Yay mövsümündə boğaz ağrısı xəstəlikləri artır | 1news.az | Xəbərlər
Cəmiyyət

Yay mövsümündə boğaz ağrısı xəstəlikləri artır

15:09 - 17 / 07 / 2023
Yay mövsümündə boğaz ağrısı xəstəlikləri artır

Yayın isti günlərini yaşayırıq. İnsanlar dəniz sahillərində dincəlir, bölgələrə səfər, xarici ölkələrə səyahət edirlər.

Yay aylarında hamı dondurma və sərin sulardan bolluca istifadə edir. Bu da bəzi respirator xəstəliklərin baş qaldırmasına səbəb olur. Yayda da insanların ən çox qarşılaşdıqları xəstəlik boğaz ağrılarıdır. Bununla bağlı Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu, t.f.ü.d. Elvin Əzizovla müsahibəni diqqətinizə çatdırırıq.

- Elvin həkim, yay mövsümündə ən çox hansı xəstəliklər insanları narahat edir?

-Yayın gəlişi ilə havanın hərarətinin kəskin qalxması qrip və angina kimi xəstəliklərin yaranmasına şərait yaradır. Mən sizə bu mövsümdə ən çox yayılan boğaz ağrılarından danışmaq istəyirəm. Boğaz ağrısı boğaz nahiyəsində yaranan, udqunma zamanı artan, quruluq və qıcıqlanma hissiyyatı ilə müşayiət olunan bir haldır. Hər bir sağlam insan öz həyatı boyu ən azı bir dəfə boğaz ağrısı ilə qarşılaşıb.

- Boğaz ağrılarının səbəbləri hansılardır?

- Boğaz ağrılarının 80%-nin səbəbi kəskin və xroniki faringit, laringit və tonzillitlərdir, digər 20% hallarda bir çox xəstəliklər də boğaz ağrısı şəklində özünü büruzə verə bilər. Boğaz ağrılarına adətən virus və bakteriyalar səbəb olur. Boğazın hansı hissəsinin iltihablanmasından asılı olaraq, boğaz iltihabı faringit, laringit və ya tonzillit adlanır. Udlağın arxa divarının iltihabı faringit, qırtlağın iltihabı laringit, damaq badamcıqlarınn iltihabı isə tonzillit adlanır.

- Bu üç xəstəlik bir-birindən hansı simptomlarla fərqlənir və müalicəsi üçün nə məsləhət görürsünüz?

- Kəskin faringitlərə ən çox səbəb yuxarı tənəffüs yollarının kəskin respirator virus infeksiyalarıdır. Demək olar ki, bütün kəskin respirator virus infeksiyalarının ilk simptomu özünü kəskin faringit şəklində büruzə verir. Bu zaman boğazda qıcıqlanma, quruluq və ağrı hissiyyatı olur, bədənin hərarəti yüksəlir, ümumi halsızlıq və zəiflik olur. Adətən kəskin faringitlər zamanı pasiyentə daha çox istirahət, bol maye, hərarət yüksələrsə, analgetik və antipiretiklər, eləcə də antivurus preparatlar və boğaz üçün yerli antiseptik qarqara və spreylər təyin edilir. Xroniki faringitlərin bir çox səbəbləri var. Bunların arasında ən çox allergik rinit və xroniki sinusitlər zamanı burun boşluğundan və paranazal sinuslardan patoloji axıntının burun-udlaqdan udlağa axıb, udlaqda xroniki iltihab yaratması, müntəzəm olaraq siqaret və tütün məhsullarından istifadə edərək udlağın selikli qişasına zərərli təsir, eləcə də qastro-ezofageal reflüks xəstəliyi zamanı, yəni mədə turşuluğunun patoloji şəkildə mədədən ezofaqusa - qida borusuna doğru geri gəlişi zamanı mədə turşuluğunun daim udlağın arxa divarını qıcıqlandırıb xroniki iltihaba səbəb olmasını qeyd etmək olar.

Xroniki faringitlərin müalicəsi ilk növbədə, onları yaradan səbəbi aradan qaldırmaq və yerli olaraq boğaz üçün qarqara, sprey və inhalyasiyalardan, istifadə edərək udlağın selikli qişasını sakitləşdirməkdən ibarətdir. Kəskin tonzillit, angina dediyimiz damaq badamcıqlarının iltihabına səbəb daha çox streptococcus pyogenesdir, yəni beta hemolitik A qrup streptokok. Angina boğazda kəskin, xüsusən udqunma zamanı qulağa irradiasiya edən ağrı, udqunma çətinliyi, yüksək hərarət şəklində özünü büruzə verir. Angina bakterial infeksiya olduğundan müalicəsi zamanı mütləq antibakterial preparatlardan, yəni antibiotiklərdən istifadə edilir.

Kəskin tonzillit, yəni angina bəzən virus xarakterli olub, infeksion mononukleoz - Epşteyn Bar virusu zamanı yarana bilər. Bu zaman biz pasiyentə infeksionistin müayinəsini tövsiyə edirik. Əgər bir insan bir il ərzində 4-6 dəfədən artıq irinli angina ilə xəstələnirsə, bu artıq xroniki tonzillit hesab edilir və xəstəyə damaq badamcıqlarının götürülməsi - tonzillektomiya əməliyyatı tövsiyə edilir. Kəskin laringitlər həm kəskin respirator virus infeksiyaları zamanı yaranır, həm də bakterial xarakterli olur. Kəskin laringitə səbəb olan bakteriyalardan ən çox Moraxella Catarrhalis, Haemophilus inflyuenzae, Streptococcus pneumoniae bakteriyalarını göstərmək olar. Bu zaman boğazda udqunma və ya danışıq zamanı kəskin ağrı, quruluq, diskomfort, səsdə dəyişiklik - disfoniya və ya afoniya yaranır. Bu zaman biz pasiyentə səs diyetası, yəni səsdən maksimum az istifadə etmək, boğaza yağlı və iltihab əleyhinə spreylər, inhalyasiyalar, bəzən antibakterial və steroid preparatlar, eləcə də antivirus preparatlar təyin edirik. Xroniki laringitlər səsdən çox istifadə zamanı, yəni səs yorğunlugu zamanı, yuxarı tənəffüs yollarının xroniki infeksiyaları zamanı, həmçinin, qastro ezofageal reflüks və xroniki bronxitlər zamanı yarana bilər. Müalicəsi üçün adətən xroniki laringiti yaradan səbəbi aradan qaldırmaq, səs sakitliyi, mədəqoruyucu preparatlar, (qastroprotektorlar), yağ tərkibli spreylər və inhalyasiyalar istifadə edilir.

Müsahibəni apardı:

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

Dilarə Zamanova

Paylaş:
771

Son xəbərlər

Bütün xəbərlər