Hadrutda seçki prosesini 14 yerli müşahidəçi izləyir
İşğaldan azad olunmuş ərazilərdəki digər seçki məntəqələrdə olduğu kimi, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin Hadrut qəsəbəsində yaradılmış 92 saylı seçki məntəqəsində də səs vermə üçün lazımi şərait yaradılıb.
1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, saat 07:50-də seçki məntəqəsi müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 08:00-da səsvermənin başlanması elan edilib. Məntəqə üzrə qeydə alınan seçicilər səhər saatlarından etibarən seçki məntəqəsinə gəlir, öz konstitusion hüquqlarından istifadə edirlər. Hər bir seçicidə ruh yüksəkliyi müşahidə edilir. Seçki prosesini 14 yerli müşahidəçi izləyir.
124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi üzrə 46 və 47 saylı məntəqələr Şuşa şəhərində, 92 saylı məntəqə Xocavənd rayonu Hadrut qəsəbəsində, 93 saylı məntəqə Xocavənd rayonu Böyük Tağlar kəndində təşkil edilib.