Sevinc Fətəliyeva: Hazırda Azərbaycan alternativ enerji siyasətini gücləndirir
“Hazırda dünyada gedən proseslər yeni çağırışları aktuallaşdırır”.
Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
“Bu çağırışların sırasında yeni enerji layihələri də önəmli yer tutur. İqlim dəyişikliklərinin qlobal problemə çevrildiyini nəzərə alsaq, “yaşıl enerji” amili bu gün əsas hədəflər sırasındadır”.
Deputat bildirib ki, iyunun əvvəlində keçirilən Bakı Enerji Həftəsində də alternativ enerji məsələsi əsas müzakirə mövzularından biri olub. Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televisiyasına müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkətin iştirak etməsi də bu reallığı təsdiqləyir.
Millət vəkilinin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. Bir neçə il ərzində bu rəqəm 500 meqavata çatacaq. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcək. Dövlətimizin başçısı müsahibəsində bu sahənin inkişafı ilə bağlı Azərbaycanın böyük tərəfdaşlarının olduğunu vurğulayıb: ““Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. Daha sonra, BP sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bir sözlə, biz neft və qaz sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə başlayırıq. Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun”.
“Hazırda Azərbaycan alternativ enerji siyasətini gücləndirir, “Yaşıl enerji”yə böyük önəm verir. COP29-un bu il ölkəmizdə keçirilməsi də bunu təsdiqləyir. Prezident İlham Əliyevin tədbirdə dediyi kimi, COP-a ev sahibliyi etmək kimi məsuliyyətli vəzifəni üzərimizə götürərkən biz bunun həm üstünlüklərini, həm də müəyyən çətinliklərini tam şəkildə dərk edirik. Ancaq biz bu məsələyə sadiqik. Bu il ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzində olacaq”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.