Xudu Məmmədov-Məhəmməd Hadi küçələrində quraşdırılan svetofor nə zaman işləyəcək? – Agentlikdən CAVAB - VİDEO
Paytaxt küçələrində hərəkət iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün bir sıra tədbirlər görülür.
Bəzi yerlərdə piyada keçidləri təşkil olunur, avtomobillərin səkilərdə park etməsinin qarşısını almaq üçün tumbalar quraşdırılır, bəzi küçələrin kəsişmələrində isə svetoforlar quraşdırılır.
Belə svetoforlardan biri də Xətai rayonunda Xudu Məmmədov- Məhəmməd Hadi küçələrinin kəsişməsində quraşdırılıb.
Ərazidə yaşayan oxucumuz saytımıza müraciət edəcək bildirib ki, svetofor bir müddət quraşdırılsa da hələ də istifadəyə verilməyib. O, qeyd edib ki, svetoforun işləməməsi ərazidə təhlükəli vəziyyət yaradıb.
Başqa bir oxucumuz isə eyni halın Yasamal rayonunda Cəfər Cabbarlı- Əli Bəy Hüseynzadə küçələrinin kəsişməsində müşahidə olunduğunu bildirib. Bildirilib ki, 6 aydandan çox bir müddətdə əraziyə svetofor quraşdırılsa da hələ də işləmir. Bu da piyadalar üçün təhlükəli vəziyyətə səbəb olur. Ərazidə məktəblərin olduğunu nəzərə alsaq, oradan keçən məktəblilər də çətin vəziyyətlə qarşılaşırlar.
Bəs görəsən qeyd etdiyimiz ərazilərdə quraşdırılan svetoforlar niyə işləmir? Qeyd olunan küçələrdə svetoforlar nə zaman işləyəcək?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA)1news.az-ın sorğusuna verilən cavabda bildirilirib ki, paytaxtın küçə və prospektlərində piyadaların və nəqliyyat vasitələrininin hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə kompleks tədbirlər aparılır.
“Bu çərçivədə müxtəlif yol sahələrində nəqliyyat axını təhlil edilərək zəruri olan yerlərdə svetoforların quraşdırılması təmin edilir. Qeyd etdiyiniz hər iki yol kəsişməsində də bir müddət əvvəl svetofor obyektləri quraşdırılıb. Hazırda hər iki ünvanda nizamlayıcıların işə salınması ilə bağlı son texniki tamamlanma işləri aparılmaqdadır. Qarşıdakı günlərdə Xudu Məmmədov-Məhəmməd Hadi, eləcə də Cəfər Cabbarlı-Əli Bəy Hüseynzadə küçələrinin kəsişməsindəki svetoforlar işə salınacaqdır”.