Vüqar Rəhimzadə: Ulu Öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyini xilas etməsidir
Ulu Öndər Heydər Əliyevin adı çəkiləndə öncə göz önünə Azərbaycan gəlir.
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
O, bildirib ki, bütün dövrlərdə Azərbaycanın bu günü və gələcəyi üçün düşünən şübhəsiz Ümummilli Liderin atdığı addımların, gördüyü işlərin xronologiyasını bir yazıda tam əhatə etmək mümkün deyil.
"Dahi şəxsiyyət Heydər Əliyevin “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” çağırışı Onun amalının, məqsədinin nədən ibarət olduğunu açıqlayır. Bu fikir böyük əminliklə və qürur hissi ilə qeyd edilir ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ulu Öndərin hakimiyyətinin hər iki dövrü, o cümlədən siyasi fəaliyyətinin Naxçıvan mərhələsi xilaskarlıq missiyası ilə xarakterizə edilir. Dahi rəhbərin hakimiyyətinin birinci dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərdi, xalqımızın özünüdərkini və soykökünə qayıdışını təmin etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi. Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü adlandırıla bilər. Məhz həmin illər dahi şəxsiyyətin yenidən böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu.
Ümummilli Lider hər zaman xalqının çətin anlarında yanında olub, insanların ümidlərini özünə qaytarmaq üçün bütün zəruri addımları atıb. Azərbaycan tarixinin mühüm səhifəsi kimi dəyərləndirilən 3 sentyabr 1991-ci ildə Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən ötən 33 ilin reallıqları fonunda qarşıdakı dövrün mənzərəsini təqdim etmək heç də çətin deyil. Artıq qalib Azərbaycan yeni reallıqlara söykənərək həm iqtisadi, həm də siyasi mövqeyini daha da möhkəmləndirmək üçün Milli Prioritetləri müəyyənləşdirib və onların həyata keçirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımları ilə diqqətdədir. Bugünümüzün reallığı budur ki, Azərbaycan Ümummilli Lider Heydər Əliyevin daim arzusunda olduğu Azərbaycandır".
O qeyd edib ki, fenomenal şəxsiyyət olan Heydər Əliyev Naxçıvanda Milli Qurtuluşun, milli dövlət quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Azərbaycanın bu diyarında daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb.
"Onun Naxçıvanda qəbul etdiyi qərarlar, atdığı addımlar müstəqil Azərbaycanın bugünkü və gələcək inkişafı üçün baza rolunu oynayır. Ümummilli Lider istər keçmiş sovet dönəmində, istər Naxçıvan MR Ali Məclisinin Sədri olduğu vaxtlarda, istərsə də 1993 -cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkənin siyasi, iqtisadi, sosial inkişafı naminə atdığı addımlarında bu məqamı xüsusi olaraq diqqətə çatdırmışdır ki, mənim həyatım, fəaliyyətim bütünlüklə Azərbaycanın uğurlu gələcəyinə, beynəlxalq münasibətlər sistemində nufuz qazanmasına həsr olunub. Dahi şəxsiyyətin arzusu, amalı Azərbaycanı daim müstəqil, iqtisadi cəhətdən dayanıqlı inkişaf etmiş, demokratiya təcrübəsi digər ölkələrə örnək olan ölkə kimi görmək olub".
Bildirilib ki, bugünkü islahatların, yeniliklərin, dünyaya çağırışların təməli məhz o illərdə qoyulub. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskinləşdiyi şəraitdə Ali Məclisin Sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail oldu.
"Onun sədrliyi ilə keçirilən sessiyalar biri-birindən əhəmiyyətli məsələlərin müzakirəsi, vacib qərarların qəbulu ilə yadda qalıb. Naxçıvan MSSR-in adının dəyişdirilməsi, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağının bərpası, himn və gerbi üçün müsabiqə keçirilməsi barədə qərarların qəbulu da deyilənlərin təsdiqidir. 1990-cı ildə Bakıda törədilmiş Yanvar hadisələrinə həsr olunmuş Azərbaycan SSR Ali Sovetinin sessiyasının yarımçıq dayandırılmasını qətiyyətlə pisləyərək Naxçıvanda bu məsələnin müzakirəsini vacib hesab edən Ümummilli Lider Heydər Əliyev həqiqəti belə xarakterizə etmişdir: “Mən Azərbaycanın rəhbəri kimi Ermənistanın Dağlıq Qarabağın işlərinə qarışmasına yol vermirdim və bunu vətəndaş, azərbaycanlı kimi borcum bilirdim”. Yanvar hadisələri törədiləndə Moskvadakı Azərbaycanın Daimi Nümayəndəliyinə gedərək qanlı qırğını törədənləri ifşa edərək, bu hadisəni hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd addım kimi qiymətləndirmişdir. Ulu Öndər Heydər Əliyev Naxçıvanda işləyərkən faciəyə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi. Muxtar respublikada Kommunist Partiyasına məxsus bütün strukturları ləğv etdi.
Vüqar Rəhimzadə onu da bildirib ki, dahi şəxsiyyətin Naxçıvandakı xidmətlərindən biri Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən “91-lər”in Ulu Öndər Heydər Əliyevə müraciəti, dahi şəxsiyyətin həmin müraciətə cavabı Azərbaycanın uğurlu gələcəyinin təqdimatı oldu. Bu mühüm məqamı da qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının yaradılması, dahi şəxsiyyət Heydər Əliyevin partiyaya Sədrliyi Azərbaycanın həyatında dönüş nöqtələrindən biri oldu. Belə ki, partiyanın yaradılması Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışını, ölkəni düşdüyü ağır vəziyyətdən xilasını daha da tezləşdirdi. Yeni Azərbaycan Partiyasının yaradılması Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsinin mühüm tarixi addımlarındandır".
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsindəki ən böyük xidmətlərindən biri də 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərarın qəbul edilməsidir.
" Ulu Öndər daim bu çağırışı edirdi ki, Azərbaycan bütün dünya azərbaycanlılarının Vətənidir. Harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımız bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidir. Diaspor quruculuğu prosesi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi".
Baş redaktor diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin qısa vaxt ərzində Naxçıvanda Azərbaycan üçün gördüyü işlərin, həll etdiyi taleyüklü məsələlərin yalnız az bir hissəsini qeyd etdim. Dahi rəhbərin Azərbaycanın gələcəyi üçün müəyyənləşdiyi hədəflərin gerçəkləşməsi isə 1993-cü ildən, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı. Müstəqilliyimizin bərpasının ilk illəri hakimiyyətsizlik illəri kimi xarakterizə olunsa da 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan yol Azərbaycana bugünkü uğurları qazandırdı. Ulu Öndər Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkə xaosdan, anarxiyadan, özbaşınalıqdan xilas oldu, inkişaf, tərəqqi dövrünə qədəm qoydu. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl 2020-ci ildə Azərbaycanın tarixi Zəfərinə yol açdı. Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini atdığı hər bir addımı ilə təsdiqləyən dövlət başçısı İlham Əliyev Azərbaycana möhtəşəm uğurlar qazandırdı. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanan Prezident İlham Əliyev andiçmə mərasimində Ümummilli Lider Heydər Əliyevə ünvanladığı “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik” müraciəti bugünkü reallıqlarda öz əksini tapıb. Torpaqlarımız tarixi sahibinə qovuşdu, bütün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır. Hazırda Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı uğurla icra olunur. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcək. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan Bayrağını daha uca etməyə hədəflənib. Suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında yeni hədəflər var. Hədəflərimiz uğurlu gələcəyimizin təqdimatıdır. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq.