Kirayə gəlirləri üzrə vergi dərəcəsi azaldılır
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi Milli Məclisdə müzakirə olunur.
Dəyişikliklərin əsas hədəfi sahibkarlığın təşviqi, vergi yükünün optimallaşdırılması və “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin gücləndirilməsidir.
1news.az xəbər verir ki, iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu dəyişikliklərin əsaslandırılmasını hissə-hissə ictimaiyyətə təqdim edir.
Məlum olduğu kimi, vətəndaşlar tərəfindən mənzillərin kirayəyə verilməsi vergiyə cəlb edilən əməliyyat olsa da, bu sahədə qeyri-rəsmi əməliyyatlar mövcuddur. Prosesin rəsmiləşməsi məqsədilə inzibatçılığın sadələşdirilməsi və kirayə gəlirləri üzrə vergi yükünün azaldılması nəzərdə tutulur.
Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən etibarən kirayə gəliri əldə edən vətəndaşlara özləri vergi orqanında uçota durmadan agent (hüquqi və ya fiziki şəxs) müəyyən etmək və vergi öhdəliklərini yerinə yetirilmək vəzifəsini həmin şəxsə həvalə etmək hüququ verilib.
Kirayə bazarı üzrə “ağarmaya” və könüllü əməletməyə nail olmaq məqsədilə fiziki şəxslərə məxsus olan yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsinin optimallaşdırılaraq 14%-dən 10%-ə endirilməsi nəzərdə tutulur. Bu, vergi yükünün təxminən 30 faiz azalması deməkdir.
Sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud hüquqi şəxslərə kirayəyə verilən əmlaklar üçün isə 14%-lik vergi dərəcəsi dəyişməz qalır.
Dəyişikliyin məqsədi vergidən yayınma hallarının qarşısını almaq, fiziki şəxslərə məxsus yaşayış sahələri üzrə kirayə müqavilələrinin və bu müqavilələr üzrə əməliyyatların rəsmiləşdirilməsini təşviq etməkdir.












