Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO

15:28 - 26 / 09 / 2024
Xəzər suitisi: Sayı, təhlükələr və mümkün xilas yolları – Tariyel Eybatov ilə MÜSAHİBƏ – FOTO

İnsanların müdaxiləsi və ekoloji dəyişikliklər fonunda Xəzər suitilərinin mühafizəsi məsələsi getdikcə daha da aktuallaşır.

Xəzər suitilərinin üzləşdiyi problemlərlə bağlı suallarımıza cavab verə biləcək səriştəli mütəxəssis axtarışında çətinliklə üzləşdik. Uzun araşdırmalardan və çoxsaylı müraciətlərdən sonra Azərbaycanda bu sahədə lazımi bilik və təcrübəyə malik yalnız bir mütəxəssisin olduğunu müəyyən etdik. Söhbət Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatovdan gedir. Onun fəaliyyəti Azərbaycanda onurğalılar yarımtipinin sözügedən nümayəndəsinin tədqiqinə həsr olunub.

1news.az-a müsahibəsində T.Eybətov Xəzər suitilərinin mühafizəsi ilə bağlı müşahidə və təkliflərini bölüşüb, həmçinin hazırda görülən mühafizə tədbirləri və gələcək perspektivlər barədə danışıb.

– Hazırda ölkədə suitilər üzrə yeganə ekspert sizsiniz. Bu barədə danışa bilərsiniz? Bu heyvanlara marağınız nədən başladı?

– Bu işə müdirim, Elmlər Akademiyasının müxbir üzvü, professor Dəmir Hacıyevlə başladıq. O, dünya səviyyəli görkəmli paleontoloq idi və yeri gəlmişkən, məşhur Azıxantropun alt çənəsini də o aşkar etmişdi.

Biz məməlilərin kompleks osteologiyasının və heyvanların fərdi yaşının müəyyən edilməsi üsulunun hazırlanması üzərində çalışırdıq və bizə model obyektlər (qruplar) lazım idi. Bu baxımdan ən uğurlu və əlverişli qrup Xəzər suitiləri oldu. Məsələ burasındadır ki, hər il iki minədək suiti cəsədinin sahilə çıxdığı Abşeron yarımadasının şimal sahillərində suiti qalıqlarına tez-tez rast gəlinir. Bu, heyvanları öldürmədən materiallar toplamağa və bütün yaş qruplarını tədqiq etməyə imkan verir. Buna görə də suitilər heyvanların mənşəyini, inkişafını, morfologiyasını və biologiyasını öyrənmək baxımından bizim üçün ideal model qrupa çevrildi.

Xəzər suitilərinin skeletlərinin ən böyük kolleksiyalarından biri Azərbaycandadır. Hazırda Tibb İnstitutunun kafedrasında müxtəlif yaşlı 600-ə yaxın skelet saxlanılır.

– Hazırda Xəzər dənizində suitilərin sayı nə qədərdir və son illərdə bu say necə dəyişib?

– XX əsrin əvvəllərində suitilərin sayı bir milyona çatmışdı. Hər il 250 minə qədər suiti öldürülürdü. 1980-ci illərdə bu göstərici 400-450 minə düşmüşdü.

2000-ci ildə Xəzər dənizinin Azərbaycan sahillərinə 6 minə yaxın suiti cəsədi çıxmışdı. Biz bütün sahilboyu zonanı gəzdik və bu sayı qeydə aldıq. Qazaxıstanda 10 mindən çox suiti ölüsü aşkar edilmişdi, ümumilikdə isə il ərzində Xəzər dənizinin sahillərində 30 minə yaxın ölmüş suiti tapılmışdı.

İngilis, yapon və niderlandlı mütəxəssislərinin köməyi ilə buna "Morbillivirus" və ya itlərin distemper virusu epidemiyasının səbəb olduğunu müəyyən etdik. Bu virus suitilərdə gücsüzlüyə, ağciyərlərin və qaraciyərin zədələnməsinə, həmçinin digər simptomlara səbəb olur. Bu, Xəzər dənizində sözügedən virusun qeydə alındığı ilk hal idi.

Bunda Xəzər dənizinin suyunun çirklənməsinin də rolu olmuşdu. Rusiyada Volqa, Azərbaycanda isə Kür çaylarının dənizə töküldüyü yerlərdə yüksək miqdarda heksaxloran və kənd təsərrüfatında istifadə olunan digər pestisidlər aşkar edilmişdi. Suda toplanan bu maddələr dənizin flora və faunasına ziyan vurur ki, bu da suitilərin immunitetini zəiflədir və onları xəstəliklərə qarşı həssas edir.

Bundan əlavə, bu pestisidlər suitilərin piy yığınlarında toplanır. Onlar dənizin cənub hissəsində qidalanaraq təxminən 15 santimetr piy qatı toplaya bilir. Lakin bu piy yığını ilə suitilər müxtəlif zəhərli maddələr də toplayır. Daha sonra dişilər çoxalmaq üçün şimala üzdükdə, 3 ay ərzində qidalanmır və piy ehtiyatından istifadə edir. Bu vaxt onların orqanizmində zəhərli maddələrin konsentrasiyası kəskin şəkildə artır. Bu, qısırlığa gətirib çıxarır: bir çox dişilər hamilə qala bilmir və ya döl inkişaf etmir, bu da populyasiyanın sayının azalmasına səbəb olur.

Hazırda suitilərin sayı dəyişkəndir. Monitorinq üsulları heç də hər zaman dəqiq olmadığından və rəsmi məlumatlar dərc edilmədiyindən bu barədə dəqiq informasiya yoxdur. Müxtəlif hesablamalar var: onların minimum sayı təxminən 75 min, maksimum sayı isə 270 minə qədərdir. Bu hesablamalar çox şərtidir, buna görə də orta göstəricini - 150-170 mini əsas götürmək lazımdır.

Biz il boyu monitorinqlər aparırıq və əldə etdiyimiz məlumatlara görə, Xəzərin mərkəzi hissələrində suitilərin sayı kifayət qədər çoxdur və onlar yaxşı vəziyyətdədirlər. Ancaq sahil zonasında, istər Rusiyada, istər Qazaxıstanda, istərsə də Azərbaycanda suitilərə demək olar ki, rast gəlinmir.

Populyasiya hələlik nisbətən sabit səviyyədə qalmaqdadır, lakin onun gələcəyi Xəzər dənizində suyun səviyyəsinin düşməsi və onların əsas qidası olan balıq ehtiyatlarının azalması, eləcə də Xəzər suitilərinin çoxaldığı dənizin şimal hissəsində buz örtüyünün səviyyəsi kimi amillərdən asılıdır.

- Bəs brakonyerlik Xəzərdə suitilərin sayına necə təsir edib?

- Ötən əsrin 90-cı illərində tənzimlənməyən balıq ovu artmışdı. Xəzər dənizi boyunca dənizə uzunluğu 20 kilometrə çatan nəhəng torlar atılmışdı. Miqrasiya zamanı qida axtaran yazıq suitilər bu torlara ilişir və boğularaq ölürdülər. İndi torların sayı xeyli azalsa da, suitilərin əksəriyyəti hələ də balıqçı torlarında ölür, brakonyerlik isə davam edir.

- Ovlanmış suitilərdən hansı məqsədlə istifadə olunur?

- Məsələn, Dağıstanda və Qazaxıstanda suiti ovuna icazəsi olan kolxozlar ovlanmış heyvanların dərisindən, ətindən, yağından, sümüklərindən və digər hissələrindən istifadə etməklə onları tam emal edirdi. Lakin ötən əsrin 90-cı illərində suiti ovu tamamilə qadağan edildi. Bundan sonra xüsusən də Dağıstanda işsizliklə bağlı problemlər yarandı. Nəticədə orada artellər yarandıldı. Bunlar yaxşı təchiz edilmiş motorlu qayıqları olan özəl təsərrüfatlar idi. Onlar dənizə çıxır, brakonyerliklə məşğul olur və daha çox balaca suitiləri, suiti balalarını ovlayırdılar.

Əvvəllər biz tez-tez bala suitilərin cəsədlərini tapırdıq, lakin indi onlar demək olar ki, görünmür, çünki əksəriyyəti brakonyerlərin torlarına düşür. Sahili araşdıran və məlumatlar dərc edən vəkillər Yermolin və Volknisin məlumatına görə, ildə 10-15 min suiti balası öldürülür. Onlar cəmdəklərin harada və necə emal edildiyini, dəridən məhsulların harada tikildiyini və satıldığını öyrəniblər.

İndi brakonyerlik azalsa da, hələ də mövcuddur. Məsələn, Çilov adasında Xəzər suitilərinin dərisindən tikilmiş papaqları olan şəxslərə rast gəlmək olardı. Suiti yağı, xüsusilə Dağıstan və Türkmənistanda fəal şəkildə hasil edilir və litri təxminən 20 dollara satılır. Suiti yağı yerli əhali arasında müalicəvi hesab olunur, lakin əslində, bu, mifdən başqa bir şey deyil. İndi suiti yağını açıq satışda tapmaq mümkün deyil, onun satışı yalnız qeyri-qanuni olaraq həyata keçirilir. Əvvəllər bazarlarda sərbəst satılan bu yağı indi yalnız gizli yolla əldə etmək olar.

- Suitilərin Xəzər dənizinin ekosistemində rolu nədən ibarətdir? Onların populyasiyasının azalması hansı problemlərə səbəb ola bilər?

- Xəzər suitisi ekoloji piramidanın zirvəsində yer alan endemik, Xəzər dənizindəki yeganə məməli heyvandır. O, 20-dək balıq növü, xərçəngkimilər və digər dəniz canlıları ilə qidalanaraq həmin növlərin də sayını tənzimləyir. Xəzər suitilərinin sayı azalarsa, bu, ekosistemdə tarazlığı pozacaq, xüsusən də ovluq balıq növü olan kilkələrin həddindən artıq çoxalmasına səbəb olacaq. Kilkə nəzarətsiz şəkildə çoxala bilir, bu isə ekosistemdə tarazlığın pozulmasına gətirib çıxara bilər.

- Qlobal istiləşmə suitilərin sayına təsir edirmi?

- Deməzdim. Qlobal istiləşmədən asılı olmayaraq, Xəzər dənizinin səviyyəsi daim dəyişir. Dənizin səviyyəsi gah qalxır, gah da enir ki, bu da öz növbəsində suitilərin sayına təsir göstərir. Hazırda suyun səviyyəsi aşağı düşür, bu isə dənizin sahəsinin və bir zamanlar daha bol olan qida ehtiyatlarının azalmasına səbəb olur. Bu da öz növbəsində qidalanma problemlərinə gətirib çıxarır. Digər tərəfdən, yeni adalar - suitilər üçün yeni yataqlar meydana gəlir. Burada onlar dincələ və çoxala bilər ki, bu da ölüm sayını azalda bilər. İqlimin istiləşməsinin əsas mənfi nəticəsi suitilərin çoxaldığı və cütləşdiyi Xəzər dənizinin şimalında qışda buz örtüyünün, həmçinin Xəzərin sahəsinin azalması ilə bağlıdır.

- Həmçinin, təəssüf ki, insanların sahilə çıxan suitiləri təhlükəli hesab edərək öldürməsi hallarına da rast gəlinib. Bizdə əhali arasında bu istiqamətdə maarifləndirmə işləri aparılırmı?

- Məsələ burasındadır ki, dişilərin doğulduqdan 2-3 həftə sonra tərk etdikləri balalarda üzmək və sağ qalmaq üçün kifayət qədər dərialtı piy qatı olmur. Əvvəllər onlar bərkimək üçün sahil zonasında qidalanırdılarsa, indi urbanizasiya səbəbindən bu zonaları şəhərlər və çimərliklər tutub. Dinc heyvan olmalarına baxmayaraq, yerli sakinlər suitilərdən qorxurlar. İnsanlar əksər hallarda suitilərin hücumlarından qorxaraq onları öldürürlər. Bu, suiti balaları arasında ölüm hallarını kəskin şəkildə artırıb.

Sovet dövründə suitilərə tez-tez sahillərdə rast gəlmək olardı, onlar sakitcə dincəlir və insanların yanında üzürdülər. İndi isə qeyd etdiyim səbəbdən onların sayı xeyli azalıb.

Maarifləndirməyə gəlincə, Azərbaycanda demək olar ki, bu sahədə iş aparılmır. Son 2-3 ildə Rusiya və Qazaxıstanda gənclər üçün maarifləndirmə düşərgələri təşkil olunmağa başlayıb. Təəssüf ki, bu məsələyə, o cümlədən suitilərin tədqiqi işinə dövlət tərəfindən heç vaxt dəstək göstərilməyib və hər şey bizim şəxsi təşəbbüslərimizdən asılı olub.

- Xəzər suitilərinin mühafizəsi üçün artıq hansı tədbirlər görülüb və sizcə, hansı tədbirlərin həyata keçirilməsinə ehtiyac var?

- Hazırda Xəzər suitisi "Qırmızı Kitab"a daxil edilib ki, bu da çox vacibdir. İndi balıqçılar tora düşən suitiləri öldürməməyə, onları azad etməyə çalışırlar. Əvvəllər suitiləri rahatca ovlayır, onların piyindən, ciyərindən və hətta ətindən istifadə edirdilər. Keçmişdə Xəzərin bütün sahili boyunca suiti əti yeyilirdi. İndi buna yalnız bəzi regionlarda rast gəlmək olar. Suiti əti xüsusilə də Rusiyada delikates hesab olunur və bəzən hətta çiy yeyilir. Onun özünəməxsus dadı var, azacıq ammonyak tamı olduğundan heç də hamının xoşuna gəlmir.

Abşeron yarımadasında suitilərin və qağayıların qorunduğu yasaqlığın əsasında 2005-ci ildə Şah Dili Milli Parkı yaradıldı. Ancaq bu parkın yaradılması çox böyük səhv idi, çünki indi orada nə qağayı, nə də suiti görə bilməzsiniz. Bununla da, Xəzər suitisinin Azərbaycandakı sonuncu yatağı yoxa çıxdı. Çünki ən effektiv tədbirlərdən biri insanların suitilərin məskunlaşdığı ərazilərə daxil olmasına qadağa qoyulmasıdır. İndi bu yerlərə çoxlu qonaqlar, maşınlar, turistlər gəlir. Bu ərazilərə ciddi nəzarət etmək və insanların bu ərazilərə girişini qadağan etmək çox vacibdir. Bundan başqa, suitilərin tük tökdüyü və güclərini bərpa etdiyi adaların yaxınlığında gəmilərin hərəkətini məhdudlaşdırmaq lazımdır.

- Bu məsələdə Azərbaycana örnək ola biləcək ölkə varmı?

- Örnək İran ola bilər. Bu ölkə suitilərin mühafizəsi sahəsində mühüm işlər görüb. İranda bu sahədə fəaliyyət göstərən bir neçə təşkilat, o cümlədən suitilərin reabilitasiyası mərkəzləri yaradılıb. Onlar balıqçılarla tədbirlər keçirir, əhalinin maarifləndirilməsi ilə bağlı fəal iş aparır, sahilboyu əraziləri gəzərək suitilərin insanlar üçün təhlükə yaratmadığını izah edir, onlara bu heyvanlarla rastlaşdıqda görməli olduqları tədbirləri öyrədirlər. Bundan əlavə, İran nərə balıqlarının qorunmasına daha ciddi yanaşır. Yeri gəlmişkən, məhz bu ölkədə kürünün ixracına icazə verilib, çünki onlar nərə balıqlarının çoxaldılması və saxlanılması ilə yüksək səviyyədə məşğul olurlar.

- Xəzər suitilərinin gələcəyini necə görürsünüz?

- Hazırda müsbət dəyişikliklər müşahidə olunur. Qazaxıstanda və Rusiyada suitilərin mühafizəsi üzrə yeni mərkəzlər yaradılır. Qoruqların mühafizəsinə sərmayə qoyuluşuna, eləcə də qışda gəmiçiliyin tənzimlənməsinə böyük diqqət yetirilir ki, bu da yataqların mühafizəsi baxımından zəruridir. Əvvəllər gəmiçilik bu yerlərin məhv olmasına səbəb olurdu ki, nəticədə suitilər ölürdü.

Hazırda vəziyyətə helikopterlər və təyyarələr vasitəsilə nəzarət edilir. Noyabr ayında Mahaçqalada suitilərin mühafizəsi üzrə beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Bu tədbirdə populyasiyanın qorunması və dəstəklənməsi tədbirləri müzakirə olunacaq. Bu problemləri həll etmək üçün mütəmadi olaraq vebinarlar və tədbirlər təşkil edilir. Çəkilən fotoşəkillər açıq dənizdə olan suitilərin yaxşı vəziyyətdə olduğunu təsdiqləyir. Bununla belə, suitilərin sayını artırmaq üçün balalar arasında yüksək ölüm səviyyəsi, brakonyerlik və torla balıq ovu ilə bağlı problemlər həll edilməlidir.

Leyla Məmmədova

Foto: Nadir İbrahimli

Paylaş:
487

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldı07 / 10 / 2024, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edib07 / 10 / 2024, 10:17Bakıda hərbi sursatlar aşkarlanıb07 / 10 / 2024, 10:11
Bütün xəbərlər