ABŞ səfiri Azərbaycanı təbrik edib
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycanı təbrik edib.
1news.az xəbər verir ki, bu barədə M.Libbi səfirliyin "X" hesabında videomesaj paylaşıb.
Səfir yeni ildə hər kəsə sülh, firavanlıq və xoşbəxtlik arzulayıb:
"Birləşmiş Ştatlar Azərbaycanla əlaqələrin inkişafına dəyər verir, ortaq məqsədlər üçün birgə işlərin davam etdirilməsini böyük səbirsizliklə gözləyirik".
M.Libbi 2024-cü ildə Azərbaycan və Ermənistan arasında baş tutan danışıqlara da toxunub, sülh sazişinin imzalanacağına inamını ifadə edib:
“İnanıram ki, əlavə səy və siyasi cəsarətlə hər iki tərəf ləyaqətli və davamlı sülhü təmin edəcək sazişi imzalaya bilər. Belə bir saziş sülhü, sabitliyi, həm də bu regionda yaşayan xalqların rifahını təmin edəcək, bölgəni əsaslı şəkildə yaxşıya doğru dəyişəcək”.
Diplomat həmçinin dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması və çox sayda insanın həlak olması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.