Azərbaycan kəlağayısı 11 ildir UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxildir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan kəlağayısı 11 ildir UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxildir - FOTO

Qafar Ağayev14:05 - Bu gün
Azərbaycan kəlağayısı 11 ildir UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxildir - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyilə 2014 – cü il noyabr ayının 26-da Azərbaycan kəlağayısı “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

"Azərxalca" ASC-dən 1news.az-a verilən məlumata görə, kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə təsdiq olunub.

Ötən əsrlərin qadın geyimlərində kəlağayı kimi atributun meydana gəlməsi Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlıdır. İpək istehsalı qədim Nuxada (Şəki) başlamışdır. Böyük İpək Yolu sayəsində Şəki ipəyi və ipəkdən olan məmulatlar başqa ölkələrə ixrac edilirdi. İngiltərə, İtaliya, Hollandiya və başqa ölkələrdən olan səyyahlar öz yol qeydlərində Azərbaycanın müxtəlif şəhərlərinin ticarət məkanlarında zərif, incə ipəkdən qadın baş örtüklərinə rast gəlindiyini xatırlatmışlar.

Hazırda ölkənin əsas ipək istehsal edən müəssisəsi Şəki İpək Kombinatıdır. Kombinat Şəkidə 1931-ci ildə fəaliyyətə başlamış və bugünə qədər (“Azəripək” ASC) fəaliyyətini davam etdirir. Kombinatda baramaaçan, boyaq-bəzək, burucu, toxucu, pambıqəyirici, xalçaçılıq istehsal sahələri var. Kombinatda hazırda 400 işçi fəaliyyət göstərir. Bu gün Şəki İpək Kombinatında yüksək keyfiyyətli 100% təbii xam ipək və ipəkdən hazırlanan məhsullar: kəlağayı, şərf, çitmə və s. istehsal olunur.

“Azərxalça” ASC də öz növbəsində Azərbaycanda ipəkçiliyin inkişafına dəstəyini göstərir. Bu münasibətlə 2021-ci ilin iyul ayında “Azərbaycan xalçası” brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqi istiqamətində atılan əhəmiyyətli addımlardan biri “Azərxalça” ASC ilə “Azəripək” ASC ( o zaman MMC) arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanmasını göstərmək olar. Memoranduma əsasən, xalçaların toxunmasında istifadə edilən ipək ipliyini “Azərxalça” ASC “Azəripək” ASC-dən satın alır, istehsal edilən məmulatların satışına dəstək sahəsində əməkdaşlıq olunur, yun və ipək ipliyinin istehsal prosesinin təşkilində təcrübə mübadiləsi aparılır.

Xatırladaq ki, bu memoranduma qədər “Azərxalça” ASC ipək xalçalar istehsal etməyib, “Azəripək” ASC-dən əldə olunan ipək ipliklə yeni və eksperimental xalçaların toxunması baş tutub. Toxunan bütün növ xalçalar yerli bazarla yanaşı, dünya bazarına da çıxarılır və geniş maraq görür.

Paylaş:
38

Son xəbərlər

Bütün xəbərlər