Dubay şahzadəsinin keçmiş arvadı və üç uşağı qaçırıldı - BMT-yə müraciət edildi
Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun sabiq həyat yoldaşı Zeynəb Cavadlı və onun üç qızının Dubayda təhlükəsizlik qüvvələri tərəfindən qaçırıldığı bildirilir.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, Zeynəb Cavadlının hüquqlarını müdafiə edən britaniyalı vəkil Devid Heyq onun və uşaqlarının harada olduqları barədə heç bir məlumat əldə edə bilmədiklərini bildirib.
Vəkilin açıqlamasına əsasən, məsələ ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatına təcili müraciət göndərilib. Heyq qeyd edib ki, o, Zeynəb Cavadlı ilə son dəfə bir gün əvvəl əlaqə saxlayıb, bundan sonra isə bütün rabitə vasitələri susub.
Onun iddiasına görə, gecə saatlarında Dubay polisi və digər təhlükəsizlik əməkdaşları Cavadlının yaşadığı ünvana gəlib, onu və üç qızını özləri ilə aparıblar.
Bildirilib ki, Zeynəb Cavadlının anası da qızına dəstək məqsədilə Dubaya səfər edib. Lakin o, evin qapalı olduğunu gördüyünü və ölkəni tərk etməsinə icazə verilmədiyini söyləyib.
Hadisənin uzun müddətdir davam edən qəyyumluq mübahisəsi fonunda baş verdiyi vurğulanır. İki ay əvvəl Dubay məhkəməsinin çıxardığı qərarda Zeynəb Cavadlının üç qızını ataları Şeyx Səidə təhvil verməsi tələb olunub. Həmin qərarda zərurət yaranacağı halda icra prosesinin məcburi qaydada həyata keçirilə biləcəyi də qeyd edilib.
Keçmiş Azərbaycan milli gimnastı olan Zeynəb Cavadlı daha əvvəl yaydığı videomüraciətdə uşaqlarının əlindən alınacağından narahat olduğunu dilə gətirmişdi. O, məhkəmə qərarlarına əsasən evinə müdaxilə edilə və qızları zorla aparıla biləcəyi barədə xəbərdarlıq aldığını söyləmişdi.
Devid Heyqin sözlərinə görə, məsələ ilə bağlı BMT çərçivəsində hüquqi addımlar atılıb və beynəlxalq qurumların vəziyyətə müdaxilə etməsi üçün çağırışlar edilib.
Hazırda nə Dubay polisi, nə də Şeyx Səidin hüquqi təmsilçiləri səsləndirilən iddialarla bağlı rəsmi mövqe açıqlayıblar.












