Ceyhun Bayramov İsrailin müdafiə nazirini Azərbaycanın sülh səyləri barədə məlumatlandırıb
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri çərçivəsində İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşüb.
XİN-dən 1news.az-a verilən xəbərə görə, görüşdə, iki ölkə arasında müdafiə, hərbi-texniki və digər aidiyyəti sahələr üzrə əməkdaşlıq, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov, Azərbaycan və İsrail arasında müdafiə sahəsində münasibətlərin mövcud əməkdaşlıq gündəliyində müstəsna rolunu diqqətə çatdırıb.
17 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrail Dövlətinin müdafiə naziri ilə keçirdiyi görüşə istinad edən nazir Ceyhun Bayramov, sıx təmasların, o cümlədən qarşılıqlı səfərlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib.
Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində sülh və quruculuq səyləri barədə qarşı tərəfi məlumatlandırıb.
Nazir Yoav Qallant, iki ölkənin müdafiə, hərbi-texniki sahədə uğurlu əməkdaşlıq təcrübəsinə istinad edərək, bu xüsusda, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadənin vacibliyini qeyd edib. Qarşılıqlı təmasların davam etdirilməsinin əhəmiyyətli olduğu bildirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.