Utandırıcı birincilik – Selektiv abortların qarşısı necə alınmalıdır? | 1news.az | Xəbərlər
Cəmiyyət

Utandırıcı birincilik – Selektiv abortların qarşısı necə alınmalıdır?

Qafar Ağayev15:14 - 09 / 09 / 2024
Utandırıcı birincilik – Selektiv abortların qarşısı necə alınmalıdır?

Azərbaycan 7 ildir dünyada birinci yerini qoruyub.

Təəssüflə demək lazımdır ki, bu birincilik nə hansısa beynəlxalq bilik yarışında, nə idman yarışında, nə də digər müsbət anlamlı yarışda deyil, selektiv abortların sayına görə olan arzuolunmaz statistikadadır.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun Baş müşaviri Fərid Babayev avqustun 2-də Mediada Gender Həssaslığının artırılması mövzusunda çıxışı zamanı Azərbaycanın selektiv abortlara görə ardıcıl 7 ildir ki, dünyada birinci yeri tutduğunu deyib.

Abortların sayında artım səbəbindən ötən 55 il ərzində nəsilvermə əmsalında kəskin azalma müşahidə edilir. Cinsə görə nisbətin pozulması gələcəkdə baş verəcək bir çox ciddi problemlərin başlanğıcı hesab olunur. Bu problemlərə gender bərabərsizliyi, cinayət tərkibli hadisələrin artması, erkən nikah, zorakılıq halları və s. kimi ciddi nəticələnən proseslər daxildir.

Azərbaycanda hamiləliyin süni pozulması qadının razılığı ilə 12 həftəlik müddətək, xüsusilə hallarda isə 22 həftəyədək aparıla bilər.

Ölkəmizdə ikinci uşaq qız olduğu halda 30%, üçüncü uşaq qız olduğu halda isə 74% halda abort edilir.

Məsələ ilə bağlı danışan ginekoloq Turan Nəbiyeva deyib ki, Azərbaycandakı fəaliyyəti dövründə selektiv abortlarla bağlı müraciət edənlərin sayı çoxdur:

Turan Nəbiyeva

"Mən həmin pasiyentləri birmənalı şəkildə qəbul etməkdən imtina edirəm. Selektiv abort çox çirkin və insanlıqdankənar davranışdır. Mən dəfələrlə yanıma bununla bağlı gələnləri çəkindirməyə çalışmışam, fəsadlarını izah etmişəm. Abort kiçik əməliyyatdır, Çox təəssüflər olsun ki, qadınlarımız bunu bu formada qəbul etmək istəmirlər”.

Turan Nəbiyeva sözügedən kiçik əməliyyatın gətirib çıxara biləcəyi fəsadları da sadaladı:

“Abort zamanı qanaxma, infeksion fəsadlar, sepsis, menstrual gecikmələr, yumurtalıq kistaları, qadın reproduktiv orqanının çıxarılması ola bilər və ən təhlükəlisi abort ölümlə nəticələnə bilər”.

3 qız anası olan G.R(ad,soyad şərtidir) deyir ki, 3-cü övladının da qız olduğu bilinəndən sonra əri abort olunmasını istəyirdi:

“Biz özümüz 2 bacı, 2 qardaş olmuşuq, atam, anam heç bir zaman övladları arasında fərq qoymayıb, hamımıza eyni münasibət göstəriblər. Mən evlənəndə düşünürdüm ki, həyat yoldaşım da eyni münasibət sərgiləyəcək. Ancaq təəssüf ki, əksi oldu. İlk övladımız qız olanda ona və mənə münasibəti normal idi. Qızımızla maraqlanırdı, onun qayğısına qalırdı. Ancaq ikinci qızımız olanda bu münasibət heç gözləmədiyimiz şəkildə dəyişdi. O, tez-tez spirtli içki qəbul edir, evdə dava salırdı. Əvvəl-əvvəl bunun spirtli içkidən qaynaqlandığını düşünsəm də sonradan anladım ki, münasibətin belə dəyişməsi qız övladlar dünyaya gətirməyimə görədi. 2 il sonra 2010-cu ildə 3-cü qızıma hamilə olanda dedi ki, gedək onu abort eləyək. Mən bundan imtina etdikdə isə məni təhqir edir, bəzən isə əl qaldırırdı. Qaynanam və qaynatam da mənim tərəfimdə olsa, övladın fərqinin olmadığını desələr də yoldaşım heçnəyə məhəl qoymurdu. Deyirdi ki, mən qız istəmirəm, oğlan istəyirəm. Qardaşının və dostlarının oğlanları olduğunu nümunə göstərib mənə deyirdi ki, sən mənə oğlan övlad vermədin, amma ətrafımda hamının oğlu var. Vəziyyətin getdikcə pisləşdiyini görəndən sonra ayrılmaq qərarına gəldim. 2011-ci ildə 3-cü qızım dünyaya gələndə, ərim hətta ona öz soyadını verməkdən imtina edirdi, atasının təkidindən sonra razı oldu. Qızlarım böyüdükcə atalarının bu nifrətini sorğulamağa başladılar, mən isə onların bu suallarına cavab verə bilmirdim. Bu həm mənim,həm də qızlarım üçün böyük travma oldu. Böyük qızım yüksək balla universitetə qəbul olandan sonra, atası onu təbrik etmək istəsə də qızım qəbul etmədi”.

O, bildirib ki, bu məsələdə qadınların üzərinə böyük iş düşür:

“Qadınlar aborta, xüsusilə də qızların abortuna razı olmamalıdırlar. Mən buna qarşı çıxdım və istəyimə nail oldum. Çox istərdim ki, Azərbaycanda doğulacaq körpənin cinsiyyətini əvvəlcədən öyrənmək mümkün olmasın. Bəlkə belə olarsa selektiv abortların sayı azalar”.

Dünya təcrübəsi:

2022-ci ilin statistik göstəricilərinə, əsasən, qeyd olunan ildə həyata keçirilən abortların sayı yoluxucu xəstəliklərdən həyatını itirən insanların sayından təxminən dörd dəfə çox olub.

Abort dünyada ilk dəfə 1920-ci ildə SSRİ dövründə qanunla leqallaşdırılıb. Lakin sonradan bu prosesin sayında baş verən ciddi artım demoqrafik və gender problemlərinə yol açdığı üçün bir çox ölkələrdə qanunla məhdudlaşdırılıb.

Dünyada ən çox əhalisi olan Çində 2021-ci ildə ailələrin 3 uşaq sahibi olmasına icazə verilsə də, 2016-cı ildə tək uşaqlılıq siyasəti həyata keçirilməyə başlandı. Bu siyasət ölkədə ciddi demoqrafik azalmaya gətirib çıxardı. Prosesin qarşısına almaq üçün ölkədə selektiv abort qanunla qadağan edildi.

Hindistan da selektiv abortun qanunla qadağan edildiyi ölkələr siyahısındadır.

ABŞ-nin bir çox ştatında 15-ci həftədən sonra abortu qadağan edən qanunlar qüvvədədir. Həmin qanunun tətbiqi ölkədə abortların əvvəlki illərlə müqayisədə kəskin şəkildə azalmasına gətirib çıxardı.

ABŞ-da münasibətin sonrakı günü qəbul edilən və hamilə qalmağa əngəl törədən ertəsi gün həblərinin satışına da məhdudiyyətlər qoyulub.

Abortun ciddi şəkildə qadağan olunduğu ölkələrdən biri də Polşadır. Polşada qadınlara abort üçün yalnız təcavüzə uğradığı, insest münasibət və ananın sağlamlığına ciddi təhlükə olduğu zamanlarda leqal icazə verilir.

Latın Amerikası ölkələrində abortun qadağan olunmasıyla yanaşı, qanunvericilikdə həbs və pul cəzası da nəzərdə tutulub.

Dominikan Respublikasında 1884-cü ildən bəri abort qanunla qadağandır.

“Ürək döyüntülərini dinlə”

Slovakiyada 2019-cu ildə qadınlara abort olunmamışdan öncə ulturasəs müayinəsinə girmək və uşağın ürək döyüntülərini dinləmək məcburiyyəti müzakirəyə çıxarılsa da, təsdiqini tapmadı. Lakin Slovakiyanın təsdiqləmədiyi qanun Macarıstanda qəbul olundu və abort etdirmək istəyən hər qadın uşağın ürək döyüntülərini dinləməyə məcbur edildi.

Mübarizə üsulları və nəticə:

1. Maarifləndirmə:

Azərbaycanda maarifləndirmə işinə kompleks yanaşma daha effektiv nəticələr doğura bilər. Nəzərə alsaq ki, selektiv abortlara qərar verənlər arasında, yalnız qadının özü yox, onun həyat yoldaşı, ailəsi, qaynanası və ya digər ailə fərdləri də müdaxilələr edir, deməli, bu tədbirlərin kompleks şəkildə aparılması xüsusi önəm kəsb edir.

2. Cinayət məsuliyyətinə cəlb olunma:

Dünya təcrübəsindən gətirdiyimiz misallarda da aydın şəkildə müşahidə edirik ki, qanunla nəzərdə tutulan qadağalar və cinayət məsuliyyətləri abortların sayının azalmasında ciddi rol oynayır. Bu təcrübədən Azərbaycanda da yararlanmaq mümkündür.

3. Koreya təcrübəsi:

Cənubi Koreyada selektiv abortların qarşının alınması üçün ultasəs müayinəsində uşağın cinsiyyətinin öncədən həkim tərəfindən açıqlanması həmin həkimin 3 ilə qədər azadlıqdan məhrum edilməsi ilə nəticələnir. Pul cəriməsi və tibbi lizenziyasının ləğvi də bu təcrübəyə daxildir. Sözügedən təcrübənin Azərbaycanda tətbiqi müsbət nəticələrə gətirib çıxara bilər.

“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində Azərbaycanda da hamilələri uşağın cinsinin təyini üçün müayinə etmək qadağan olunur. Lakin bu qanun hələ qüvvəyə minməyib. Qərar qüvvəyə mindiyi təqdirdə müsbət nəticələrin olacağı istisna edilmir.

Hələ ana bətnində başlayan bu gender əsaslı zorakılığa son verilməzsə, acı nəticələr 20-30 il sonra özünü göstərməyə başlayacaq. 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 çox olacaq.

Paylaş:
466

Son xəbərlər

Nəsimi rayonunda saxlanılan 3 nəfərdən 8 kiloqram narkotik vasitə aşkarlanıb15 / 10 / 2024, 17:43DİM: PMS imtahanını verəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlər15 / 10 / 2024, 17:20Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ15 / 10 / 2024, 16:54Laçında tramvay xətti çəkiləcək15 / 10 / 2024, 16:25Agro Dairy ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTO15 / 10 / 2024, 16:01Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıb15 / 10 / 2024, 15:50Ağdaşda kanaldan meyit tapılıb15 / 10 / 2024, 15:31Bu ilin yanvar-avqust ayları ərzində evlənənlərin sayı azalıb15 / 10 / 2024, 15:16Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı açıqlanıb15 / 10 / 2024, 13:49Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil verib15 / 10 / 2024, 13:32Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıb15 / 10 / 2024, 13:21Azərbaycan əhalisinin sayı açıqlanıb15 / 10 / 2024, 13:02Sabahın hava proqnozu15 / 10 / 2024, 12:45DİN: Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb15 / 10 / 2024, 12:22Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələrini açıqladı15 / 10 / 2024, 12:06Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdür15 / 10 / 2024, 11:46Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir15 / 10 / 2024, 11:19FHN: Ötən sutka 11 nəfər xilas edilib15 / 10 / 2024, 10:52Azərbaycan nefti ucuzlaşıb15 / 10 / 2024, 10:35Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb15 / 10 / 2024, 10:10
Bütün xəbərlər