Ceyhun Məmmədov: “Ermənilər onlara verilmiş şansdan düzgün istifadə etməlidirlər”
“Birmənalı olaraq qeyd etmək lazımdır ki, bu qarşı tərəfə verilmiş növbəti şansdır”.
Bu sözləri 1news.az-a Prezident Administrasiyasının Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini növbəti dəfə Bakıya dəvət etməsi ilə bağlı danışarkən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
“Mart ayının 1-də bir görüş oldu. Martın 13-də isə yenidən müraciət oldu. Ötən gün də növbəti dəfə Prezident Adminstrasiyası müraciət ünvanladı. Bu Azərbaycanın humanistliyinin, digər xalqlarla birgə yaşayışının, bölgəyə sülhün gəlməsində maraqlı olmasının növbəti bir göstəricisidir. Azərbaycan bu çağırışla bir daha göstərir ki, öncədən heç bir şərt irəli sürmədən Qarabağda yaşayan ermənilərlə danışıqlara hazırdır.
Azərbaycan bu məsələ ilə bağlı dəfələrlə öz münasibətini və mövqeyini açıq şəkildə bildirib. Hesab edirəm ki, ermənilər onlara verilmiş şansdan düzgün istifadə etməlidirlər. Azərbaycan uzun müddət səbir və dözüm nümayiş etdirməyəcək. Biz tələsirik və bölgəyə sülhün gəlməsini istəyirik. Bunun üçün da addımlarımızı atırıq. Amma bunun qarşılığı olmalıdır. Əgər biz deyirik, qarşı tərəfsə heç bir cavab vermirsə və əksinə təxribatlar törədirsə, səngər qazır, mina daşıyırsa, Gözümüz görə-görə bunlara diqqət yetirməyə bilmərik”.
Qarabağda yaşayan ermənilərin bu məsələdən nəticə çıxarmalı olduğunu və onların danışıqlarda iştirak etməsinin qeyd edən C.Məmmədov bu danışıqların erməni ictimaiyyəti üçün labüd olduğunu vurğulayıb.
“İştirak etmədikləri təqdirdə isə bizim başqa seçimimiz qalmır. Düşünürəm ki, Qarabağda yaşayan separatçılar bu barədə ciddi şəkildə düşünməlidirlər.
Qarabağda yaşayan ermənilər çətin durumdadırlar. Bunu açıq şəkildə qeyd etməsələr də, onların iqdisadi və sosial problemləri var. Azərbaycan təklif edir ki, onlar inteqrasiya olunsunlar və onların problemini Azərbaycan tərəfi həll edəcək. Burada 2 yol var; ya danışıqlar, ya da müharibə. Onlar danışıq yolu seçməsələr, bizim nə etməliyik? Biz məcburuq ki, öz ərazi bütövlüyümüzü bərpa etmək, suverenlyimizi təmin etmək üçün yenidən anti-terror əməliyyatları keçirək. Bütün hallarda əsas variant danışıqların davam etdirilməsidir. Bu cür danışıqlara və müzakirələrə daha çox onların ehtiyacı var, nəinki bizim. Onlar bizim əlimizi geri qaytarmamalıdırlar. Əks halda bunun ən çox əziyyətini ermənilər çəkəcəklər”.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edib.