STM Azərbaycanda əhalinin siyasi gündəmə marağı ilə bağlı sorğu keçirdi - NƏTİCƏ
Sosial Tədqiqatlar Mərkəzi rəy sorğusu əsasında ölkənin siyasi gündəminə ictimai maraq səviyyəsini, vətəndaşların ölkənin siyasi vəziyyəti ilə bağlı dəyərləndirmələrini öyrənib.
1news.az xəbər verir ki, Mərkəz tərəfindən siyasi vəziyyətin ictimai rəydə qiymətləndirməsinin növbəti aylar üzrə də aparılması nəzərdə tutulub.
Metodologiya
Sorğular 2023-cü ilin 01-06 aprel tarixlərində, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qorunub. Sorğularda telefonla müsahibə formasından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.
Mart ayı üzrə ümumi nəticələrə əsasən, iştirakçıların 39.6%-i ölkənin siyasi gündəmini daim izlədiyini, 45.6%-i bəzən izlədiyini bildirib, 14.6%-i heç izləmədiyini qeyd edib.
Respondentlərin 46.4%-i ölkənin siyasi vəziyyətini “yaxşı,” 41.7%-i “orta”, 8.1%-i “pis” kimi xarakterizə edib. İştirakçıların 3.7%-i cavab verməkdə çətinlik çəkib.
Sorğuda iştirak edənlərin 36.5%-i çətin dövrün artıq geridə qaldığını, 37.2%-i hazırda çətin dövrdən keçildiyini, 22.7%-i çətin dövrün hələ irəlidə olduğunu bildirib.
Ölkənin siyasi gündəminə maraq göstəricilərində gənclərdən orta və ahıl yaşda olanlara doğru artan tendensiya qeydə alınıb. 18-24 yaş qrupuna iştirakçıların hər üç məsələ ilə bağlı mövqelərində ən yüksək göstərici ölkənin siyasi həyatı ilə “bəzən maraqlanıram” cavabı üzrə olub. 25-34, 35-44 və növbəti, yəni orta və yuxarı yaş qruplarına doğru siyasi gündəmi “bəzən” izləyənlərin sayı azalarkən, “daim” izləyənlərin sayında artım müşahidə olunub. Ölkənin siyasi vəziyyətinin qiymətləndirilməsində bütün yaş qrupları üzrə müsbət mövqe qeydə alınmaqla, ən yüksək rəy 55-64 yaş qrupu üzrə müəyyən edilib. Həmçinin 18-24 yaş qrupundan orta və yuxarı yaş qruplarına doğru “çətin dövr irəlidədir” mövqeyində azalan dinamika izlənərkən, orta və yuxarı yaş qruplarının rəylərində “çətin dövrdən keçirik” və “çətin dövr artıq geridə qalıb” cavabları üstünlük təşkil edib.
Nəticələr kişilərlə müqayisədə qadınların siyasi gündəmlə daha az maraqlandığını göstərib. Qadınların 54.5%-i ölkənin siyasi gündəmini bəzən izlədiyini, kişilərin 46.6%-i tez-tez izlədiyini bildirib. Siyasi gündəmin izlənilməsi dinamikası ölkənin siyasi vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəyləri də formalaşdırıb. Qadınların əsas hissəsi ölkənin siyasi vəziyyətinin qiymətləndirilməsində orta mövqeyi seçərkən kişilər hazırkı siyasi vəziyyəti əsasən “yaxşı” olaraq qiymətləndirib. Həmçinin qadınlar hazırda çətin dövrdən keçdiyimiz mövqeyini bölüşərkən, kişilər arasında üstün mövqe çətin dövrün artıq geridə qalmış olmasıdır.
Orta təhsilə malik olanların əsas hissəsi (52.0%) ölkənin siyasi həyatı ilə bəzən, ali təhsillilərin əsas hissəsi (54.3%) isə daim maraqlandığını bildirib. Bununla belə, həm orta, həm də ali təhsilə malik olanlar arasında ölkənin siyasi vəziyyəti ilə bağlı təqribən bərabər (47.0%) müsbət mövqe qeydə alınıb. Hər iki qrupun rəylərində “çətin dövr irəlidədir” cavabı ən az, “çətin dövrdən keçirik” və “çətin dövr artıq geridə qalıb” cavabları bərabər üstünlüyə malik olub.
Ailə vəziyyəti evli və ya subay olanların ölkənin siyasi vəziyyəti ilə bağlı rəylərində fərq qeydə alınmayıb. Bununla belə, sorğu nəticələri evli olanlarla müqayisədə subayların ölkənin siyasi həyatı ilə az maraqlandığını göstərib.
Sorğu iştirakçıları arasında dövlət sektorunda işləyənlər arasında özəl sektorda işləyən, həmçinin fərdi əmək fəaliyyəti ilə məşğul olanlarla müqayisədə ölkənin siyasi həyatı ilə daim maraqlananlar üstünlük təşkil edib. Özəl sektorda çalışanların 51.6%-i bəzən izlədiyini qeyd etdiyi halda, fərdi əmək fəaliyyəti ilə məşğul olan hər dörd nəfərdən biri (23.7%) ölkənin siyasi gündəmini heç izləmədiyini bildirib. Dövlət sektorunda çalışanlar arasında “çətin dövr artıq geridə qalıb” cavabı (43.5%) üstünlük təşkil edərkən, fərdi əmək fəaliyyəti ilə məşğul olanların əsas mövqeyi (42.1%) “çətin dövrdən keçirik”, işsiz olduğunu bildirən hər üç nəfərdən birinin (32.5%) rəyi “çətin dövr hələ irəlidədir” cavabı üzrə olub.
İştirakçılar arasında gəlir səviyyəsinin artmasına paralel olaraq, ölkənin siyasi gündəmini daim izləyənlərin sayında artım, “heç izləmirəm” cavabını qeyd edənlərin sayında azalma qeydə alınıb. Orta aylıq gəliri minimum əmək haqqına bərabər olanların 59.6%-i ölkənin siyasi gündəmini bəzən izlədiyi halda, cəmi 24.6%-i daim izlədiyini bildirib. Halbuki siyasi gündəmi “daim” və ya “bəzən” izlədiyini ifadə edənlər orta aylıq gəliri 600-900 manat olanlar üzrə 44.4% və 48.1%, gəliri 1200 manatdan yuxarı olanlar üzrə 50.0% və 30.0% təşkil edib. Ölkənin siyasi vəziyyətini “yaxşı” olaraq qiymətləndirənlər orta aylıq gəliri 1200 manatdan yuxarı olanlar üzrə ən yüksək, yəni 80.0%, 600-900 manat olanlar üzrə 40.7%, 300 manata bərabər olanlar üzrə 54.4% təşkil edib.
Sorğunun nəticələri hər üç məsələ ətrafında iştirakçıların əsas konturlar üzrə profillərini müəyyən etməyə imkan verib.
- Ölkənin siyasi həyatı ilə ən çox maraqlananlar orta, xüsusilə yuxarı yaş qrupuna mənsub olanlar, ali təhsilə, eləcə də orta və yuxarı gəlir səviyyəsinə malik şəxslərdir. Ölkənin siyasi gündəmi ilə ən az maraqlananlar isə 18-24 yaş qrupunda olan, subay, orta təhsilə və aşağı gəlir səviyyəsinə malik respondentlərdir.
- Gənclər, yuxarı yaş qrupuna və gəlir səviyyəsinə malik olanlar, təhsilindən və ailə vəziyyətindən asılı olmayaraq, sorğuda iştirak edən iştirakçılar ölkənin siyasi vəziyyətini müsbət dəyərləndirərkən, mənfi mövqedə olanlar hər hansı gəlirə malik olmadığını bildirən işsiz şəxslərdir.
- “Çətin dövr geridə qalıb” mövqeyi ən çox orta və yuxarı yaş qrupunda olan, yuxarı gəlir səviyyəsinə malik, işləyən iştirakçılar olarkən, hazırda çətin dövrdən keçdiyimizi bildirənlər 18-24 yaş qrupunda olan, subay və işsiz şəxslərdir. Bu şəxslər eyni zamanda ölkənin siyasi həyatı ilə ən az maraqlanan qrupa daxildir.