Kamaləddin Qafarov: “NATO Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir”
“Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərdən biri də ölkənin milli mənafelərindən çıxış edərək, dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsidir. Təbii ki, bu baxımdan Azərbaycan üçün qardaş Türkiyənin də üzv olduğu və haqlı olaraq dünyanın ən güclü hərbi təşkilatı hesab edilən Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə tərəfdaşlıq münasibətləri mühüm əhəmiyyət kəsb edir”.
Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
Deputatın fikrincə, martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqin ölkəmizə rəsmi səfəri çərçivəsində müzakirə olunan məsələlərin aktuallığı və əhatəliliyi bunu deməyə əsas verir ki, təşkilat özü də Azərbaycanla əlaqələrin genişləndirilməsində və inkişafında son dərəcə maraqlıdır. “ Azərbaycan özünün silahlı qüvvələrinin məhdud kontingenti ilə NATO-nun rəhbərliyi ilə müxtəlif ölkələrdə keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarında təmsil olunmaqla təkcə iqtisadi deyil, həmçinin hərbi sahədə də etibarlı tərəfdaş olduğunu sübut edib. Ölkəmiz 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarında, 2003-cü ildən 2008-ci ilədək İraqın Beynəlxalq Koalisiya Qüvvələri daxilində sülhməramlı missiyada və 2002-ci ildən 2021-ci ilə qədər Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib. Bu missiyaların gedişində Azərbaycan hərbçiləri olduqları ölkələrdə hava limanı, televiziya qülləsi, sursat anbarı kimi mühüm strateji obyektlərin mühafizəsini uğurla həyata keçiriblər. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, 30 ildən artıq davam edən Azərbaycan-NATO tərəfdaşlığını birmənalı olaraq müsbət qiymətləndirə bilərik”.
Fikirlərini davam etdirən K.Qafarov Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması təşəbbüsünün NATO Baş katibi tərəfindən dəstəkləndiyini diqqət mərkəzinə çəkib və bunun əhəmiyyətli məqam olduğunu vurğulayıb: “Öz çıxışında dövlətimizin başçısı bir daha diqqətə çatdırdı ki, bütün nüfuzlu beynəlxalq təşkilatlarla olduğu kimi, NATO ilə də uzun illər davam edən müzakirələrin gedişində Azərbaycan hər zaman suveren torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışıb. Lakin təəssüflər olsun ki, işğal dövründə aparılan danışıqlar heç bir nəticə vermədi. O cümlədən, 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticəsiz qaldı. Artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə apardığı İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Azərbaycan öz ərazisi üzərində tam suverenliyini bərpa etməklə, uzun sürən münaqişələrin necə həll edilə biləcəyinə dair nümunə yaratmış oldu. Məhz bu Qələbələrin nəticəsi olaraq, bu gün Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa heç vaxt olmadıqları qədər yaxındırlar. Yeri gəlmişkən, öz çıxışında NATO-nun Baş katibi də uzun illərin münaqişəsindən sonra Ermənistan ilə Azərbaycan arasında hazırda davamlı sülhə nail olmaq imkanı olduğunu təsdiq etdi və sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağımızla bağlı dövlət başçımızın sözlərini yüksək qiymətləndirdiyini vurğuladı. Bütün bunlar bir daha təsdiq edir ki, Şimali Atlantika Alyansı obyektiv olaraq Azərbaycanın haqlı tərəf olduğunu və torpaqlarının işğalına son qoymaq, eləcə də özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək məqsədilə həyata keçirdiyi tədbirlərlə beynəlxalq hüququ pozmadığını qəbul edir”.