Azərbaycan və Türkiyənin birinci xanımları İçərişəhərdə olublar - FOTO - YENİLƏNİB
İyunun 13-də Azərbaycan Respublikasının birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıda dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə olublar.
1news.az xəbər verir ki, qonaqlar gəzintiyə dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Qız qalası ilə tanışlıqdan başlayıblar. Türkiyə Respublikasının birinci xanımına bu qədim abidənin tarixi barədə ətraflı məlumat verilib.
Daha sonra qonaqlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa və abadlıq işləri barədə məlumatlandırılıblar.
İçərişəhərdə qədim tarixi-mədəni abidələrdən biri olan "Hacı Bani" hamamı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat doğurub.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.
***
16:22
Azərbaycan və Türkiyənin birinci xanımları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu gəziblər.
1news.az xəbər verir ki, Mehriban Əliyeva və Əminə Ərdoğan Bakının mərkəzində olub, muzeyləri ziyarət ediblər. Bu barədə məlumatı Ə.Ərdoğan öz sosial şəbəkə hesabında paylaşıb.
"Mən dostum, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva ilə Bakının tarixi özəyi olan İçərişəhərdə oldum.
“UNESKO” tərəfindən ən qədim yaşayış məskəni kimi qorunan bu müstəsna bölgə bir çox fərqli mədəniyyətin izlərini daşıyır.
TİKA-nın dəstəyi ilə istifadəyə verilən Ailə Biznesinə Asan Dəstək (ABAD) stendində olduq və səlahiyyətlilərdən məlumat aldım.
Layihə ilə ənənəvi əl işləri Azərbaycanda yaşadılır, dünyaya tanıdılır və ailə iqtisadiyyatına töhfə verilir.
Əl işlərin hər birinə heyran olmamaq mümkün deyil. Həm ölkəni, həm də türk mədəniyyətini brendləşdirmək naminə bu layihəni həyata keçirən hər kəsi ürəkdən təbrik edirəm" deyə, Ə.Ərdoğan əlavə edib.
O, həmçinin səfərdən fotolar da paylaşıb.