi topun arxasınca çatdırmamışdı. Premyer Liqaya da komanda qeyri-sabit başladı: ilk üç turda cəmi dörd xal.

Pressinq niyə nəticə vermədi?

İlk yarım saatda “Sabah” baş məşqçisinin matçdan öncə vəd etdiyi oyunu sərgilədi: Dambrauskas komandanın təslim olmağa və ya yalnız müdafiə olunmağa çıxmayacağını bildirmişdi. Qonaqlar yüksək təzyiq göstərir, bəzən rəqibi cərimə meydançasının lap yaxınlığında qarşılayırdı; “Yunayted” hücum qurmaqda çətinlik çəkirdi, tribunalardan isə narazı səslər eşidilirdi. Pressinq sinxron işləyəndə bəhrəsini verirdi: 36-cı dəqiqədə qonaqlar topu rəqib meydançasında qazandılar, Kahim Parris cinahdan asma etdi və Coy-Lens Mikelsin başla vurduğu zərbə torun kənarına dəydi. Optanın dəyərləndirməsinə görə, bu, qonaqların meydan sahiblərinin qapısı qarşısında yaratdığı yeganə real təhlükə idi.

Lakin ön xətdəki hər təzyiq müdafiəçilərdən yarımmüdafiənin arxasınca irəli çəkilməyi tələb edirdi; hər top itkisi isə qonaqların arxasında Kerrikin komandasının ən çox sevdiyi boş zonaları buraxırdı.

Dörd qoldan üçü məhz bu səbəbdən qaynaqlandı.

İlk qol Parrisin mərkəzdə topu itirməsindən sonra vuruldu: Bruno topu dərhal sol cinaha Patrik Dorquya ötürdü, onun yerdən kəsməsini Mateus Kunya tamamladı. Bu, məhz “Yunayted”in dörd hücumçunu irəlidə saxlayaraq qazanmaq istədiyi klassik əks-hücum ssenarisi idi.

İkinci qol yayda BBC tərəfindən yeni modelin nümunəsi kimi göstərilən Bruno və Tilemans əməkdaşlığından doğdu: Tilemans cərimə meydançasında ötürməni aldı və müdafiəçilərin arasında sərbəst qalan Brunonun önünə yuvarladı.

Üçüncü top isə xətlərarası qopmanı çılpaqlığı ilə ortaya qoydu. “Sabah”ın yarımmüdafiəsi pressinqə getdi, müdafiə xətti mərkəzə doğru çıxdı, amma bunu qeyri-sinxron etdi və xətlərin arasında böyük dəhliz yarandı. Brayan Mbeumo mərkəzdən bir şaquli ötürmə ilə bütün müdafiə blokunu kəsib atdı, Benjamin Şeşko qapıçı ilə təkbətək çıxaraq onu soyuqqanlılıqla keçdi. Nə cinah asması, nə də artıq bir toxunuş.

Axşamın əsas paradoksu da elə bundadır. Mövsümöncəsi oyunlara əsasən, Kerrikin modelinə ən çox problemi dərində qapanan və arxada boşluq buraxmayan rəqiblər yaradır. “Sabah” isə tam əks yolu seçdi və bununla da “Yunayted”ə məhz onun uyğunlaşdırıldığı və arzuladığı oyunu təklif etdi. Bu, qətiyyən "avtobus" taktikasına çağırış deyil: dərində qapanmaq Dambrauskas komandasının dəst-xəttinə ziddir və bundan imtina şüurlu bir seçim idi.

Lakin bu amil cəsarətin niyə belə baha başa gəldiyini izah edir.

İfaçı ustalıq səviyyəsi də həlledici rol oynadı. 2020-ci ildən bəri Bruno Fernandeş UEFA turnirlərində bütün yarımmüdafiəçilərdən çox qol vurub (23) və hamıdan çox məhsuldar ötürmə edib (21). İlk hissədə vurulan üç top üç fərqli oyunçunun ayağından və digər üç fərqli komanda yoldaşının ötürməsindən sonra gəldi; Optanın məlumatına görə, “Yunayted”in Çempionlar Liqası tarixində belə hal ikinci dəfə baş verdi, ilk dəfə isə bu, 2003-cü ildə olmuşdu.

FotMobda ən yüksək qiyməti Bruno aldı (8,7), Dorqu 8,4, Mbeumo, Kunya və Lisandro Martines isə hərəyə 8,2 balla qiymətləndirildi. Pressinq rəqib təzyiq altında səhvə yol verəndə fayda gətirir; bu səviyyəli ustalar isə nadir hallarda səhv edirlər.

“Sabah”ın zəif nöqtələri

Dambrauskas problemi kənar müşahidəçilərdən daha dəqiq ifadə etdi. O, jurnalistlərə açıqlamasında komandada qorxu hissi görmədiyini, lakin “xüsusilə arxa xəttin irəli çıxması üçün cəsarətin çatışmadığını” vurğuladı.

Mətbuat konfransında baş məşqçi dəqiqləşdirdi: hücumla müdafiə arasındakı məsafə bəzən həddindən artıq böyüyürdü, top itkilərindən sonra isə oyunçular geriyə qayıtmağa çatdırmırdılar. Zədə səbəbindən mərkəz müdafiəçisi Stiv Solvet matçı buraxmış, start heyətində onu Eyden Makkarti əvəzləmişdi.

İkinci zəif bənd ilk ötürmə oldu. Dambrauskasın modeli müdafiədən qısa və orta ötürmələrlə çıxışı nəzərdə tutur və bu sxemdə qapıçı ilk pleymeykerə çevrilir.

Qazaxıstan mətbuatı hələ təsnifat oyunlarından sonra qeyd edirdi ki, qapı xəttində inamlı təsir bağışlamasına baxmayaraq, Stas Pokatilov hücumun ilkin qurulması fazasında həm ayaqla, həm də əllə çıxışlarda o qədər də etibarlı görünmür. Mançesterdəki matç da bunu təsdiqlədi: beş qurtarış, lakin komandanın orta 86%-lik göstəricisi fonunda cəmi 74% ötürmə dəqiqliyi və “Sabah”ın orta 6,2 balına qarşı Flashscoredan alınan 5,6 reytinqi.

Dördüncü qol cəld yerinə yetirilən cərimə zərbəsindən sonra yaranan çaşqınlıqdan doğdu: top qapıçı ilə mərkəz müdafiəçisi arasında bir neçə an var-gəl etdi və nəticədə Martines onu tora qovuşdurdu. “Hapoel”lə cavab oyununda “Sabah” qapıçının topu əllə cəld oyuna daxil etməsindən sonra qol buraxmışdı. Həmin matçdan sonra Pokatilov bu cür epizodları oyun modeli ilə əlaqələndirmişdi: “Bu bizim oyunumuzdur, onu məhz bunun üzərində qururuq”.

Lakin bu oyun tərzi onun özünə də ciddi tələblər qoyur: Dambrauskasın formalaşdırdığı oyun cizgisinə tam cavab vermək üçün “Sabah”ın kapitanı ayaqla oyun səviyyəsini xeyli artırmalı olacaq.

Qarşılaşmadan sonra isə Pokatilov mənzərəni fərqli qiymətləndirdi: onun sözlərinə görə, hesab oyunun məzmununu əks etdirmir, buraxılan qollar fərdi səhvlərin nəticəsi idi, rəqibin oyununda isə o, heç bir fövqəladə kombinasiya görməyib.

Rəqəmlərin dili ilə matç

Göstərici

“Mançester Yunayted”

«Sabah»

Topa sahibolma

58%

42%

Zərbələr

21

11

Dəqiq zərbələr (çərçivəyə)

10

0

Gözlənilən qollar (xG)

3,67

0,92

Real qol epizodları

5

2

Dəqiq ötürmələr

572

390

Ötürmə dəqiqliyi

91%

86%

Künc zərbələri

7

2

Mənbə: FotMob, Opta məlumatları.

Bu statistikanın iki tərəfi var. Çərçivəyə zərbələrdəki və gözlənilən qol göstəricilərindəki (xG) kəskin fərq iki qapı qarşısında yaranan epizodların keyfiyyət dərəcəsini göstərir. Lakin İngiltərə nəhənginin meydanında 42% topa sahibolma və 390 dəqiq ötürmə yalnız müdafiə olunmayan, öz futbolunu oynamağa çalışan komandanın göstəricisidir. Müqayisə üçün: Azərbaycan klubları İngiltərədə Çempionlar Liqası çərçivəsində dörd səfər matçı keçirib və hamısını ümumi 2:19 hesabı ilə uduzub. “Qarabağ” “Çelsi” və “Liverpul”a 0:6, “Nyukasl”a isə 2:3 uduzmuşdu.

“Old Trafford”un dərsi məhz baş məşqçinin özü tərəfindən ifadə olundu: bu, cəsarətlə ehtiyatlılıq arasındakı seçim deyil, xətlərin uzlaşması məsələsidir.

Yarımmüdafiə pressinqə qalxırsa, arxa xətt dərhal onun arxasınca irəliləməli, qapıdan başlayan ilk ötürmə isə rəqib təzyiqinə tab gətirməlidir. Əks təqdirdə, arxada qalan boşluğu bu səviyyəli rəqib bağışlamır.

Lakin səhvlərin təhlili arxasında əsas məqam unudulmamalıdır. Dambrauskas vaxtilə loqosu altında uşaq məşqçisi kimi ilk addımlarını atdığı klubun qarşısına çıxdı və bu gecəni böyük ləyaqətlə başa vurdu. Bunu Mançesterdə də layiqincə qiymətləndirdilər: Kerrik «Sabah»a qarşı oynamağın çox çətin olduğunu etiraf etdi, litvalı mütəxəssisin «Yunayted» haqqında xoş sözləri isə meydan sahiblərinin sosial şəbəkələrdəki azarkeşlərinin diqqətindən yayınmadı.

Onun komandası dünyanın ən məşhur arenalarından birində gizlənmədi, öz prinsiplərinə xəyanət etmədi; Mançesterə gələn 600-ə yaxın azarkeş isə son fitə qədər öz futbolunu oynamağa çalışan “Sabah”ı gördü.

Ölkə daxilində isə klub ötənilki qızıl dublla başlayan dövrü uğurla davam etdirir: çempionluğun qorunması yoluna inamla başlayan komanda İngiltərə səfərindən öncə “Zirə”ni 5:0 hesabı ilə darmadağın etmişdi.

Oktyabrın 13-də “Sabah” öz meydanında Praqa “Slaviya”sını qəbul edəcək. Azərbaycan çempionuna yalnız uğurlar arzulamaq qalır. Qoy məhz həmin gecə komandaya Çempionlar Liqasının ümumi mərhələsində ilk tarixi qələbəsini gətirsin

Müəllif: Zenga

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər