Azərbaycan Prezidenti Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Qafar Ağayev09:30 - 05 / 11 / 2024
Azərbaycan Prezidenti Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.

1news.az xəbər verir ki, dövlət başçısının müraciətini Baş nazir Əli Əsədov oxuyub.

Mətndə deyilir:

"Hörmətli Sammit iştirakçıları!

Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Bu gün dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, quraqlıq və səhralaşma, biomüxtəlifliyin itirilməsi, su qıtlığı, ərzaq çatışmazlığı və bu kimi digər qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır.

İqlim böhranı və ekoloji təhlükəsizlik məsələləri dünya dövlətlərinin birgə əməkdaşlığını, beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərinin birləşdirilməsini zəruri edir.

COP tədbirlərində inklüzivlik prinsiplərinə uyğun olaraq nüfuzlu dini liderlərin bir araya gəlməsini, planetimizin taleyi naminə onların narahatlığını və ümumi işə töhfə vermək əzmini yüksək qiymətləndirirəm.

Müxtəlif etiqad və inancların zəngin mənəvi potensialı iqlim dəyişmələrinin yaratdığı ekzistensial problemlərin həllinə təkan vermək imkanına malikdir.

Dünya din xadimləri bu çağırışlarla mübarizədə böyük rol oynaya bilərlər.

COP29-un Azərbaycanda keçirilməsinə yekdilliklə qərar verilməsi ölkəmizin beynəlxalq nüfuzuna yüksək etimadın göstəricisidir və bu, heç də təsadüfi deyildir.

Azərbaycan ekoloji problemlərlə bağlı bir çox konvensiya və sazişlərə qoşulmuş, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmış, bu sahədə çoxşaxəli fəaliyyət proqramları qəbul etmişdir.

Ölkəmizdə ətraf mühitin qorunmasını nəzərdə tutan zəruri qanunvericilik sistemi formalaşdırılaraq səmərəli institusional mexanizmlər və investisiya mühiti yaradılmışdır.

Hazırda “yaşıl enerji” layihələrinin həyata keçirilməsi, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə, ətraf mühitə mənfi təsirlərin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində mühüm addımlar atılmaqdadır.

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur.

İqlim dəyişmələri və ekoloji problemlər ilə hamılıqla mübarizə aparmaq üçün dünyada beynəlxalq təhlükəsizliyin, sülh və əmin-amanlığın təmin edilməsi vacib amillərdən biridir.

Ölkəmiz yaxın tarixi keçmişində əsassız ərazi iddialarına məruz qalaraq ədalətsiz müharibəyə cəlb edilmiş, bu qanlı savaşın ağır fəsadlarını yaşamalı olmuşdur.

Siz Azərbaycanın əzəli torpağı olan Qarabağa səfəriniz zamanı Ermənistan tərəfindən 30 illik işğal dövründə törədilmiş ekosid, kultursid və urbisid kimi cinayətkar əməllərin acı nəticələrini əyani şəkildə görmək imkanı qazanacaq, ölkəmizin bölgədə ekoloji tarazlığı bərpa etmək istiqamətində yaşıl iqtisadiyyata, bərpaolunan enerjiyə əsaslanan genişmiqyaslı yenidənqurma işləri ilə bilavasitə tanış ola biləcəksiniz.

Bəşəri problemlərin müzakirə olunduğu Dini Liderlərin Qlobal Sammiti kimi nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənə halını almışdır.

İnanıram ki, bu Sammit səmərəli fəaliyyəti ilə ölkəmizin sivilizasiyalararası dialoq məkanı statusunu daha da möhkəmləndirəcək, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nə sanballı töhfə verəcək, yaşıl dünya naminə həmrəyliyimiz, müdrik təklif və tövsiyələriniz ümumi hədəflərə çatmağımıza dəstək olacaqdır.

Hörmətli dini liderlər!

Əminəm ki, taleyüklü problemlərə həsr olunmuş Sammit konstruktiv fikir mübadilələri şəraitində keçəcək, COP çərçivəsində dinlərarası əməkdaşlıq platformasının təsisatlandırılması imkanı müzakirə ediləcəkdir. Bunun üçün tolerantlıq və multikulturalizm diyarı Azərbaycan ən uyğun məkandır.

Bir daha sizə ən xoş arzularımı yetirir, bəşəriyyətin gələcəyi naminə xeyirxah fəaliyyətinizdə hər birinizə uğurlar diləyirəm".

Paylaş:
196

Son xəbərlər

Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilibBu gün, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan varBu gün, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişibBu gün, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət veribBu gün, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTOBu gün, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTOBu gün, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilirBu gün, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidirBu gün, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardırBu gün, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİBBu gün, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydıBu gün, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEOBu gün, 13:45Sabah hava necə olacaq? - ProqnozBu gün, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilibBu gün, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıbBu gün, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”Bu gün, 11:41Binədə qanunsuz tikililər sökülübBu gün, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıbBu gün, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırBu gün, 11:08Düşən yağıntının miqdarı 3 milli metrədək olub - Faktiki havaBu gün, 10:58
Bütün xəbərlər