1news.az saytının baş redaktoru: “Empatiya bizi daha yaxşı işləməyə həvəsləndirir” - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

1news.az saytının baş redaktoru: “Empatiya bizi daha yaxşı işləməyə həvəsləndirir” - MÜSAHİBƏ

17:37 - 11 / 03 / 2023
1news.az saytının baş redaktoru: “Empatiya bizi daha yaxşı işləməyə həvəsləndirir” - MÜSAHİBƏ

Martın 12-si 1news.az saytı özünün 16-cı ad gününü qeyd edəcək.

Bu münasibətlə saytın baş redaktoru Kəmalə Məmmədova ilə bu illər ərzində komandanın gördüyü işlər və ümumilikdə, ölkə mətbuatının vəziyyəti ilə bağlı söhbət etdik.

- Bəlkə jurnalistikaya necə gəldiyinizdən başlayaq? Nə vaxtsa ölkəmizin ən çox oxunan mətbuat orqanlarından birində rəhbər vəzifə tutacağınızı düşünürdünüzmü?

- Əvvəla, 1news.az informasiya saytımızın 16 illik yubileyi münasibətilə bütün kollektivi, eləcə də oxucularımızı təbrik etmək istəyirəm. Bu illər ərzində bizimlə olduğunuz, oxuduğunuz, inandığınız, şərh yazdığınız və bəzən də tənqid etdiyiniz üçün təşəkkür edirik.

İndi isə keçək suallarınızı cavablandırmağa.

Mən jurnalistikaya təsadüfən deyil, məqsədyönlü şəkildə gəlmişəm. Jurnalistika fakültəsinə daxil oldum, hətta bir qədər də irəli gedərək bu ixtisas üzrə magistraturanı bitirdim. Artıq 3-cü kursdan ixtisasım üzrə işləməyə başladım, bu sahədə rəsmi iş stajım isə 15 ilə çatır. Rəhbər vəzifəyə gəlincə, bu da təəccüblü olmadı, çünki mən məşğul olduğum işi, jurnalistikanı çox sevirəm. İnanıram ki, gördüyün işə əsl sevgi həmişə bəhrəsini verir, vicdanlı iş nəticəsiz qalmır.

- Azərbaycanda qadın rəhbər olmaq çətindir? Yalnız qadın olduğunuza görə ciddi qəbul edilmədiyiniz hallar olub?

- Səmimi olsam, bəli. Xoşbətlikdən, ölkəmizdə bu istiqamətdə işlər aparılır, gender bərabərliyi mövzusu hazırda çox aktualdır və bu, sevindirici haldır. Eləcə də qadınların rəhbər vəzifələrə getdikcə daha çox təyin olunması da sevindirməyə bilməz.

Əslində qadınlar ilk baxışdan göründüyündən daha çox şeyə qadirdirlər. Təəssüflər olsun ki, bəzən qadınları işə götürməkdən “çəkinirlər”, onların başının uşaqlara, məişət problemlərinə və s. qarışacağından ehtiyat edirlər.

Amma reallıqda qadın həm yaxşı işçi ola, səmərəli işləyə, öz sahəsinin peşəkarı ola, həm də övlad tərbiyə edə, işdən sonra gündəlik məişət işləri ilə məşğul ola bilər. Bu isə ən azı hörmətə layiqdir. Beləliklə, bu barədə düşünməyə, hətta belə bir "qüdrətli məxluqdan" "qorxmağa" da dəyər. Zarafat bir yana, məncə, qadınların yolunda maneələr yaradılmamalıdır, əksinə, onları həvəsləndirmək lazımdır.

- 10 ilə yaxındır ki, 1news.az informasiya saytında çalışırsınız. Bu illər ərzində saytımızın fəaliyyətində baş verən dəyişiklikləri necə qiymətləndirirsiniz?

- Müqayisə etsək, 10 il əvvəl informasiya bazarı tamam başqa idi, bu resurs yaradılarkən rəqabət də fərqli idi. İndi çox şey dəyişib. Bir tərəfdən, texniki baxımdan işlər asanlaşıb, daha geniş imkanlar yaranıb, amma rəqabət də güclənib, bu isə öz dəsti-xəttini qorumaqla ayaqda qalmağı çətinləşdirir.

Amma biz öz kiçik komandamızla vicdanla və səmərəli işləməyə çalışırıq. Pandemiya və müharibə bizi də möhkəmləndirdi. Biz daha çox şeyə qadir olduğumuzu anladıq, hər bir əməkdaşımız özündə yeni potensial kəşf etdi, misilsiz təcrübə qazandı.

- Fəaliyyət göstərdiyi illər ərzində 1news.az təkcə Azərbaycanda deyil, digər ölkələrin rusdilli auditoriyası arasında da geniş populyarlıq qazanıb. Saytımızı digər xəbər portallarından üstün edən nədir, onu fərqləndirən cəhətlər hansılardır?

- Biz başqalarından nə üstünük, nə də əskik, ümumiyyətlə, müqayisə etmək istəməzdim. Qeyd etmək istəyirəm ki, hər hansı bir təşkilatda ən vacib komponent orada çalışan insanlardır. Uğurun rəhni məhz insan potensialındadır. Saytın fəaliyyət göstərdiyi illər ərzində biz təkcə peşəkarlığa deyil, insani keyfiyyətlərə də diqqət yetirmişik. Bəlkə də elə buna görədir ki, redaksiyamızda sağlam ailə ab-havası hökm sürür, ona görə də hamı işə məmnuniyyətlə gəlir. Biz həmişə bir-birini dəstəkləyir və kömək edirik. Empatiya bizi daha yaxşı işləməyə həvəsləndirir.

- Bəli, razıyam ki, burada özümüzü böyük bir ailə kimi hiss edirik. Belə bir müsbət əhvali-ruhiyyədən mənfi tərəfə keçmək istəməzdim, amma növbəti sualım yerli jurnalistikadakı problemlərlə bağlıdır.

Təəssüflər olsun ki, bəzi mətbuat nümayəndələrinin reketçilik fəaliyyəti və sahəmizə ləkə vuran digər nalayiq əməllərlə məşğul olması jurnalist peşəsini müəyyən qədər nüfuzdan salıb. Bəs sizin rəhbər tutduğunuz və əməkdaşlarınızdan tələb etdiyiniz prinsiplər hansılardır?

- Təəssüflər olsun ki, bu, hazırda KİV-in çox aktual problemidir və belə insanların ucbatından ümumilikdə mətbuat nümayəndələri haqqında mənfi təəssürat yaranır.

Gündəlik işimizdə rəhbər tutduğumuz əsas prinsiplərə gəlincə, bunlar, ilk növbədə, dövlətin mənafeyinin qorunması, mümkün olduğu hallarda faktların maksimum dərəcədə yoxlanması və qərəzsizlikdir.

- Gəlin söz azadlığından danışaq. Deyirlər ki, bu anlayış dünyanın heç bir ölkəsində, hətta bununla bağlı etalon hesab olunan ABŞ-da da tam təmin olunmur. Buna baxmayaraq, bəzi ölkələrdə jurnalistlərin mühüm məsələləri işıqlandırmaq üçün daha çox imkanları var, bəzi ölkələrdə isə onlar üçün müəyyən çərçivələr mövcuddur. Bəs Azərbaycanda söz azadlığını necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, hazırda Azərbaycanda söz azadlığının səviyyəsinin kifayət qədər qənaətbəxşdir. Əgər əvvəllər kiməsə təsir etmək, kiminsə “ağzını yummaq” mümkün idisə, indi demək olar ki, bu mümkün deyil. Sosial şəbəkələr var, hər kəs hər şeyi açıq şəkildə paylaşa bilər, ona görə də nəyisə gizlətmək getdikcə çətinləşir, aidiyyatı qurumlara isə ancaq ictimaiyyətə məlum olan faktlara reaksiya vermək və onları şərh etmək qalır.

- Jurnalist etikası məsələsinə də toxunmaq istərdim. Təəssüf ki, bu anlayışı bütün yerli mətbuat orqanları üçün səciyyəvi hesab etmək olmaz. Reytinq və sensasiya arxasınca qaçan bir çox saytlar beynəlxalq jurnalistika standartlarına məhəl qoymadan məlumatlar dərc edirlər. Müasir dünyada jurnalist etikasına riayət etməklə eyni zamanda oxucular üçün maraqlı qalmağın tarazlığını necə təmin etmək olar?

- Etika işimizin vacib hissəsidir. Bəli, əksər mətbuat orqanlarının sensasiya və reytinq naminə etik normalara məhəl qoymadığı bir zamanda onlara riayət etməklə fəaliyyət göstərmək çox çətindir. Sevindirici haldır ki, bizdə “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun qəbul edilib. Ümid edirik ki, zaman keçdikcə Azərbaycanın mətbuat resursları da ümumi qəbul edilmiş standartlara yaxınlaşacaq və ən azı jurnalist etikasının elementar normalarına əməl edəcək.

- Bəs bu gün ölkə jurnalistikasında daha hansı problemləri müşahidə edirsiniz? Onlarla necə mübarizə aparmaq olar?

- Yuxarıda qeyd etdiyimiz reketçilik və etik normalara riayət olunmaması ilə yanaşı yoxlanılmamış məlumatların dərc edilməsini göstərmək olar. Bəzən hətta ilk baxışdan məlumatın şübhəli olduğu görünür, lakin bəziləri reytinq və kliklər ardınca qaçmağı daha üstün tuturlar. Təəssüf ki, nəticədə həm oxucu, həm də bu məlumatı təkrar-təkrar yoxlamaq və ya təkzib etmək məcburiyyətində qalan digər KİV nümayəndələri zərərçəkmiş tərəfə çevrilirlər.

- Gəlin bir az da Azərbaycan jurnalistikasında kadrlar məsələsinə toxunaq. Onların bir çoxu bu ixtisas üzrə təhsil almasalar da, bu onlara öz sahələrində kifayət qədər uğurlu və tanınmış şəxslərə çevrilməsinə mane olmayıb. Bunu nəzərə alaraq, jurnalistikanın ixtisas təhsilinə ehtiyac duymayan bir sahə olduğunu söyləmək olarmı?

- Təcrübə göstərir ki, bu, arzuolunandır, lakin mütləq deyil. İxtisas üzrə ali təhsil almasanız belə, indi müxtəlif təlimlərdə iştirak etmək imkanı var. Axı, jurnalistika da yerində dayanmır, yeni tendensiyalar meydana çıxır, lakin, əlbəttə ki, ən azı jurnalist etikasının nə olduğu, məlumatı necə toplamaq və emal etmək, mətni necə düzgün qurmaq və s. haqqında müəyyən anlayışa malik olmaq lazımdır.

Buna görə də kadrların ixtisaslarının artırılmasını həmişə alqışlayıram, onları kurslarda, treninqlərdə iştirak etməyə təşviq edirəm. Əməkdaşların təhsilinə investisiyalar şirkətin özünün rəqabət qabiliyyətini artırır.

- Bir müddət əvvəl jurnalistlərin dövlətdən mənzil alması mövzusu geniş əks-səda doğurmuşdu. Bu baxımdan bir-birinə tam zidd fikirlər var. Necə düşünürsünüz, jurnalistin dövlətdən mənzil alması nə dərəcədə düzgündür?

- Azərbaycanlı jurnalistlərə iki dəfə mənzil verilib, əməkdaşlarımız birinci və ikinci evlərdə mənzillər alıblar. Ümumilikdə namizədlərin seçilməsi zamanı baş verən xoşagəlməz faktları nəzərə almasaq, bunda eyib bir şey görmürəm. Həmin xoşagəlməz faktlarla isə müvafiq orqanlar məşğul olur.

Mənzil bağışlanmasa da, heç olmasa, elə şərait yaratmaq lazımdır ki, jurnalist onu halal qazandığı pulla ala bilsin.

- Sonda belə bir sual vermək istərdim: 5 ildən sonra özünüzün və 1news.az saytının gələcəyinin necə olacağını düşünürsünüz?

- Mən təkcə bizim resursumuzu deyil, ümumilikdə bütün mətbuatı yeni, keyfiyyətcə fərqli səviyyədə görmək istərdim. Ümid etmək qalır ki, texnologiya jurnalist peşəsini tamamilə əvəz etməyəcək və bunun üçün çalışmaq lazımdır. Sübut etməliyik ki, 5-10 ildən sonra robot bizi əvəz edə bilməyəcək və yaradıcı funksiyaları yerinə yetirmək ilk növbədə insanın, yalnız bundan sonra süni intellektin səlahiyyətindədir.

Bu mətn rus dilində və video

Leyla Məmmədova

Foto və video: Nadir İbrahimli

Paylaş:
8077

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər