Polietilen paketlər, “Yaşıl enerji”, milli parklar, COP29 - Ekologiya və Azərbaycan - ŞƏRH | 1news.az | Xəbərlər
Reportaj

Polietilen paketlər, “Yaşıl enerji”, milli parklar, COP29 - Ekologiya və Azərbaycan - ŞƏRH

Ayşən İsmayılova11:30 - 18 / 01 / 2024
Polietilen paketlər, “Yaşıl enerji”, milli parklar, COP29 - Ekologiya və Azərbaycan - ŞƏRH

Ağ yuyub elə ağ da sərdiyimiz paltarlarımızı yığanda onlara hopan yandırılmış naqil və tullantı qoxularından, habelə maşınlardan çıxan zəhərli “xatirə”lərdən məst olarkən “Bəxt üzüyü” filmindən Söylünün bu sözləri qulaqlarımızı cingildədir:

“Boy! Boy! Ayə, Moşu, indiki sulara bax e. Maykeyi ağ salmışam, qara çıxıb. Ayə, eqalogiya budu?”

Vaqif Səmədoğlunun qələmə və Ramiz Əzizbəylinin isə lentə aldığı bu möhtəşəm filmin kiçik bir epizodu - Söylünün paltar yuyarkən Moşuya ünvanladığı sualı belə adamı əvvəlcə güldürür, sonra isə düşündürür.

Söylü deməli, ekologiya nədir? Ekologiya və ətraf mühitin mühafizəsi dedikdə nə anlayırıq? Azərbaycan bu sahədə hansı işlər görə bilib?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan AMEA Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev mövcud problemlərdən və onların həlli üçün atılan addımlardan danışıb:

“Burada müxtəlif komponentlər var; suların, torpağın, havanın, biomüxtəlifliyin qorunması və müasir şəraitdə ən ön cərgəyə çıxan iqlim dəyişmələrinin ətraf mühit komponentinə təsiri məsələsidir.

Uzun illər Azərbaycanda neft sənayesinin primitiv metodlarla inkişaf etdirilməsi, Bakı ətrafında və Abşeron yarımadasında neftlə çirklənmiş göllərin yaranmasına səbəb olmuş və torpaqlar çirklənmişdir.

Ölkə ərazisində əkinçiliyin müxtəlif ekstensiv üsullarla uzun müddət təqribən 40%-dən yuxarı torpaqlarda səhralaşma prosesinin getməsinə səbəb olub. Suların vəziyyətinə gəlincə, onların 66-67%-i kənarda formalaşıb Azərbaycana daxil olur. Bakı şəhərində atmosfer havasının nəqliyyat vasitələri ilə çirkləndirilməsi də narahatlıq doğurur. Bunlar prioritet məsələlərdir, amma dövlətimiz bir-birinin ardınca müxtəlif proqramlar qəbul edir. Regionların sosial-iqdisadi inkişafı, “böyük qayıdış”a dair proqram və s. Ölkəmizdə çoxlu sayda milli fəaliyyət planları var. Dövlət bu məsələləri ələ alır, qanunları dəyişir, strategiyalar qəbul edir. Bütün bunlar əlverişli şərait yaradır ki, bizim alimlər, ekologiya sahəsində çalışan insanlar ətraf mühitdə baş verən neqativ hadisələri, narahatlıq yaradan problemləri həll etsin. Mənim rəhbərlik etdiyim institut bu sahədə çoxlu işlər görür. Xüsusilə də işğaldan azad olunmuş ərazilərlə bağlı. Sular haqqında qərarlar çıxarıldı və xüsusi agentlik yarandı ki, bütün su mənbələri bir mərkəzdən idarə olunacaq. Torpaqların münbitləşməsi üçün kənd təsərrüfatına müxtəlif cür yardımlar edilir. Hava şəraitinin çirkənməsi ilə bağlı həm ölkəyə köhnə maşınların gətirilməsi məhdudlaşır, həm də benzinin keyfiyyətinin yaxşılaşdırılması kimi bir çox işlər görülür. Sovetlər birliyi və ondan da qabaqkı dövrdən qalmış problemlər var. O vaxtlar nə Ekologiya Nazirliyi, nə də Ekologiya Komitəsi olub. Heç ekologiya məfhumu olmayıb. Amma müstəqillik dövründə 150 ildə yaranmış problemlərin həlli istiqamətində işlərin görülməsi təqdirəlayiqdir.

Amerikanın bir institutu Azərbaycanda ətraf mühitlə bağlı görülən işləri qiymətləndirərkən ölkəmiz dünya çərçivəsində 5-ci yerdə olub. Amma bu o demək deyil ki, indi ətraf mühit tərtəmizdir, hər şey yaxşıdır. Yenə də problemlər qalıb. Çalışırıq ki, bu proqramlar vasitəsilə o məsələlərin hamısını həll edək”.

İ. Mustafayev polietilen paketlərin marketlərdə ödənişli olması və bunun statistikaya təsirindən də bəhs edib:

“Sellofan torbalar pulla satılmağa başlamağından indiyə qədər ətraf mühitə atılan tullantıların miqdarı 2 dəfəyədək azalıb. Bu, bütün dünyada olan bir problemdir. Suların plastik tullantılarla zəhərlənməsi, onun isə sulardan heyvanlara, heyvanlardan da qida zənciri ilə insanlara keçməsi çox ciddi məsələdir. Son 10 ildə 2 strategiya qəbul olunub. Qanunlara 3 dəfə düzəlişlər edilib ki, bu məsələlərin həll olunması üçün əlverişli şərait yaransın. İndi bu şərait yaranıb, amma, təbii ki, insanların psixologiyasından bu məsələləri dərhal çıxarmaq olmur. Amma gələcəkdə alternativlər olacaq, kağız və parça torbalardan istifadə ediləcək. Bu başqa ölkələrdə çoxdan var. Bizim ölkəmiz də bunu etməlidir. Azərbaycanda il ərzində təqribən 240 min ton plastik tullantı toplanır. Bunun həlli üçün çalışmalıyıq, çalışırıq da”.

Ekspert COP29-un Azərbaycanda keçiriləcəyini xatırladıb və bunun əhəmiyyətini vurğulayıb:

“COP28-də mən özüm də iştirak etmişəm. COP29 üçün isə layihələr və təkliflər hazırlayırıq. Bu ümumdünyəvi bir hərəkatdır. Və bu hərəkatın hər hansı bir ölkədə keçirilməsinin həmin ölkəyə böyük təsiri var. Bu, maarifləndirmənin ən yaxşı üsuludur. 70-80 min adam gələcək. Gələn alimlər, qeyri-hökumət təşkilatları olacaq. Onların yaratdığı təsir insanlarda maariflənməni gücləndirəcək”.

O, son olaraq, əlindəki siqaret kötüyünü, plastik və digər tullantıları zibil qabına atmaq əvəzinə yerə tullayan insanların ekologiyamızı yaralayan “nəzakət” və “mədəniyyət”indən də söz açıb:

“Ekologiya elə bir sahədir ki, burada insanların ictimai şüuru daha önəmlidir. Biz hər ağacın, hər dənizin yanına nəzarətçi qoya bilmərik. İnsanları maarifləndirmək lazımdır. Nəinki Xəzər dənizində, içməli sulara o qədər plastik tullantılar atılır ki. İran tərəfindən çox atılır. İşğala görə bizim tərəfdən uzun müddət Araza yaxınlaşmaq olmayıb. Çaylar Ermənistan və Gürcüstan tərəfdə çox çirklənib gəlir. Bizim üzərimizə çox böyük və ağır vəzifələr düşür. Bu vəzifələri də çətinliklə də olsa, həll etməliyik. Hazırda iqdisadiyyat əsəsən müdafiə qabiliyyətinin artırılmasına və işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə yönəldilib. Amma biz də suları çirkləndiririk, tullantılarla ətrafı çirkləndiririk.

Ölkə kifayət qədər qanunlar qəbul edir. Mən özüm də müşahidə edirəm ki, hər 3 avtomobilin 1-dən küçəyə siqaret kötüyü atılır. Mən bəzən buna görə həmin insanlarla konfliktə də girirəm. Bunu hər bir vətəndaş etməlidir. Qarşında siqareti çəkib yerə atırlar, adam məsələyə biganə yanaşır. Nə qədər ki, bizim əhali bu məsələni həll etmək istəməsə, bunu dövlət qanunları ilə həll etmək mümkün deyil”.

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov da Azərbaycanda ətraf mühitə aid qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü deyib:

“Son illər görülən işlərdən əsasən təhlükəli tullantılar poliqonunun yaradılması və təhlükəli tullantıların idarə olunmasında olan irəliləyişləri qeyd edərdim. Təhlükəli tullantılar o tullantılardır ki, insan sağlamlığına çox ciddi təhlükə yaradır. Buna ağır metallar, uçucu üzvi birləşmələr və digər kimyəvi tullantılar aiddir. Bunlar xüsusi yanaşma tələb edir. Onların qəbulu üçün yaradılan təhlükəli tullantılar poliqonu Sumqayıtdadır. Digər təhlükəli tullantılar poliqonu isə Abşeron rayonunun Cəngi qəsəbəsindədir. Hər bir şirkət borcludur ki, öz tullantılarını xüsusi vasitələrlə daşıyaraq poliqona təhvil versin. Tullantıları ətraf mühitə atmaq inzibati məsuliyyət yox, cinayət məsuliyyəti yaradır.

Hər bir təşkilat borcludur ki, malik olduğu təhlükəli tullantı haqqında dövlətə vaxtlı-vaxtında məlumat versin. Əgər bu tullantılar yaranırsa, hökmən təhlükəli tullantılar poliqonuna təhvil verilməlidir.

Bundan əlavə, bərk tullantıların istifadə olunması istiqamətində görülən işlərdən ən vacibi onların azaldılması və istehlakçı məlumatlılığının artırılması istiqamətində görülən işlərdir”.

Ekspert, həmçinin plastik torbalarla bağlı atılan addımın önəmini xatırladıb:

“Plastik tullantıların idarə olunması ilə bağlı atılmış addımları xüsusi qeyd etmək istərdim. Plastik torbalar iri market şəbəkələrində pulla satılır. Bu artıq öz bəhrəsini verməyə başlayıb. Əvvəlki illərlə müqayisədə dəfələrlə az sayda plastik torbalardan istifadə edirlər. Elə alıcılar var ki, əvvəlki illərlə müqayisədə 4-5 dəfə daha az plastik torba götürüblər. Bu torbaların emalı istiqamətində də mühüm işlər görülməkdədir. Gələcəkdə bu istiqamətdə qanunvericiliyin daha da təkmilləşdirilməsi və nəinki plastik torbalardan, digər plastik qablardan da istifadənin azaldılması nəzərdə tutulur”.

R.Abbasov yaradılan milli parkların əhəmiyyətini də dilə gətirib:

“Biomüxtəlifliyin və ətraf mühitin qorunması sahəsində görülən işlər də var. Azərbaycanda iri milli parklar yaradılıb. Biz Şahdağ, Qızılağac kimi milli parkları qeyd edə bilərik. Hirkan Milli Parkı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil oldu. Artıq o biosfer qoruğu kimi fəaliyyət göstərəcək. Qarşıdakı illərdə Zaqatala biosfer qoruğunun yaradılması nəzərdə tutulur. Biosfer qoruğunun milli parklardan fərqi odur ki, biosfer qoruqları təkcə təbiət komponentlərinin qorunmasını nəzərdə tutmur, həm də yerli icmaların qorunması və dayanıqlı inkişafına töhfə vermək üçün fəaliyyətləri özündə ehtiva edir”.

Ekoloq sonda Azərbaycanın gördüyü işlərdən və hədəflərindən danışıb:

“2024-cü il Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" elan olundu. Bu artıq Azərbaycanın xarici və daxili siyasətində ətraf mühit problemlərinin nə dərəcədə vacib olduğunu göstərir. Azərbaycan həm də COP29 tədbirlərinə ev sahibliyi edəcək. COP29 ölkənin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransı deməkdir. 80 minə yaxın insanın gəlişi gözlənilir. İqlim dəyişmələrinin azaldılması istiqamətində görülən işlər, qarşıya qoyulan hədəflər bu görüşdə müzakirə olunacaq. Azərbaycan bu istiqamətdə qarşıya çoxlu hədəflər qoyub. Məsələn, Azərbaycan 2030-cu ilə qədər öz ərazisində istehsal edəcəyi elektrik enerjisinin tamamilə “Yaşıl enerji” hesabına təmin etmək niyyətindədir. Eləcə də Azərbaycan 2030-cu ilə qədər öz ərazisindən atmosferə atılan karbon qazının 35%-ə qədər azaldılmasını hədəf qoyub. Bu hədəf 2015-ci ildə qoyulub və ilkin nəticələr onu göstərir ki, Azərbaycan öz məqsədlərinə çox yaxındır”.

Cəmiyyətin ekoloji cəhətdən maariflənməsinin labüdlüyünü diqqətə çatdırıb və insanlara çağırış edib:

“Görürəm ki, plastik torbanı atırlar, o da havada uçur. Çox təəssüf edirəm ki, belə hallar baş verir. Mən istərdim ki, vətəndaşlarımız ekoloji cəhətdən daha məlumatlı olsunlar. Vacib deyil ki, gəlib kimsə bizi öyrətsin. Əlimizdə internet var və oradan çoxsaylı maarifləndirici məlumatlar tapmaq mümkündür. Hər bir insan özünü ekoloji baxımdan məlumatlandırmalıdır. Başa düşməliyik ki, bizim etdiyimiz hər hansı bir səhv hərəkət, atdığımız hər hansı bir tullantı başqalarına çətinlik yaradır. Tullantıları hara gəldi tullamaq olmaz. Bunun üçün zibil qabları var. Hər bir vətəndaş çalışmalıdır ki, həyatıboyunca mümkün qədər az tullantı yaransın. Məsələn, çay almaq üçün marketə gedirsiniz. Biri var, 100 qramlıq paket, biri də var, yarım kiloqramlıq paket. Biz onsuz da bunu yenə alacağıq. Başa düşürəm, imkan olmaya bilər. Amma çalışmaq lazımdır ki, iri paketlərdə olan məhsulları alaq ki, onlar az miqdarda tullantı yaratsın. Bu həm büdcəmizə qənaət etməyə imkan verir, həm də tullantıların azaldılmasına töhfə vermiş olur”.

Müəllif: Ayşən İsmayılova

Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanıb.

Paylaş:
2856

Son xəbərlər

Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib - FOTO08 / 10 / 2024, 21:26Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib08 / 10 / 2024, 17:41Əhməd Əhmədovun məhkəməsi keçirilib, jurnalistlər iclasa buraxılmayıb08 / 10 / 2024, 17:10Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir - FOTO08 / 10 / 2024, 16:53Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"08 / 10 / 2024, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTO08 / 10 / 2024, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir08 / 10 / 2024, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib08 / 10 / 2024, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb08 / 10 / 2024, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 108 / 10 / 2024, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİB08 / 10 / 2024, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir08 / 10 / 2024, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTO08 / 10 / 2024, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıb08 / 10 / 2024, 14:32Çərşənbə gününün hava proqnozu08 / 10 / 2024, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıb08 / 10 / 2024, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olub08 / 10 / 2024, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”08 / 10 / 2024, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilib08 / 10 / 2024, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıb08 / 10 / 2024, 11:02
Bütün xəbərlər