Ağalı kəndində seçicilərin aktivliyi müşahidə edilir
Zəngilan rayonu Ağalı kəndində Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə seçicilər yüksək əhval-ruhiyədə iştirak edir.
Səhər saatlarından başlayaraq seçicilərin aktivliyi müşahidə edilir.
1news.az "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə işğaldan azad olunan Zəngilan və Qubadlıda 5 seçki məntəqəsi fəaliyyət göstərir. 33 Saylı Seçki məntəqəsi Ağalı kəndi məktəbində fəaliyyət göstərir. Ağalı kənd sakinlərinin bu məntəqədə səsvermə hüququndan istifadəsi üçün bütün şərait yaradılıb.
Həmçinin, 33 saylı seçki məntəqəsinə yaxın ərazilərdə çalışan işçilər də bu məntəqədə səsvermədə tam sərbəst şəkildə iştirak edirlər. 125 Saylı Zəngilan-Qubadlı Seçki Dairəsi üzrə işğaldan azad olunan digər məntəqələrdə də aktivlik müşahidə edilir.
Zəngilan rayonu ərazisində çalışan işçilərin səsvermədə iştirakı üçün Alıbəyli kəndi ərazisində 61 Saylı seçki məntəqəsi, Ağbənd qəsəbəsində 62 Saylı Seçki məntəqəsi, Zəngilan şəhərin mərkəzində isə 64 Saylı seçki məntəqəsi fəaliyyət göstərir. 125 Saylı Zəngilan Qubadlı Seçki Dairəsinin Qubadlı rayonu üzrə isə 63 Saylı seçki məntəqəsi fəaliyyət göstərir. Sözügedən dairə üzrə 64 seçki məntəqəsi var və qeydə alınan seçicilərin sayı 56391 nəfərdir. Onlardan 31600 seçici və 36 seçki məntəqəsi Zəngilan üzrə, 24791 seçici və 28 seçki məntəqəsi isə Qubadlı rayonu üzrədir.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.