Taksi sahəsində yeni qaydalar - Nəticələr necə olacaq? – Ekspertdən İZAH
Bildiyimiz kimi Prezident İlham Əliyev avqustun 18-də "Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Oktyabrın 1-dən qüvvəyə minəcək yeni qanunla sərnişin və yük daşımaları sahəsində bir sıra yeniliklər olacaq, o cümlədən taksi kimi istifadə edilən nəqliyyat vasitələrində taksometrlər quraşdırılacaq.
Taksi sahəsində dəyişiklər nələrə gətirib çıxaracaq?Bu sahədə qiymətlərin artması gözlənilirmi?
Məsələ ilə bağlı 1news.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, bugünə kimi fəaliyyət göstərən şirkətlərin tətbiqləri demək olar taksometr funksiyasını daşıyır.
“Şirkətlərin tətbiqləri vasitəsilə kilometrə görə qiymət hesablanır. Eyni şey daha geniş bazar iştirakçılarına tətbiq olunacaq. Yəni, tətbiqsiz sifariş etmək mümkün olmacaq. Bu, sadəcə mövcud vəziyyəti nizama gətirmək üçün bir qərardır. Bazarda son illər, qeyri-qanuni sərnişin daşıma ilə məşğul olanların sayı çoxdur, uçota alınmayanların da sayı çox idi və bunu düzəltmək üçün müəyyən qaydalar qoyulub. Bu qaydalarla məlumatların dövlətə ötürülməsi, həmçinin uçota alınması, vergi ödənişlərinin səhmana salınması, iş və istirahət məsələlərinin yaxşılaşdırılması yönündə qərarlar özünü müsbət yöndə göstərəcək. Həmçinin burada maraqlı bir məqam da var ki, yeni qərara əsasən, həm yük, həm də sərnişin daşıyan hüquqi şəxslərlə 7 illik müqavilə bağlanacaq. Uzunmüddətli müqavilələrin olması investisiyaların cəlb edilməsi üçün stimul olacaq. Buna qədər birillik müqavilələr idi, bu isə dayanıqlı deyildi. Yəni, kredit alıb hansısa investisiyaya yatırmaq riskli görünürdü. Amma indi uzunmüddətli müqavilələrlə bu məsələ də öz həllini tapmış oldu”.
Eskpert bildirilib ki,taksi qiymətlərinin minimum həddi bəlli olub.
“Ola bilər ki, müəyyən qism insanlar prioritetin dəyişsin, ictimai nəqliyyata yönəlsin. Burada diqqət ayrılası məqamlar var ki, ictimai nəqliyyatın üstünlüyünü təmin etmək lazımdır. İctimai nəqliyyatın sürətli hərəkətini təmin etmək üçün sərt nəzarət və cəzaların sərtləşdirilməsinə ehtiyac var. Başqa bir məsələ də qısa məsafələrdə alternativlərin, yəni, piyadaların hərəkət etməsi üçün səkilərin abadlaşdırılması, baryerlərin aradan qaldırılması və mövcud yol sahəsi çərçivəsində optimail istifadəsi hədəf qoyularaq, standartlarda bəzi dəyişikliklərə ehtiyac var. Mikromobillik vasitələri üçün velozolaqların şəbəkəsinin də yaradılması bu alternativlərə töhfə verəcək və insanlarımız fərqli hərəkətlə öz mobilliyini təmin edəcək. İnfrastruktur yaradılsın, şəhər sakinləri özləri qərar versin ki, hansı məsafəni necə gedəcək?”