Polad Bülbüloğlu Türkiyə Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində olub - FOTO
Bu gün Səfir Polad Bülbüloğlu və Səfirliyin müşavir-elçiləri İsmayıl Əsədov və Aqşin Əliyev Türkiyə Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində olmuşlar.
Polad Bülbüloğlu Səfirliyin kollektivi və öz adından cari ilin 6 fevral tarixində baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş güclü zəlzələ ilə bağlı Türkiyə xalqına başsağlığı vermiş, yaralananlara şəfalar diləmişdir. Səfir vurğulamışdır ki, faciənin ilk dəqiqələrindən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə zəlzələ bölgəsinə, oradakı insanlara bütün lazımi yardımlar göndərilmiş və bu gün də bu yardım davam etməkdədir. Azərbaycan xalqı səfərbər olaraq zəlzələnin baş verdiyi ərazilərə, oradakı zərər çəkmiş əhaliyə dəstək üçün əlindən gələni əsirgəmir.
Rusiyada yaşayan azərbaycanlılar da birlik göstərmiş və öz imkanlarından istifadə edərək Türkiyəyə humanitar və maliyyə yardımı etmişlər. Səfirliyimizin əməkdaşları da bu xeyirxah missiyaya qoşulmuşlar.
Türkiyənin Rusiyadakı Səfiri Mehmet Samsar dəstəyə görə Səfir Polad Bülbüloğluna, Səfirliyin kollektivinə və hər bir azərbaycanlıya dərin minnətdarlığını ifadə etmişdir. Bu ağır gündə Türkiyənin Rusiyadakı Səfirliyinə bir çox azərbaycanlı gələrək öz dəstəyini göstərirlər. Bu faciə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının yalnız sözdə deyil, eyni zamanda əməldə də öz əksini tapdığını sübut etmişdir.