Sevinc Fətəliyeva: Avropa Parlamenti erməni lobbisinin təsiri altında Azərbaycana qarşı qərəzli mövqeyini “gücləndirir”
“Erməni lobbisinin yuvasına çevrilmiş Avropa Parlamenti COP29 ərəfində ölkəmizə qarşı qərəz və düşmənçilik mövqeyini daha da “gücləndirir”.
Bu təşkilat dövlətimizin ərazilərini işğaldan azad etməsini, Qarabağ ərazisində öz suverenliyini təmin etməsini, erməni separatizminin kökünü kəsməsini həzm edə bilmir. Bu səbəbdəndir ki, Avropa Parlamentində Vətən müharibəsindən sonra Azərbaycanla bağlı əsassız müzakirələr və qəbul olunan “sənədlərin” sayı xeyli artıb”.
Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, oktyabrın 22-də Avropa Parlamentində növbəti dəfə “Azərbaycanda siyasi vəziyyət və insan haqları məsələləri”, eləcə də Azərbaycan və Ermənistan münasibətlərinə dair müzakirələrin aparılması təşkilatın ölkəmizə qərəzinin daha bir göstəricisidir. Nəzərə alaq ki, Ermənistanın 30 illik işğalı dövründə Avropa Parlamenti bu ölkənin işğalçı siyasətini pisləyən qətnamələr qəbul etməyib, əksinə “insan hüquqları” bəhanəsi ilə Azərbaycana qarşı sənədlər qəbul edib. Ötən ilin oktyabr ayında isə bu qurumda işğalçı Ermənistanın baş nazirinin yüksək səviyyədə qarşılanması isə əsl gerçəklikləri ortaya qoymuş oldu. Hansı ki, Paşinyan məhz 44 günlük müharibə zamanı ermənilər tərəfindən Gəncədə törədilmiş terror hadisəsinin ildönümü zamanı – 17 oktyabr tarixində çıxış etmişdi. Yəqin ki, bu təsadüf deyil, Avropa Parlamenti ilə Ermənistanın düşünülmüş addımı idi. Bu faktlar göstəri ki, Avropa Parlamenti bu müharibə cinayətlərini törətmiş Ermənistanla həmrəydir.
Millət vəkilinin sözlərinə görə, bu gün Avropadakı islamofobiya, dini dözümsüzluk, müəyyən dairələrin maraqlarının və ambisiyaların həyata keçirilməsi hər kəsə bəllidir. Avropa Parlamentinin üzvləri siyasi korrupsiyaya qurşanıb ermənilərə lobbiçilik edərək ikili standartlardan çıxış edirlər. Belə olan halda, onlar kimdənsə nəyisə tələb edə bilməz. Müharibə cinayətləri törətmiş Ermənistanı müdaifə etmək, bu ölkənin başçısına yüksək “qonaqpərvərlik” göstərmək və onunla həmrəylik ifadə etmək, əslində, bu ölkənin cinayətlərinə dəstək vermək deməkdir. Bununla da, Avropa Parlamenti bir daha gerçək simasını nümayiş etdirmiş oldu.
Oktyabrın 22-də aparılan müazakirələr zamanı da Avropa Parlamentinin deputatları Azərbaycanda guya fundamental insan hüquqlarının pozulduğunu və qanunun aliliyinin təmin olunmadığını iddia ediblər. Görünən odur ki, Avropa Parlamentinin üzvləri COP29-un Bakıda keçirilməsinə qısqanclıqla yanaşır. Əgər belə olmasaydı, onlar “insan hüquqlarının pozulması şəraitində ekoloji problemlərin qorunmasının baş verə bilməyəcəyini” iddia etməzdilər. Hətta avroparlamentarilər daha “irəli gedərək” Avropa İttifaqını Azərbaycanla qaz sazişinə xitam verməyə çağırıb, bəziləri Bakıda keçiriləcək COP29 konfransını boykot etməkdən danışıb və Qarabağ ermənilərinin öz evlərinə qaytarılmasını “tələb” ediblər. Təəssüf doğuran hal odur ki, bu müzakirələr Avropa İtifaqı ilə birgə təşkil olunub. Hansı ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün vasitəçilik təşəbbüsləri ilə çıxış edirdi. Hazırkı proseslər isə təsdiqləyir ki, Avropa İttifaqı neytral vasitəçi deyil. Avropa Parlamentində çıxış edən Aİ-nin məşğulluq və sosial hüquqlar üzrə komissarı Nikolas Şmitin çıxışı da avroparlamentarilərin mövqeyi ilə üst-üstə düşüb.
“Bütün bunların fonunda Avropa Parlamentinin Azərbaycanla enerji layihələrini dayandırmağı tələb etməsi və digər iddiaları cəfəngiyyatdan başqa bir şey deyil. Azərbaycan beynəlxalq hüquq qarşısında öz öhdəliklərini layiqincə yerinə yetirir. Lakin bu, heç kimə Azərbaycanın daxili işlərinə qarışmaq hüququnu vermir. Azərbaycanın Prezidenti dövlətin və xalqın maraqlarının qorunması istiqamətində uğurlu siyasət həyata keçirir. Biz bütün dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığı manipulyasiya əsasında deyil, yalnız bərabər hüquq əsasında qura bilərik. Heç bir təşkilat ölkəmizlə diktə dilində danışa bilməz. Avropa Parlamentindəki müzakirələr də heç bir əhəmiyyət daşımır. Görünən budur ki, Avropa Parlamenti artıq Fransanın anti-Azərbaycan siyasətini aşkar şəkildə mənimsəyib. Avropa Parlamenti anlamalıdır ki, onun apardığı qərəzli müzakirələr və qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır. Çünki müəyyən maliyyə dəstəyi və korrupsiyaya qurşanmaları bu təşkilatın üzvlərini ermənilərə lobbiçilik etməyə sövq edir. Bütün bunlar isə biizm üçün qəbulolunazdır”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.