Prezident İlham Əliyev Anqolanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Anqola Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto da Silva Kunhanın etimadnaməsini qəbul edib.
1news.az xəbər verir ki, səfir Auqusto da Silva Kunha etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı vurğulayıb ki, Anqola ilə Azərbaycan arasında siyasi əlaqələr yaxşı səviyyədədir, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur. Energetika sahəsini xüsusi qeyd edən Prezident İlham Əliyev ölkələrimizin bu sahədə də əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırdı.
Azərbaycan Prezidenti ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Anqolanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasında aparılan islahatlar çərçivəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən ölkənin rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması təşəbbüsü ilə çıxış etdiyini vurğulayıb, Hərəkata üzv dövlətlər arasında bununla bağlı məsləhətləşmələrin aparılmasının vacibliyini qeyd edib.
Auqusto da Silva Kunha Azərbaycana qeyri-rezident səfir təyin olmasından məmnunluğunu bildirib və Anqola Prezidenti Joao Lorensonun salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Anqolanın dövlət başçısına çatdırmağı xahiş edib.
Səfir bildirib ki, Anqola müstəqillik əldə etdikdən sonra Azərbaycan bu ölkədə mütəxəssislərin hazırlanmasına böyük töhfələr verib. Diplomat bu xüsusda mütəxəssislərin, mühəndislərin, həkimlərin və hərbçilərin hazırlanmasında Azərbaycanın ali təhsil müəssisələrinin mühüm rol oynadığını diqqətə çatdırıb. Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirən Auqusto da Silva Kunha Anqolanın Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə dəstək verdiyini vurğulayıb və ölkəmizin təşkilatda sədrliyinə uğurlar arzulayıb.
Dövlət başçısı deyib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədrliyini qəbul edən zaman təşkilata üzv dövlətlərin problemlərinin gündəlikdə saxlanılacağını xüsusi qeyd etmişdi və dövlətimiz bu məsələyə mühüm əhəmiyyət verir.
Görüşdə həmçinin elm, təhsil, kənd təsərrüfatı, mədən sənayesi, energetika sahələrində və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.