Azərbaycan Prezidenti: Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir
Azərbaycan Prezidenti: Böyük Qayıdış Proqramının icrası bizim üçün bir nömrəli vəzifədir
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
Erməni işğalından əziyyət çəkən insanların çətin şəraitdə yaşadıqlarını, mənəvi çətinliklərlə üzləşdiklərini, öz haqlı hüquqlarından məhrum edildiklərini xatırladan dövlətimizin başçısı vurğulayıb: “Onlar bu imkanı, bu fürsəti 30 il idi gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi, bizim şanlı Qələbəmizlə bitən müharibə bu şəraiti onlara yaratdı. Bu gün bizdən gözləntiləri odur ki, tezliklə onları buraya (azad edilmiş torpaqlara – red.) qaytaraq. Böyük Qayıdış Proqramının icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı kəndinə, Talış və Zabux kəndlərinə qayıtsınlar”.