Azərbaycançılıq ideologiyasının böyük təbliğatçısı - Ümummilli lider Heydər Əliyev - ŞƏRH | 1news.az | Xəbərlər
Müsahibə

Azərbaycançılıq ideologiyasının böyük təbliğatçısı - Ümummilli lider Heydər Əliyev - ŞƏRH

Aynurə Xudaverdiyeva15:00 - 29 / 09 / 2023
Azərbaycançılıq ideologiyasının böyük təbliğatçısı - Ümummilli lider Heydər Əliyev - ŞƏRH

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.

Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Qeyd edək ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu.

H.Əliyevin Azərbaycana ilk rəhbərlik dönəmi isə SSRİ dövrünə təsadüf edir. O, 1969-1982-cü illər arası Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi postunu tutub. Daha sonra Kremlə, Sovet İttifaqı Kommunist Partiyasinin (Sov.İKP) Siyasi Bürosuna aparılıb. Eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postunu tutub.

1990-ci ildə Azərbaycana gələn H.Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəhbəri seçilib.

1993-cü ildə Gəncədə hakimiyyətə polkovnik Sürət Hüseynovun başçılığı ilə silahlı itaətsizlikdən sonra ovaxtkı Prezident Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib. Əvvəlcə Azərbaycan Milli Məclisinin sədri seçilib, sonra isə elə həmin il keçirilən prezident seçkisindən qalib çıxıb.

Bu haqda Azərbaycan Respublikası Milli Məclisin deputatı, hüquq elmləri üzrə fəlsəfə doktoru Siyavuş Novruzov 1news.az-a açıqlama verib. Deputatın sözlərinə görə Ümummilli lider hakimiyyətə gəldiyi dövrdən azərbaycançılıq ideologiyasını inkişaf etdirib:

“Ana dilinin ictimai-siyasi nüfuzunun güclənməsi Ulu öndərin vaxtilə 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində yürütdüyü siyasətin nəticəsi idi.

Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında xüsusilə Konstitusiyada öz əksini tapıb, Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib.

Heydər Əliyev hər zaman azərbaycançılıq ideologiyasını inkişaf etdirib. İstər Azərbaycan yazıçılarına, şairlərinə adların verilməsi, onların əsərlərinin çap olunması, xüsusi dövlət mükafatlarının və adların alınması və hər sahədə Azərbaycanın tarixini yaşadan filmlərin misal üçün “Dədə Qorqud”, “Babək”, “Koroğlu” kimi azərbaycançılıq ideologiyası tərənnüm edən filmlərin çəkilməsi, nümayiş etdirilməsi hamısı Ümumilli liderin adı ilə bağlıdır. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın Milli Konsitutiyası qəbul olunandan sonra da yenə də Azərbaycan dili, azərbaycançılıq ideologiyasını inkişaf etdirib. Ümumiyyətlə, Ulu Öndərin bütün həyatı azərbaycançılıq ideyasının təbliği ilə bağlıdır. Həmçinin, möhtərəm Prezidentimiz də bu yolu davam etdirir və çox uğurla Ümumilli liderin siyasətini həyata keçirir. Cənab Prezident həm azərbaycançılıq baxımından, həm də Ümumilli liderin başladığı işi layiqincə davam etdirir. Ən əsas məsələlərdən biri olan Azərbaycanın ərazi bütövlüyünü Cənab Prezident təmin edir”.

Azərbaycan Respublikası Milli Məclisin deputatı Naqif Həmzəyev 1news.az-a açıqlamasında sovetlər dövründə Azərbaycanda yüksək vəzifə tutmaq, hansısa söz sahibi olmaq çox çətin və qəliz idi:

“Sovetlər dövründə demək olar ki, azərbaycanlıların yüksək vəzifələrə gətirilməsi heç də yaxşı qarşılanmırdı. Hədəf-məqsəd daima bu əraziləri nəzarətdə saxlamaq, azərbaycanlıları bu ərazilərdən deportasiya etmək planları da bəzən olub. Bu baxımdan da milli şüurun inkişaf etdirilməsi və Azərbaycançılıq ideologiyasının inkişaf etdirlməsi, həmin dövrdə Sovet ideologiyasının əleyhinə idi. Bu baxımdan da Sovetlər dövründə yanlış və həqiqəti əks etdirməyən Azərbaycan tarixi tədris olunurdu. Bu dövdə milli kimliyin formalaşması prosesi yubadılırdı. Sovetlər dövründə nadir hadisələrdən biri baş verdi. Ulu Öndər Heydər Əliyev Xüsusi Xidmət orqanlarına rəhbər vəzifələrə gətirildi. Mərhələli şəkildə ən yüksək vəzifələr Heydər Əliyevə həvalə edildi. Heydər Əliyev çox ağır və çətin vəzifəni icra edirdi. Bununla yanaşı bütün kəşfiyyat xarakterli məlumatlar, Heydər Əliyevin əlinin altından keçirdi. Bacardığı qədər Heydər Əliyev çalışırdı ki, azərbaycanlı mədəniyyət, sənət adamlarını qoruyub saxlasın. Bilirsiniz ki, Azərbaycan rəhbərliyinə gəldikdə Heydər Əliyev Bakı Dövlət Universitetinin 50 illik yubileyi zamanı çıxışını Azərbaycan dilində etdi. Bu həqiqətən də o dövr üçün gözlənilməz bir addım idi. Çünki rəsmi çıxışlar, rəsmi nitqlər rus dilində olurdu. Azərbaycan dilində belə bir çıxışın ediləcəyi heç kimin ağlından belə keçmirdi. Heydər Əliyev Azərbaycan dilində çıxış edərək, öz ana dilinə olan sevgisini hər kəsə göstərdi. Ulu Öndər göstərdi ki, Azərbaycan dili təkcə məişət səviyyəsində danışılan bir dil deyil, həm də rəsmi bir dildir. Heydər Əliyev birinci hakimiyyəti dövründə azərbaycançılıq ideologiyasının inkişafı və yayılması üçün bir zəmin yarada bildi. İkinci dəfə hakimiyyətə gəldikdən sonra Heydər Əliyev ilk növbədə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması üçün əlindən gələn hər şeyi etdi. Həmçinin azərbaycançılıq ideologiyasının xalq arasında yayılması üçün xüsusi tədbir keçdirdi. Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Ümummilli lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. Ulu öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, Vətənlə - doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır. 1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: “Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan”.

Ulu öndər özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil. Məhz bu səbəbdən də Azərbaycan hakimiyyəti son 10 ildə dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirməyə, bu sahədə sistemli və ardıcıl siyasət yeritməyə çalışmışdır. Xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir. Bu sahədə dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, Azərbaycanla əlaqələrini genişləndirmək, habelə digər hüquqlarını reallaşdırmaqdan ibarətdir”.

N.Həmzəyev deyib ki, Azərbaycanın böyük tarixi şəxsiyyətlərinin hər biri azərbaycançılığı bir idea olaraq görürdü.

“Heydər Əliyevin isə onlardan böyük fərqi ondan ibarət oldu ki, o azərbaycançılığı dövlət ideologiyasına çevirdi. O deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir".

Heydər Əliyev məhz siyasətçi idi və ömrünün sonuna qədər də öz vətəninin çiçəklənməsi, bütün dünyada layiqincə tanınması və qəbul olunması yolunda yorulmadan mübarizə apardı. O öz çıxışlarında dəfələrlə qeyd edirdi: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm".

Ulu Öndər Heydər Əliyev məhz Azərbaycanın müstəqilliyi dövründə Azərbaycan Diasporasının formalaşmasını və inkişaf etdirilməsinə də nail oldu. Demək olar ki, bütün görüşlərində, hər bir azərbaycanlının, Azərbaycan ideologiyasına sahib qalaraq, Azərbaycan Diasporunu gücləndirməyə, öz töhfəsini verməyə çağırırdı. Azərbaycanda Diaspora İnsitutunun əsası, təməli elə Heydər Əliyev tərəfindən qoyulub. Hazırda dünyada 50 milyondan çox azərbaycanlı Azərbaycan ideologiyasına şərəflə xidmət edirlər. Onlar Azərbaycanın güclənməsində yaxından işiak edirlər".

Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”” mövzusunda hazırlanıb.

Paylaş:
2650

Son xəbərlər

Bütün xəbərlər