XİN: Azərbaycan BMT-nin müvafiq qurumlarını öz Qarabağ bölgəsinə səfərə dəvət edib
Məlum olduğu kimi, Ermənistan tərəfi uzun müddət ərzində, Azərbaycan ərazilərinin işğalı zamanı işğal, dağıntı, qanunsuz məskunlaşmalar daxil olmaqla, qanunsuz fəaliyyətin nəticələri ilə yerində tanış olmaq məqsədilə beynəlxalq missiyaların işğal olunmuş ərazilərimizə səfərini hər zaman əngəlləyib və ya məhdudlaşdırıb.
Eyni zamanda, hətta məhdud missiyalardan sonra belə Ermənistan onların gəldiyi nəticələrə ya məhəl qoymayıb, ya da onları təhrif edib.
XİN-dən 1news.az-a verilən xəbərə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
“Qeyd olunan fəaliyyətsizliyə baxmayaraq, bir neçə gün əvvəl aparılan antiterror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını öz Qarabağ bölgəsinə səfərə dəvət edib. Belə bir səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə (2021-2025) uyğun olaraq həyata keçiriləcək.
Səfər Azərbaycanın regionda həyata keçirdiyi cari humanitar fəaliyyət ilə tanış olmaq imkanı yaradacaq. Bundan əlavə, müəyyən infrastrukturun bərpası, qeyri-qanuni erməni silahlı qüvvələrinin tərksilahı və silah-sursatının müsadirə edilməsi prosesi, minalardan yaranan təhlükələr heyətin üzvlərinə nümayiş etdiriləcək”, o bildirib.