Belinə lent bağlanan robot, nəvəsini atan nənənin rəqsi – reytinq dalınca qaçan TV-lərimiz - ŞƏRH | 1news.az | Xəbərlər
Müsahibə

Belinə lent bağlanan robot, nəvəsini atan nənənin rəqsi – reytinq dalınca qaçan TV-lərimiz - ŞƏRH

Ayşən İsmayılova16:35 - 07 / 11 / 2023
Belinə lent bağlanan robot, nəvəsini atan nənənin rəqsi – reytinq dalınca qaçan TV-lərimiz - ŞƏRH

Azərbaycan telekanalları deyəndə bir çox insanın ağlına bayağı əyləncə proqramları, “ağlaşma” verilişlər və “məsləhət-məşvərət şurası” kimi fəaliyyət göstərən ekspertlər (əli steteskop yerinə mikrofon tutan həkimlər, verilişə çıxarılan adamların üstünə qışqıran psixoloqlar, üstünə su atılan vəkillər və s.) gəlir.

Təsəvvür edin, bir verilişə dəvət olunmusunuz və aparıcı uşağınız olub-olmadığını soruşur. Uşağınızın olmadığını deyəndə isə “heç yoxdur?” sualı ilə qarşılaşırsınız. Və ya sizi efirə çıxarıb keçmişdə yaşadığınız ağrılı xatirələri dəfələrlə soruşurlar. Çünki travmalarınızı qaşıyaraq gözünüzdən yaş çıxarıb qazanacaqları reytinq onlar üçün sizin hisslərinizdən qat-qat önəmlidir. Təbii ki, bütün proqramlar dramatik olmur. İlanla oriental rəqs edən rəqqasələrdən tutmuş ilansız oynayan şairələrə və ya nəvələrini uşaq evinə atıb qol-qanad açan nənələrə kimi hər növ əyləncəli veriliş tapmaq mümkündür. Əgər bezib kreativ bir şey axtarsanız, gah xınayaxdısı olan, gah da belinə qırmızı lent bağlanıb toy edilən robot xanımı da izləyə bilərsiniz.

Əlbəttə ki, hər şey bundan ibarət deyil. Bayağılıqdan siyrilib keyfiyyətli işlərə imza atmaq istəyən aparıcılar ziyalı insanlarla da bağlı proqramlar hazırlayırlar. Lakin həmin proqramlar Əhməd Cavadın nəvəsi Anar Axundzadəyə ünvanlanan “Babanızı görmüsünüzmü?” sualıtək təəssüf doğurur. Azərbaycan Respublikasının Dövlət Himninin sözlərini yazan dəyərli şairimiz Əhməd Cavadın repressiya qurbanı olduğunu belə bilməyən, bilsə də, repressiyanın tarixini bilmədiyi üçün bəsit bir riyazi hesablama aparmağı bacarmayan insanları izləmək Fərhad Bədəlbəylinin təbirincə desək, adamı utandırır.

Sözsüz ki, yetərincə keyfiyyətli, könüloxşayan və əsas qayəsi insanlara zövqlü dəqiqələr yaşatmaq olan verilişlərimiz də var. “Milyonların şousu”, “Kinoman”, “Ötən günlər”, “Hər zaman musiqi” kimi verilişlər buna ən parlaq örnəklərdir. Lakin bu cür proqramlar da kifayət qədər reytinq qazana bilmir.

Bəs bunun səbəbi nədir? Müğənnilərdən geyiminin qiymətini soruşmaqdan savayı bir bacarığı olmayan aparıcılara və onların bayağı verilişlərinə efirlərdə nə vaxtadək meydan veriləcək? Maarifləndirici proqramların çoxalması üçün nələr etməliyik?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Baş prodüseri Nazilə Babayeva bütün telekanalların bu vəziyyətdə olmadığını və keyfiyyətli işlərin də ərsəyə gətirildiyini söyləyib:

“Ümumiyyətlə, ucuz şou və keyfiyyətsiz veriliş və musiqilər hansı kanallarda var? Hansı verilişlərdir? Kimlər aparır? Gəlin bu suala cavab verək. Bu problemi qaldıran mütəxəssislər, yaxud ziyalılar niyə konkret danışmır, niyə konkret ad çəkmir? Nədən qorxurlar? Kim danışır deyir ki, Azərbaycan televiziyasında ucuz şoular var? Əgər "AzTV", "Mədəniyyət TV" və "İdman TV"ni nəzərdə tutursunuzsa buyurun deyin, bir səviyyəsiz verilişin, mahnının, yaxud süjetin adını çəkin. Biz də sizdən üzr istəyib səhvimizi düzəldək. Yox, bizi nəzərdə tutmursunuzsa, o zaman kim? İnanın, biz bu problemi qaldıranlara da zəng edib "hansı kanalı nəzərdə tutursunuz?" deyəndə bildirirlər ki, sizin kanallar əladır. Biz özəlləri deyirik. Yaxşı, niyə ad çəkmirsiniz? sualını verəndə cavabdan yayınırlar. Mən yalnız onu deyə bilərəm ki, bu gün nə Azərbaycan Televiziyasında, nə "Mədəniyyət TV"də, nə də "İdman TV"də proqram siyasəti bazarın tələbinə uyğun deyil, milli məfkurəyə, milli-mənəvi dəyərlərə, zövq və peşəkarlığa əsaslanır. Bizim bir amalımız var: insanların zövqünü yaxşı istiqamətdə formalaşdırmaq və milli prinsipləri, adət - ənənələri təbliğ edək. Əlbəttə, bu xətt reytinq verməyə bilər. Amma bizim öz yolumuz var və təcrübə də göstərir ki, keyfiyyətli kontent də reytinq verir. Lakin özəl kanalları etiraf edək ki, reytinq daha çox düşündürür. Çünki reytinq puldur və özəl kanal hər ay ən azı 500 nəfərə aylıq maaş verməlidir. Ona görə də bayağı verilişlərə meydan verir. Mən onlara haqq qazandırmaq istəmirəm. Amma bu, reallıqdır. İndi bu problemi necə həll etmək lazımdır, bu, başqa söhbətin mövzusudur. Yox əgər problemi həll etmək istəyiriksə öncə səmimi olmalı və hər şeyi öz adı ilə çağırmalıyıq. Pisi pis, yaxşını yaxşı. Hamını bir qazana atmaq və eyni gözlə baxmaq doğru deyil”.

Milli Məclisin deputatı Etibar Əliyev isə televiziyanın önəmindən danışıb:

“Televiziya hər zaman bütün dünyada ideoloji rupor olduğu kimi, həm də insanların ən çox informasiya, biliklər əldə etmək, dünyada baş verən yeniliklərlə tanış olmaq imkanlarıdır. Ancaq çox təəssüflər olsun ki, bizim televiziyalar bu funksiyanı yerinə yetirə bilmir və bunu hamı görür. Nə qədər tənqidlər olunsa belə, bu məsələ daha da neqativə doğru gedir və cəmiyyət üçün faydasız olan verilişlərin sayını artırırlar. Hər bir ölkənin televiziyası həmin millətin səviyyəsini ehtiva edir. Televiziya həm də bir ictimai institutdur. Belə bir söz var, televiziya heç vaxt özəl ola bilməz. Bu bulka sexi deyil ki özəl olsun. Çox təəssüflər olsun ki, belə bir tendensiya da var. Deyirlər ki, televiziyanın rəhbəri belə düşünür. Televiziyanın rəhbərinin elə düşünməyə ixtiyarı yoxdur”.

E.Əliyev tənqidlərini də dilə gətirib:

“Yayım şuraları fəaliyyət göstərir. Həmin yayım şuralarının fəaliyyəti nədən ibarətdir? Bu televiziyaların tabe olduğu qurumların fikri nədən ibarətdir? Televiziya bu gün ictimai rəyə təsir göstərə bilmir. Elm, təhsil verilişləri yox səviyyəsindədir. Uşaqlar üçün idraki verilişlər demək olar ki, çox aşağı səviyyədədir. Hər hansı bir prosesin şərhi üçün həmişə eyni adamları dəvət edirlər. O insanların böyük əksəriyyəti mütəxəssis deyil. İndiki çağımız üçün yüzlərlə problemin müzakirəsinə ehtiyac var. İqlim dəyişikliyi, qlobal proseslər, dünyada baş verən gərginlər, dünya elminin getdiyi istiqamətlər, mədəniyyət, mədəniyyətdəki böhranlarla bağlı və s.

İndi qəzet yoxdur. Əvvəllər 10-dan çox qəzet çıxırdı. Müəyyən yaş təbəqəsi var ki, onu yalnız televiziya və qəzet maraqlandırır. Televiziyaların sanki hamısı bir-birinə bənzəyir. Mən açıq şəkildə deyirəm ki, televiziya rəhbərlərinin əksəriyyəti peşəkar deyil və o işi bacarmırlar. Üstəlik cəmiyyətə də minnət vururlar, absurd fikirlər səsləndirirlər. Reklamdan pul qazanmaq olar, verilişinə maliyyə dəstəyi axtarana sponsor da tapmaq olar . Amma xalqın mənafeyi də var axı... Verilişlərdə elə ifadələr işlədilir ki, adam onlara baxanda yanında övladı ya da başqası olsun istəmir.

Yaponiyada 32 milyon tirajla qəzet çıxır. Təsəvvür edirsiniz? Onun ikisi iqdisadiyyat qəzetidir. Televiziyalarda isə həmin məqalələrin təhlili gedir ki, bu gün iqdisadiyyatda nələr baş verir?

Təhsili və ya mənəviyyatı olmayan bir blogerin ictimai rəyə təsiri akademikdən çoxdur. Akademiklər, professorlar televiziyada olmalı, məsləhətlər verilməlidir. Bizimlə oxuyan bir neçə tələbə var idi. Onlar fizika elmini fizikanı populyarlaşdıran alimlərin sayəsində seçmişdilər. Orta məktəblərdə dərnəklər var idi. Sənətkarlar həmin dərnəklərin içərisindən çıxıb böyük aktyorlar olmuşdular.

İndi hara gedirsənsə, deyirlər, gördün, filankəs filankəsi necə təhqir etdi?”

Deputat telekanal rəhbərlərinin məhz insanların marağına uyğun verilişlər hazırlandığını qeyd etməsi ilə bağlı fikir də bildirib:

“Onlar haradan bilirlər ki, insanlar onu tələb edirlər? Onların tələb etdiyi verilişləri bilmək üçün cihaz var? Əgər bir məsələ bayağıdırsa, onu birinci növbədə televiziyanın rəhbəri tutmalıdır. Xeyli insan tərəfindən bayağı kimi qəbul edilən bir şeyi televiziya rəhbərləri maraqlı və aktual kimi qəbul edirsə, bunun özü də qüsurlu haldır. Bu gün gənclərin heç biri televiziyaya baxmır. Artıq televiziya onlar üçün maraqlı deyil. Televiziyaların tabe olduğu qurumlar nə düşünür? Çünki bu belə davam edə bilməz. Televiziyaların əksəriyyəti bir-birinə bənzəyir. Kimsə elm, təhsil, mədəniyyət sahələrində bir şey istəyəndə tapa bilmir”.

E.Əliyev verilişlərə sponsorluq edən klinikalardan da söz açıb:

“Hər hansı bir həkimi və yaxud dərmanı təbliğ etmək doğru deyil. Verilişlərdə hansısa həkimin təbliğatı aparılması müəyyən maliyyə hesabına olur. İnsan xəstə olanda özü axtarıb öz həkimini tapmalıdır. Plastik cərrahlar nə qədər insanı şil-küt ediblər. Bunların hamısı həmin reklamlar, təbliğatlar sayəsində olub.

Türkiyə televiziyalarına fikir verin, professorlar tibb sahəsində məsləhətlər verir. Bu gün ən dəhşətli məqamlardan biri odur ki, insanların elementar tibbi biliyi yoxdur. Ona görə də xəstə öz xəstəliyini belə izah edə bilmir. Çünki bunu izah edən televiziya yoxdur”.

O, həmçinin ucuz yumor məsələsinə də toxunub:

“Vaxtilə çox böyük sənətarlarımız var idi. Onların çox güclü yumorları var idi. Bu yumorlarda etika, mənəviyyat gözlənilirdi. İndi yumorlara baxırsınız? Kimisə parodiya edirlər. Belə bir söz var ki, yumor ekoloji təmiz olmalıdır”.

Deputat son olaraq öz təkliflərini irəli sürüb:

“Mən televiziyaya arada baxıram. Hiss olunur ki, verilişləri peşəkarlar hazırlamır. Maraqlısı budur ki, televiziya jurnalisti çağırdığı qonaqdan çox özünü təbliğ edir. Yəni daha çox suallar verməyə, müdaxilələr etməyə çalışır. Mən demirəm ki, yaxşı mütəxəssilər yoxdur. Ən ciddi məsələlərdən biri jurnalistika təhsilinin yetərli qədər olmamasıdır. Universitetlərdə bu sahədə neçə tanınmış alim dərs deyir? Barmaqla sayıla biləcək qədərdir.

Televiziya olan insanlara, xüsusilə də Sosial Tədqiqatlar Mərkəzinin rəhbərliyinə müraciət edirəm ki, mütəmadi olaraq insanları nəyin maraqlandırmağı istiqamətində geniş sorğular keçirib nəticələri hökumətə təqdim etsinlər. Ən ciddi məsələlərdən biri odur ki, qurumlar televiziyaların missiyalarını müəyyənləşdirməlidir”.

1news.az-ın əməkdaşı, mədəniyyət jurnalisti Feliks Vişnevetski isə tənqid atəşinə tutmaq yerinə müsbət halları da görməli olduğumuzu deyib:

"Mən televizora baxmıram, mənə maraqlı olan verilişlərə “Youtube”dan baxıram. Hamı mənfi tərəflərdən danışır. Məncə, mənfilərdən danışanlar yalnız verilişlərin sosial şəbəkələrdə yayımlanan qısa-qısa hissələrini görürlər və belə qərara gəlirlər ki, bütün verilişlər belədir. Bizdə elə verilişlər var ki, Fərhad Bədəlbəyli demişkən, baxanda utanıram. Amma seçim də var. Əgər utanırsansa, o verilişə baxma, kanalı dəyişdir. Bu tamaşaçının seçimidir. Televiziya kontent yaradır. Xoşqədəm Hidayətqızının aparıcısı olduğu veriliş və ona bənzər verilişlər mövzular yüksək reytinq yığır. Reytinq də kanallara pul verir, o pulla da işçilərə maaş verilir. O tip verilişlər bizim cəmiyyətə maraqlıdır. Düzdür, informativ, maarifləndirici verilişlər deyil. Amma bu da olmalıdır. Onun yerinə başqa verilişləri də görmürlər? "AzTV" super sənədli filmlər çəkir, “Səs Azərbaycan” kimi lisenziyalı verilişlər çəkir. “İctimai tv”də “Milyonçu”, “Əlaçı” verilişləri var. Niyə bu verilişlərdən heç kəs danışmır? Çünki baxmırlar. Hər şey pis ola bilməz. Əyləncə də olmalıdır. Televiziya niyə bütün gün maarifləndirici, informativ olmalıdır? Hamı deyir ki, mədəniyyətlə bağlı verilişlər olsun. Bizdə “Mədəniyyət tv” var. Bunu istəyənlərdən soruşmaq lazımdır ki, belə bir kanal olduğunu bilirlər? Bu kanalda super verilişlər, konsertlər olur. Niyə heç kəs baxmır? Niyə reytinq çox aşağıdır? Bu kimin günahıdır?

Xüsusilə vurğulamaq istəyirəm ki, “İctimai tv”də çox yaxşı verilişlər var. Məsələn, “Ötən günlər”. Ona bənzəyən, amma daha əyləncəli və musiqili bir veriliş də var - “Hər zaman musiqi”. Burada çox böyük redaktor işi var, amma heç kəs paylaşmır. Ancaq şairə İlhamə Elşadqızını paylaşırlar. Hamı da fikirləşir ki, bizdə verilişlərdə hər gün toy-bayramdır. Kim televiziyadan danışırsa, o kontentə baxmalıdır. Axı bizdə təkcə əyləncəli kontent yoxdur. “Youtube”da “İctimai TV”, “AzTV”, “Xəzər TV” kimi telekanalların sənədli filmlərinə baxın, super çəkirlər. Amma heç kəs paylaşmır. Hamı istəyir ki, “ha ha hi hi” olsun. Belə olmur axı. Əyləncəli və sanballı verilişlərin olması redaktordan asılıdır”.

O, televiziyalarda intellektual yumor olmadığını deyib:

“Bundan əlavə, belə verilişlər reytinq verməyəcək. “Xəzər TV”də “Komedixana” var. Mən ona baxıb gülürəm. Mən o verilişdən özümə heç nə götürmərəm. Çünki orada maarifləndirici heç nə yoxdur. Baxdım, güldüm və unutdum. Bizdə televiziyalarda intellektual yumor yoxdur. Məncə, olmayacaq da. Çünki ona baxan çox azdır".

F.Vişnevetski sonda öz təkliflərini səsləndirib və telekanalları istedadlı insanlara qucaq açmağa səsləyib:

“Mən də jurnalistəm və bu qanunları yaxşı bilirəm. Çox istərdim ki, cavanlara dəstək olsunlar. Elə verilişlər var ki, cavanlara dəstək olur, elələri də var ki, təəssüf ki, cavanları çağırmırlar, ya da onlardan pul istəyirlər. Amma bizdə çox maraqlı, çox talantlı gənclər var. Televiziya rəhbərləri hər zaman zövq formalaşdırdıqlarını deyirlər. Zövq formalaşdırırsınızsa, istedadlı adamları qaldırın. Nümunə kimi təkcə musiqiçiləri demirəm, tələbələri, abituriyentləri də nəzərdə tuturam. Xaricdə yaşayan nə qədər azərbaycanlı var ki, “Google”da, “İnstagram”da işləyirlər. Qoy onlardan da örnək götürsünlər. Azərbaycan təkcə müğənnilərdən ibarət deyil ki”.

Xalq şairi Rəsul Rza televiziya ilə bağlı bir məqaləsində belə yazırdı:

"Mənə elə gəlir ki, televiziya verilişlərinin vəzifəsi zövqü oxşayan kütlənin arxasınca getmək yox, onun bu zövqünü tədricən inkişaf etdirib qaldırmaqdan ibarətdir. Bu iş vaxt, səbir tələb edir, qəfil addım, əksinə, adamları ekrandan uzaqlaşdıra bilər. Bütün istiqamətlər, silsilələr, rubrikalar üzrə verilişlərlə tamaşaçının səviyyəsini artırmaq lazımdır. Bədii verilişlər hazırlanarkən bu prinsipə daim əməl olunmalıdır. Ancaq hərdən əyləncəli proqramlara baxanda düşünürsən, necə də bayağılığa aparır. Əgər birdən televiziyaya getsəniz, sizə o saat deyəcəklər ki, bu populyar verilişdir, filan qədər məktub almışıq. Lakin məktubları yazan adamların özlərini də böyük mədəniyyətə qovuşdurmaq lazımdır".

Ümid edirik ki, Rəsul Rzanın da dediyi kimi, telekanallarımızın reytinq maqniti olaraq yanaşdığı bayağı verilişlər tezliklə yerini ürəkaçan, keyfiyyətli proqramlara verər. Əks təqdirdə təmizliyini çoxdan itirmiş telekanalları heç robotların belinə bağladığı qırmızı lent də xilas edə bilməyəcək.

Paylaş:
3745

Son xəbərlər

Bütün xəbərlər