Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür
XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib.
Onun poeziya aləmi mövzu baxımından genişdir və əsərləri məna qüdrətini bu gün də qoruyub saxlayır. Şairin təbii və canlı dili ilə seçilən əsərlərində həyatın öz nəfəsi duyulur. Təsadüfi deyil ki, Hüseyn Arifin şeirləri çox zaman mahnı mətninə çevrilib. O, Vətən, ana torpaq, övlad məhəbbəti kimi bəşəri dəyərləri heç kimə bənzəməyən tərzdə ifa edib.
1news.az xəbər verir ki, bu gün Dövlət mükafatı laureatı, Xalq şairi, XX yüzil Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arifin vəfatından 32 il ötür.
Hüseyn Hüseynzadə 1924-cü il iyunun 15-də Qazaxın Yenigün kəndində (kənd hazırda Ağstafa rayonunun tərkibindədir) doğulub.
Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayan şairin librettosu əsasında hazırlanan “Azad” tamaşası 1957-ci ildə Opera və Balet Teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub. 1971-ci ildə “Dağ̆ kəndi” poemasına görə “Qızıl oraq” mükafatına layiq görülüb. Əsərləri keçmiş̧ SSRİ və bir sıra xarici ölkə xalqlarının dilinə çevrilib. Şeirlərinə musiqilər bəstələnib. 1976-cı ildə Sarayevo Beynəlxalq Poeziya Günlərinin, 1979-cu ildə Liviyada “SSRİ Günləri”nin iştirakçısı olub. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, “Azərnəşr”in Bədii Ədəbiyyat redaksiyasında böyük redaktor, “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri və Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində çalışıb.
Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsinə əsaslanan, epos təfəkkürünü, etnoqrafik yaddaşı geniş əks etdirən zəmində dəyərli əsərlər yazıb. O, təbiət mövzusunda yazdığı əsərləri ilə oxucunu ana təbiəti duymağa, qorumağa, doğma torpağın qədrini bilməyə çağırır. Həmişə xalqın içində olan şairin əsas qayəsi, Vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olub.
Hüseyn Arif o məşhur insanlardandır ki, adı ilə bağlı çoxlu lətifələr, baməzə əhvalatlar dolaşır, hətta belə lətifə və əhvalatların toplandığı kitab nəşr olunub, lakin bütün baməzə düzməcələr və olmuş əhvalatlar onun şair ciddiliyini nəinki zədələmir, əksinə, onu xalqa daha da yaxınlaşdırır, olduğu səmimiyyətlə ona xalq sevgisi qazandırır.
1992-ci il sentyabrın 14-də Bakıda vəfat edən Xalq şairi, doğulduğu kənddə nakam oğlunun yanında dəfn olunub.
Şairin vaxtı ilə Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Xırdalan şəhərindəki, Ağstafadakı küçələrdən biri, habelə Ağstafa şəhərindəki Uşaq Musiqi Məktəbi Hüseyn Arifin adını daşıyır. 2010-cu ildə “Mən Hüseyn Arifəm...” adlı film çəkilib. Adına çoxlu şeirlər, şeirlərinə nəzirələr yazılıb, yaradıcılığı ədəbi-elmi yazıların, tədqiqat əsərlərinin mövzusu olub.
Onun yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz önəmini qoruyub saxlayır, xalqımız, dilimiz yaşadıqca Hüseyn Arif poeziyası da yaşayacaq, seviləcək, öyrəniləcəkdir.