Azərbaycanda Mamed və Məmməd adları qadağan edilib? - Rəsmi açıqlama
Ötən gün bəzi saytlarda dərc olunan“Azərbaycanda "Mamed" və "Məmməd" adları qadağan edilib” başlıqlı yazı sosial şəbəkələrdə geniş müzakirə olunub.
Bəs görəsən həqiqətən də belə qadağa qoyulubmu?
Məsələ ilə bağlı 1news.az-a danışan Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib ki, Terminologiya Komitəsində adların qoyulmasına qadağa qoyulmur.
“Terminalogiya Komissiyasında adların düzgün yazılış qaydalarına baxılır. Uşaq yeni dünyaya gələndə ona ad qoyulması ilə bağlı qeydiyyat idarələrinə müraciət edilir, ona birbaşa Ədliyyə Nazirliyi baxır. Əgər müəyyən adların, soyadların yazılışında problem olduqda, bizə müraciət edirlər.
Məsələn, "Məhəmməd" adının "Muhammed", "Məmməd" və ya başqa formada yazılışı ilə bağlı bizə müraciətlər olub. Biz də onlara yazılı şəkildə cavab vermişik ki, indiyə qədər qəbul edilmiş ənənəyə, ədəbi dil normalarına uyğun olaraq, bu, "Məhəmməd" formasında yazılır. Onların kökünü, mənşəyini aydınlaşdırıraq, mənşəyinin və yazılış formasını təqdim edirik".
“Bəzi saytlarda dərc olunan “Azərbaycanda Mamed və Məmməd adlarını qadağan edilməsi” ilə bağlı məlumatlar yanlışdır, bunu təkzib edirik” – deyə, Sayalı Sadıqova fikirlərinə əlavə edib:
“2015-ci ildə adlarla bağlı kifayət qədər mübahisələr oldu. Məhəmməd sözünün yazılışı ilə bağlı biz bildirmişdik ki, bu adın yazılışı Muhammed yox, Məhəmməd olmalıdı. Həmin yazıda da qadağa yox, tövsiyədən söhbət gedir. Bəzi saytlar özlərinə reytinq qazanmaq üçün 2015-ci ildə müzakirə olunan məsələni gündəmə gətirmək düzgün deyil. İnsanları bu şəkildə çaşdırmaq olmaz. Belə addımlarla illərdi fəaliyyət göstərən komissiyanın fəaliyyətinə kölgə sala bilməyəcəklər”.
S.Sadlqova deyib ki, 2013-cü ildə orfoqrafiya lüğəti çıxıb və həmin lüğətdə adların yazılış forması müəyyənləşib.
“Biz ədəbi dil normalarına, qaydalarına uyğun olaraq onların sözlərin necə yazılması haqqında məktublara cavab veririk. Bir daha qeyd edim ki, bizim komissiyanın adların, soyadların qoyulmasını qadağan etməyə ixtiyarımız yoxdu, məqsədimiz, sadəcə məsləhət vermək və ədəbi dil normalarını qorumaqdır.