Şuşa haqqında kitablar yeddi xarici ölkədə, müxtəlif dillərdə nəşr edilib - FOTO
Şuşa Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, doğma şəhər, əziz torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidədir.
Bu baxımından Şuşanın zəngin tarixi irsinin təbliği, Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsi, eləcə də şəhərin əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan işlərin diqqətə çatdırılması beynəlxalq ictimaiyyətin daha yaxından tanış olması baxımından da zəruridir.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu baxımdan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa haqqında kitablar artıq 7 xarici ölkədə və müxtəlif dillərdə - italyan, yunan, ərəb (İordaniyada), bolqar, latış, tacik və fransız dillərində nəşr edilib. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə ərsəyə gəlmiş kitabların Romada, Sofiyada, Əmmanda, Riqada, Düşənbədə həmin ölkələrin dövlət qurumlarının, rəsmi şəxslərin, parlamentarilərin, mədəniyyət, akademik və elmi dairələrin, kütləvi informasiya vasitələrinin, o cümlədən həmin ölkələrdəki akkreditə olunan diplomatik korpusun nümayəndələrinin iştirakı ilə geniş təqdimatları keçirilib.
Xüsusilə bu günlərdə Parisdə nəşr olunmuş, Şuşanın Azərbaycan tarixinin və mədəniyyətinin rəmzi olmasını təcəssüm etdirən “Qafqazın mirvarisi - Şuşa” kitabı fransızdilli oxuculara bu qədim qala-şəhər haqqında təqdim olunan ilk əsərdir.
Təqdim edilən kitablarda Qarabağ xanlığının yaradılmasını şərtləndirən amillər, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın qədim tarixi, mədəni və strateji əhəmiyyəti tədqiq edilir. Həmçinin nəşrlərdə Şuşanın əsasının qoyulmasından indiyə qədər keçdiyi bütün tarixi mərhələlər geniş şəkildə əhatə edilir. İlk növbədə Qarabağ xanlığının paytaxtı – Şuşa qalasının və şəhərin qədim qapı, meydan, küçə məhəllələrinin salınması açıqlanır. Xüsusilə Şuşa Azərbaycanın çoxəsrlik, zəngin şəhərsalma mədəniyyətinin nadir nümunəsi kimi öyrənilir. Bununla yanaşı, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm xidmətlər göstərən və əslən Şuşadan olan çoxsaylı görkəmli şəxsiyyətlər haqqında geniş məlumat verilir. Eyni zamanda, Şuşanın işğalından əvvəlki tarixi yerləri və memarlıq abidələrinin fotoları da təqdim olunub. Nəşrlərdə XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Şuşanın işğalı zamanı şəhərdə mədəni soyqırımı siyasəti, xüsusilə tarixi-memarlıq abidələrinin erməni vandalizminə məruz qalması fotolarla diqqətə çatdırılır. Ümumilikdə nəşrlərdə qala-şəhərin işğaldan əvvəl, işğal vaxtı və sonrakı dövrünü əks etdirən çoxsaylı fotolar izahlı şəkildə təqdim edilib.
Kitablarda, həmçinin Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsini şərtləndirən amillər, xüsusilə hərbi-diplomatik və informasiya məkanında uğurlar təhlil edilir. Bununla yanaşı, Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə Qarabağda milli ruhun yüksəldilməsi istiqamətində çoxşaxəli fəaliyyəti, xüsusilə Şuşaya zəngin tarixi abidə kimi qayğısı geniş tədqiq edilir. Eyni zamanda, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsi, eləcə də şəhərin əsl tarixi siması, ənənələri və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan işlər sistemli şəkildə tarixi faktlar və fotolarla diqqətə çatdırılır.
Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən və Yunanıstan, Bolqarıstan, İordaniya, Tacikistanda nəşr edilmiş kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun müəllifliyi, İtaliyada professor Daniel Pommier Vinçelli, Latviyada professor Kaspars Klavinş və dosent Nigar Sultanova, Fransada isə Jan-Mişel Brun ilə birgə həmmüəllifliyi ilə nəşr edilib.