Arzu Nağıyev: Azərbaycan və Türkiyə bütün məsələlərdə həmrəylik nümayiş etdirir
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra ilk rəsmi səfəri Şimali Kipr Türk Respublikasına, ardınca isə Azərbaycana olacaq”.
Bu sözləri 1news.az-a açıqlamasında Millət Vəkili Arzu Nağıyev deyib. Deputatın sözlərinə görə, Ərdoğanın Azərbaycana Dövlət səfəri zamanı ilk olaraq cənab Prezidentlə təkbətək görüşü, sonra isə heyətlə görüşü nəzərdə tutulub.
“Ərdoğanın ölkəmizə 13 iyunda nəzərdə tutulan səfəri Azərbaycan və Türkiyə arasında tarixi qardaşlıq əlaqələrinin ən güclü nümunələrindən biri olacaq. Azərbaycan və Türkiyənin istər daxili məsələlərdə, istərsə də beynəlxalq arenada nümayiş etdirdiyi həmrəylik var. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri kontekstində Türkiyə-Azərbaycan əlaqələri daha da güclənir, iki lider arasında səmimi münasibətlər dövlətlərarası əlaqələrə böyük tövhələr verir. Həmçinin heç birimiz unutmarıq ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan özü öz hərbi gücü ilə öz torpaqlarını işğaldan azad etdiyi zaman Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi siyasi dəstək, səsləndirdiyi bəyanatlar bizim qardaşlığımızın, dostluğumuzun əbədi olacağını bir daha göstərdi. Elə məhz buna görə də, Türkiyənin Azərbaycana həm siyasi, həm də mənəvi dəstəyi isə hadisələrin gedişatına kənar məkrli qüvvələrin müdaxiləsinin qarşısını aldı. İkinci Qarabağ müharibəsində əldə edilən zəfər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi qələbəsi kimi qiymətləndirilir”.
A.Nağıyev Şuşa Bəyannaməsinin iki ölkə arasındakı birliyin daha yüksək səviyyəyə qalxması baxımından mühüm əhəmiyyət kəsb edən sənəd olduğunu da vurğulayıb:
“Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən mühüm sənəddir. Məhz bu baxımdan Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu. İlham Əliyev Türkiyədə keçirilən seçkilərin birinci turundan sonra Rəcəb Tayyib Ərdoğana zəng etdi və onu, yüksək səs faizi topladığına görə təbrik etdi. Türkiyədəki prezident seçkilərinin ikinci turundan sonra da Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən də məhz Azərbaycan Prezidenti oldu. Ərdoğanın Azərbaycana Dövlət səfəri əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək həddini, ölkələrarası dostluq və əməkdaşlığın ən ali səviyyəsini nümayiş etdirməkdir”.