“Bakı COP fərqli və effektiv platforma olacaq”
Dünyanın ən nüfuzlu iqlim tədbiri – COP29-a 1 ay vaxt qalıb.
Bu vacib platformaya hazırlıq işləri yüksək səviyyədə davam edir və indi hazırlığın son mərhələsindəyik. Ekspertlər COP29-a həm Paris sazişi, həm də çoxtərəflilik üçün həlledici sınaq kimi baxır. Azərbaycan ev sahibi kimi COP29-un inklüziv, şəffaf və qərəzsiz keçirilməsini qarşıya hədəf qoyub. Məlum olduğu kimi, ötən ilin sonu 200-ə yaxın ölkə bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərar verdi və bu, bütün dünya ictimaiyyətinin Azərbaycana etimadı və hörməti kimi dəyərləndirildi. Bir ildən az müddəti əhatə edən hazırlıq prosesi dövründə də xeyli işlər görülüb.
Qadınların, parlament üzvlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunduğu inklüziv COP29 Təşkilat Komitəsi formalaşıb. İl ərzində COP29 sədrliyi narahatlıqları və prioritetləri dinləyib. Bakıda 2 gün davam edən Pre-COP29 – COP-a hazırlıq iclasında da uğurlu nəticələrin əldə olunmasına yönəlmiş səmərəli müzakirələr aparılır. COP29 Sədrliyi bu latforma üzərindən ambisiyaları artırmaq planını bəyan etdi. Təbii ki, bu plan Paris Sazişinin bütün şərtləri üzrə vacib irəliləyişləri təmin edəcək.
Beynəlxalq ekspertlər Bakı COP-u fərqli platforma kimi görür və burada müəyyənləşdirilən prioritetləri iqlim dəyişiklikləri ilə mübarizədə olduqca əhəmiyyətli hesab edirlər. Xüsusilə Azərbaycanın inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etməsi dünyada da rəğbətlə qarşılanır. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründən etibarən kiçik ada dövlətləri Azərbaycana böyük ümidlərlə baxır. Prezident İlham Əliyevin Pre-COP29 iştirakçılarına ünvanladığı müraciətdə də deyildiyi kimi, biz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişmələrinin səbəb olduğu çağırışların həllini prioritet olaraq müəyyənləşdirmişik. Azərbaycan bu dövlətlərə kömək etməyi özünə mənəvi borc hesab edir və onlara həm maddi, həm siyasi, o cümlədən Millətlər Birliyi təşkilatı çərçivəsində dəstəyini göstərir.
Qarşıda duran əsas vəzifə inkişaf etməkdə olan, az inkişaf etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına cavab verən ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) razılaşdırılmasından ibarətdir. Yeni maliyyə məqsədi əhəmiyyətli artım tələb edir.
COP29-un sədri kimi Azərbaycan danışıqlara dəstək vermək üçün dialoq platformasını yüksək səviyyədə təmin etməyi qarşıya hədəf qoyub.
Azərbaycan ilqim dəyişikliyinə dair çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımları beynəlxalq ictimaiyyət tərəfdindən də təqdir olunur. Milli səviyyədə “təmiz ətraf mühit və yaşıl inkişaf” sosial-iqtisadi prioritetin uğurla icrası nümunə kimi dəyərləndirilir.
Azərbaycan sülh, maliyyə, insan kapitalı, su kimi vacib məsələlər üzrə 14 təşəbbüsdən ibarət Fəaliyyət Gündəliyi də olduqca zəngindir. Ölkəmiz iqlim dəyişmələri ilə mübarizədə ləngiməni yolverilməz hesab edir və bütün tərəfləri ekoloji sahədə konstruktiv qarşılıqlı fəaliyyətə çağırır.
Yeri gəlmişkən, “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan COP29 Sədrliyi eyni zamanda dünyaya atəşkəs çağırışı ilə müraciət etdi.
127 ölkənin bu çağırışa qoşulması mövcud geosiyasi gərginlik fonunda COP29-un bu fundamental mesajı təşəbbüsün aktuallığını təsdiqləyir.